Azərbaycanda 240 valideyn cərimələndi

Azərbaycanda 240 valideyn cərimələndi
Sosial 1627
 

2016-cı ildə Azərbaycanın şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatında əksini tapıb.

Məlumatda bildirilib ki, əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunverciliyinin tələblərinin pozulması halları mövcud olub ki, bununla əlaqədar müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub.

Qeyd olunub ki, miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınmasında ölkədə yaşama və olma qaydalarını pozan 26 435 əcnəbi və vətəndaşlığı olmayan şəxsin aşkarlanaraq barələrində qanunverciliyə uyğun məsuliyyət tədbirləri görülməsinin, o cümlədən 5 523 nəfərin ölkə hüdudlarından kənara çıxarılmasının da böyük əhəmiyyəti olub. 

Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib. Bununla belə, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, habelə uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara baxılması üçün 300 material göndərilib.

Xüsusi monitorinq qrupları tərəfindən övladlığa götürülmüş 200-dən çox uşağın qəyyumluğa və himayəyə verildiyi ailələrdə yaşayış şəraiti də yoxlanılaraq zəruri sosail və tibbi yardımla əhatə olunmaları təmin edilib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun məlumatı Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

BAKU.WS

Son xəbərlər