Bakı mağazalarında dünyanın ən bahalı kreditləri
"Bakıda telefon satışı ilə məşğul olan şirkətlərin bəziləri soyğunçuluqla məşğuldur. Kreditlə satılan telefona 35%-ə qədər əlavə pul hesablanır. 1100 manata olan telefon üçün 12 aya 1446 manat tələb edirlər".
Bu barədə BAKU.WS-ə paytaxt sakini Səbinə Məmmədova məlumat verib. Xanım bildirir ki, reklam çarxlarında faizsiz və ilkin ödənişsiz deyildiyi halda mağazada bunun belə olmadığı məlum olur.
Səbinə xanımın sözlərinə görə, kredit şərtləri ilə bağlı tam məlumat verilmir, bəzən isə bunu müştərini çaşdırmaq üçün bilərəkdən edirlər: ""İrşad Electronics"də 1100 manatlıq telefonu 12 aylıq kreditlə mənə 1446 manata təklif edirlər. Bu əlavə tələb olunan 345 manatın 109,90 AZN-i komissiya xidməti olaraq alınır. 235,90 AZN isə 12 aya görə kredit faizi olaraq hesablanır. Telefonun qiymətinin təxminən 35% həcmində məndən əlavə pul alınır. Dünyanın heç bir ölkəsində bu dərəcədə faizlər yoxdur".
Avropa Birliyinə üzv ölkələrdə verilən kreditlərdə faiz dərəcələri 3-7 arasında dəyişir. Məsələn, Ispaniyada vətəndaş 3-4 faizlə kredit ala bilər. İtaliyada kreditlər 4-5 faizlə, Almaniyada isə 5,5 faizlə kredit almaq olar. AB-yə üzv olmayan ölkələrin vətəndaşları da Avropa banklarından kredit götürə bilər. Rusiyada Avropa ölkələri ilə müqayisədə faiz dərəcələri yüksək olsa da, Azərbaycanla müqayisədə aşağıdır.
Bununla yanaşı, kreditlə elektronik mallar satan iri mağazalar bəzən reklam çarxlarında çaşdırıcı mətnlərdən, anlaşılmaz ifadələrdən istifadə edərək müştərini çaşdırır. Yəni, reklama baxan istənilən şəxs almaq istədiyi telefonun faizsiz satıldığını zənn edir. Ancaq mağazaya getdikdə, bu şərtlərin tələbatın az olduğu mallara və ya 6 aylıq kreditə şamil olunduğu deyilir. Son nəticədə müştəri dolayısı yolla allanır. Mağaza reklam hesabına istədiyinə çatır və müştərini cəlb edir, amma vətəndaşlar bu vəziyyətdən razı deyil.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsi ilə ("İstehlakçıları aldatma") nəinki malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir və həmin inzibati xətanı törədən qanunla müəyyən edilmiş miqdarda cərimə sanksiyası tətbiq edilir. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulmasına, yəni istehlakçıya satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatların verilməməsinə görə təqsirli vəzifəli şəxslərin də pul cərimə edilməsi nəzərdə tutulur.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və külli miqdarda (500 manatdan yuxarı) ziyan vurmaqla törədildikdə böyük məbləğdə cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilir.
BAKU.WS
Oxşar xəbərlər
İpoteka ilə ev alanlar üçün – NATAMAM SIĞORTA TƏHLÜKƏSİ
Azərbaycanda ipoteka krediti ilə ev alanlar sığorta ilə bağlı problemlə üzləşə bilər. Söhbət ipoteka krediti ilə alınan əmlakın natamam sığortalanmasından gedir...