"Azərbaycanda qeyri-rusların rus dilində təhsili pullu olmalıdır" (TƏKLİF)
16
okt
2018
14:28
"Əgər bir millətin uşağı körpə yaşlarından hansısa yabançı dildə (rus dili də onlardan biridir) təhsil alarsa, artıq onun sabahından əlimizi üzə bilərik. Bu uşaq böyüyəndə bizim millətdən olmayacaq!"BAKU.WS xəbər verir ki, bu fikirlər Əməkdar jurnalist Azər Həsrətə məxsusdur.O, millət vəkili Gövhər Baxşəliyevin müzakirələrələ səbəb olmuş uşaqların rus məktəblərində oxudulmasının zərəri haqqında söylədiklərinə münasibət bildirib:"Nə yazıq ki, hələ də bu sual ətrafında müzakirə açmağa məcburuq. Aradan 27 il keçib. Azərbaycan artıq Sovetlərin bir parçası, Rusiyanın işğalı altındakı dövlət-ölkə deyil. Biz müstəqilik. Öz ana dilimiz – Türkcə (Azərbaycan) var! Özü də Anayasamızda rəsmən dövlət dili kimi təsbit edilmişdir.Biz 27 il öncə geri dönüşü olmayan bir müstəqillik yoluna rəsmən girdik və uğurla, inamla irəli gedirik. Amma hələ də rus dili olsunmu, olmasınmı deyə müzakirələr açırıq…Millət vəkilimiz Gövhər Baxşəliyevin çıxışını şəxsən izlədim, diqqət kəsildim və gördüm ki, bir kəlmə olsun nə ruslara, nə də rus dilinə qarşı fikir səsləndirmədi. Onun məntiqə söykənən fikri bu idi ki, azərbaycanlı balalarını uşaqlıqdan rus dilinə alışdırmaq doğru deyil.Düzmü deyir Gövhər xanım? Şəxsən mənə görə, bəli! Özü də tam əsaslı, yerində deyilmiş bir fikirdir.Biz uşaqlarımıza ana dilimizi sevdirməliyik. Biz uşaqlarımızı ana dilimizdə olan məktəblərdə oxutmalıyıq. Ümumiyyətlə, ana dilimizi mükəmməl mənimsəmədən heç kimə əcnəbi-yabançı dil öyrətmək olmaz!Kimsə nağıl danışıb iddia etməsin ki, rusdilli “milli” insanlarımız yetərincədir. Yoxdur elələri! Şəxsən tanıdıqlarım, hörmət etdiklərim var, bilirəm rusca oxuyublar, rus təsirində böyüyüblər, amma milli olmaq üçün durmadan çalışırlar. Lakin onların tam milli ola bilməsi mümkünsüzdür!İstisnalar varmı? Var əlbəttə. Amma olduqca azdır. Əksəriyyət rus dilinin – rus kimliyinin təsirindən çıxa bilmir ki, bilmir! Bir balaca xəlvətə düşəndə dərhal rus dilində danışırlar! Şəxsən görmüşəm belə “milli” ziyalıları…Təsirdən çıxa bilməzlər də! Çünki, yuxarıda da qeyd etdim, uşaq hansı dildə təhsil alarsa, o dilin daşıyıcısı olan millətin xarakterini də mənimsəyər! Bu, sübuta ehtiyacı olmayan bir gerçəkdir!Həm də o cür uşaqlar böyüdükcə dilində təhsil aldıqları millətə daha çox meyl edər, onu sevər və ölkəmiz üçün təhlükəyə çevrilər. Belə uşaqlar gələcəyimizə təhlükə təşkil etmək üçün basdırılmış minalardır.Bütün bunlarla bərabər Azərbaycan bir demokratik dövlət, açıq cəmiyyətdir. Burada heç kimə yasaq qoyula bilməz ki, filan dildə təhsil alma. Lakin təhlükə varsa, bu təhlükə sabahımızı sual altına alırsa, ona uyğun da tədbirlər görülməlidir.Nə etməli? Necə etməli ki, həm demokratik dəyərlər təhlükə görməsin, həm də sabahımız təminat altına alınsın?Rus dilini yasaqlamaq? Olmaz. Ən azından ona görə ki, Azərbaycan Güney Qafqazda ən çoxsaylı rus icmasına sahib ölkədir. Və bu rusların öz dillərində təhsil alma hüququ Anayasamızla təminat altındadır. Ona görə də rus məktəblərini bağlamaq, yasaqlamaq olmaz. Rusca təhsili də həmçinin.Çıxış yolu nədədir onda? Necə edək ki, rus olmadan da rus qafasıyla düşünən bəzi vətəndaşlarımızı bu yanlış yoldan çəkindirək?Bunun çox sadə bir yolu var: harda ki, rus millətindən olan vətəndaşlarımız kompakt yaşayır, orda rus məktəbləri qalsın, dövlət təminatında olsun. Lakin onların dərsliklərinin Rusiyadan gətirilməsinə izn verilməsin.Rus olmadığı halda uşağını rus məktəbində oxutmaq kimi bir qəflətə düçar olan vətəndaşlarımıza da şərait yaradılsın. Seçim sərbəstdir, hüquqdur, əngəllənməsin yəni. Amma dövlətin sabahını da təhlükəyə atmamaq üçün bu seçimi edən qeyri-rusların təhsili pullu olmalıdır. Zatən rus olmadan rus dilində təhsil alan uşaqlar sabah əlimizdən gedəcək, bizim olmayacaqsa dövlət niyə onların təhsilinə xərc çəkməlidir?Yəqin bunu oxuyanlar yenə qərar verəcəklər ki, mən dil öyrənməyin əleyhinəyəm. Əsla belə deyil!Şəxsən özüm xarici dillərə meylliyəm, rus dilini, əlavə olaraq ingilis dilini və hətta orta səviyyədə alman dilini bilirəm (Türk dilini yabançı saymadığım üçün bura yazmıram). Gündəlik işimdə də bu dillərdən gen-bol istifadə edirəm. Və sevinirəm ki, nə yaxşı bir zamanlar müəllimlərim mənə rus dilini öyrədib, sevdirib. Amma ki, bunu milli məktəbdə ediblər, edə biliblər və mən də dərsimə məsuliyyətlə yanaşıb ruscanı mənimsəmişəm.Gövhər xanım, mənim anladığım qədərincə, sabahımıza təhlükəni görür və həyəcan təbili çalır. Daha bir deputatımız, hörmətli Əli Hüseynli isə deyir ki, Gövhər xanımın mövqeyi ümumi ictimai rəyi əks etdirmir. Bu məsələdə Əli bəylə razı deyiləm. İctimai rəy böyük hesabla Gövhər xanım kimi düşünür, onun tərəfindədir. Elə olmasaydı milyonlarla vətəndaşımız uşaqlarını milli məktəblərdə oxutmazdı…Yalnız qəflət içində olanlar və “bəlkə qaytardılar” ovqatında ömür sürənlərdir uşaqlarını rus məktəblərində oxudanlar! Bunlar düşünür ki, Rusiya nə vaxtsa yenidən buranı əsarəti altına alacaq. Bunlar, əslində, o əsarəti arzu edənlərdir!Rus olmadığı halda uşaqlarını rus məktəblərinə təslim edənlər sabah yeni bir 11-ci qırmızı ordunun işğalına ağ bayraq qaldırmağa indidən hazırlaşanlardır! Bu, sadəcə bir dil seçimi məsələsi deyil! Bu, dövlət təhlükəsizliyi məsələsidir və dövlətimiz bunun fərqinə varmalıdır.Uşaqlarını rus təhsilinə təslim edənlər həm də Ermənistanın işğalı altındakı torpaqlardan imtina edənlər, Azərbaycanın bir balaca ayağı sürüşəcəyi təqdirdə ölkəni atıb qaçmağa hazır olanlardır! Dövlət bu insanların pulsuz rus təhsili almasını təmin etməməlidir!Hələ gəlin sual edək ki, 2 milyondan çox Azərbaycanlının yaşadığı Rusiyada neçə Azərbaycan məktəbi var? Yoxdur! Necə olur ki, biz 150 min rusun yaşadığı ölkəmizdə onlarla rus məktəbini dövlət hesabına ayaqda tuturuq, Rusiya isə 2 milyon insanımız üçün 1 məktəb belə açmır?Rusiyanı bir yana qoyaq, 3 milyon türkün yaşadığı Almaniyada niyə örnək üçün bir türk məktəbi belə yoxdur? Dövlət məktəbini nəzərdə tuturam…Hələ mən özümüzü bir kənara qoyub tatar qardaşlarımızın dramını diqqətə çatdırmaq istərdim. Özünə müstəqil, demokratik dövlət deyən Rusiya gündə bir oyun çıxarır ki, tatarlar və digər türklər öz ana dillərində təhsil ala bilməsin! Niyə, sizcə Rusiya bunu niyə belə edir? Ona görə edir ki, tatar balası öz ana dilində dərs oxuyub milli kimliyinə bağlı qalacaq və rus qafalı olmayacaq!Bəs, bizə nə düşüb ki, rus dilində təhsildən ötrü yaxamızı cırırıq?Baxıram, bəziləri deyir ki, guya ana dilimizdə təhsil bərbad gündədir, rus məktəblərində təhsilsə yüksək səviyyədədir. Yalandır! Ana dilimizdə təhsil verən minlərlə məktəbin məzunlarıdır bu gün ölkənin müxtəlif sahələrində böyük uğurlara imza atanlar!Sözümün canı odur ki, biz artıq qul xislətindən azad olub milli məktəbimizə – ana dilimizə bağlanmalıyıq! O kəslər ki, ana dilimizə – milli məktəbimizə xor baxır, dövlətin dil siyasətinə arxa çevirir, onlara da yolunuz açıq olsun deyək! Buyursunlar, hələ də boyunduruğundan xilas ola bilmədikləri Rusiyaya yerləşsinlər. Orda hansı dildə təhsil almaq, lap elə milli mənsubiyyətindən imtina edib rusa dönmək onların hüququdur və sayğı duymaq da bizim borcumuzdur. Çünki biz milli insanlar başqalarının hüquqlarına nə qədər sayğılıyıq ki, onların hətta milli mənsubiyyətdən imtina etməsinə də dözümlü yanaşırıq!Hörmətli Gövhər xanım öz çıxışında Güney Azərbaycandakı 40 milyon soydaşımızın da ana dilində məktəbsizliyini dilə gətirdi. Ümid edirəm ki, o günahsız körpələrini indidən ruslaşdıran ata-analar bunun da fərqinə vararlar. Vararlarmı? Çətin. Çünki neçə gündür sosial mediada Gövhər xanımı yıxıb sürüyən, özünə haqq qazandıran onlar deyilmi?Sonda dil öyrənmək məsələsinə toxunuram. O fikirlə razıyam ki, insan nə qədər çox dil bilsə yaxşıdır. Şəxsi təcrübəmdən bilirəm bunu. Hələ rus dilini və yanında da fars dilini biz Azərbaycanlılar mütləq öyrənməliyik! Əlavə olaraq başqa dillər də öyrənsək əla olar! Amma bu dilləri körpələrimizi ana dilində təhsildən məhrum edərək öyrənməməliyik. Mənim kimi etmək olar: rus dilini bir xarici dil kimi orta məktəbdə, ingilis və alman dillərini də sonrakı illərdə öyrənmişəm. Dil öyrənməksə 11 illik təhsil tələb edən iş deyil. Bunun üçün normal insana 6 ay, bir qədər qavrama problemi olanlarasa 1 il yetərlidir…BAKU.WS
Oxşar xəbərlər
Çingiz Abdullayev: Hər kəs ana dilində oxumalı və danışmalıdır
"İnanmıram ki, kimsə Azərbaycanda, xüsusilə orta məktəblərdə təhsilin ana dilində, dövlət dilində olması fikri, mövqeyi ilə razı olmasın. Mən şəxsən inanmıram k...