Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər

Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər
Sosial 1

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il oldu.

Başlayaq ondan ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə dəyişdi. Bununla da, Azərbaycan Mərkəzi Bankına (AMB) təkrarsığorta ilə bağlı minimum tələbləri müəyyən etmək səlahiyyəti verildi, sığorta sektorunda "Mühüm iştirak payı" anlayışı yeniləndi.

Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra ötən il azaldı. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv etdi. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk etdi. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşdü.

Ötən il Azərbaycan bazarına yeni təkrarsığorta şirkəti daxil olmasa da, bu növ fəaliyyət üçün lisenziyaya malik olan şirkətlərin sayı artdı. AMB “Qala Sığorta” ASC-yə təkrarsığorta lisenziyası verdi. Ondan başqa, "Azsığorta", "Xalq Sığorta", "Qala Sığorta", "Meqa Sığorta" və "PAŞA Sığorta" ASC-lər də həmin lisenziyaya malikdir. Bundan başqa, ölkədə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan 1 şirkət - "AzRe Təkrarsığorta" ASC də fəaliyyətini davam etdirdi.

Hesabat dövründə AMB sığorta bazarında “təmizləmə işləri”ni də davam etdirdi. Xeyli sayda sığorta vasitəçisinin – sığorta agentlərinin və brokerlərinin lisenziyaları ləğv edildi. Onların bir qismi bazardan könüllü çıxdı, bir qismi isə aşkar olunmuş nöqsanları vaxtında aradan qaldırmadıqları üçün bazardan kənarlaşdırıldılar.

Ötən il Azərbaycanda 2 sığorta şirkəti – “İpək Yolu Sığorta” və “A-Qrup Sığorta” ASC-lər öz istəkləri əsasında lisenziyalarının qüvvəsini məhdudlaşdırdılar. Birincisi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” bazarında, ikincisi isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” bazarlarında fəaliyyətini dayandırdı.

2023-cü ildə Azərbaycanda toplanılmış sığorta haqlarının məbləği ilk dəfə 1 milyard manatı keçdi. Sığorta ödənişləri üzrə isə rekord məbləğ qeydə alındı. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, "Azərsun Holdinq" MMC-yə məxsus "Azərsun Sənaye Parkı"nda ötən ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verildi. Ödənişi “Azərbaycan Sənaye Sığorta” ASC "Daşınmaz əmlakın icbari sığortası", eləcə də "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrə həyata keçirdi.

İl ərzində Azərbaycanın bank və sığorta sektorları intensiv əməkdaşlığa başladı. "Azərbaycan Banklar Assosasiyası" (ABA) və "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birlikləri əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırdı. Platforma bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsini, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur.

ASA-dan söz düşmüşkən, ötən il qurumun Müşahidə Şurasına yeni sədr seçildi. Şuraya rəhbərlik “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Ülviyyə Cabbarovaya həvalə olundu. O, yeni vəzifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta" ASC-nin İH-nin keçmiş sədri Azər Əliyevi əvəzlədi.

2023-cü ilin daha bir mühüm hadisəsi isə Azərbaycanın sığorta xidmətlərinin ixracına başlaması oldu. İcbari Sığorta Bürosunun (İSB) bununla bağlı Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə əldə etdiyi razılığa əsasən, yerli sığorta şirkətləri Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satmağa başladılar.

Ötən ilin yekunlarını "Report"a şərh edən ASA-nın icraçı direktoru Elmar Mirsalayev bildirib: "2023-cü il istər yerli sığorta bazarında həyata keçirilən lokal islahatlar, istərsə də sığorta sektorunun beynəlxalq əlaqələri baxımından olduqca yaddaqalan il oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, əldə olunan uğurlar AMB-nin həyata keçirdiyi uğurlu və məqsədyönlü nəzarət və tənzimləmə siyasəti ilə bilavasitə bağlıdır.

Belə ki, ölkədə həyata keçirilən 3 illik genişmiqyaslı maarifləndirmə layihəsinə 2023-cü ildə yekun vuruldu, 2024-cü ildən bu layihənin yenidən davam etdirilməsi ilə bağlı razılıq əldə olundu. Bu layihə nəticəsində mövcud və potensial sığortalılarda sığorta xidmətlərinə maraq və inam yüksəlməyə başladı ki, bu da statistik nəticələrdə yığımların ölkə sığorta tarixində ilk dəfə 1 milyard manatı ötməsi ilə özünü göstərdi".

E. Mirsalayev qeyd edib ki, bütün bunlarla paralel olaraq beynəlxalq münasibətlərin inkişafı sektorda yeni bir canlanma yaratdı: "Bildiyiniz kimi, 2022-ci ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sığortaçılar birliklərinin üzvlüyü ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi yaradılıb, ASA Birliyin “Yol xəritəsi”ni hazırlayıb. Ötən il sənədi üzv dövlətlər qəbul etdi və sevindirici haldır ki, Birliyin Türk Dövlətləri Təşkilatının (TDT) himayəsinə daxil edilməsi ilə bağlı TDT katibliyi üzv ölkələrə rəsmi müraciət ünvanladı. Ölkəmizin aidiyyatı rəsmi dövlət orqanları TDT-nin müraciətinə müsbət reaksiya verdi və hazırda bu istiqamətdə ciddi iş aparılır.

Daha bir qürurverici xəbər ondan ibarətdir ki, Türk Dünyası Sığorta Birliyinin ilk assambleyasının 2024-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində gerçəkləşdirməyi planlaşdırırıq, bu istiqamətdə danışıqlar aparır, təşkilati işləri həll edirik. 2024-cü il istər ölkəmizdə müəyyən fasilədən sonra yenidən təşkil olanacaq Beynəlxalq Sığorta Forumu, istər Türk Dünyası Sığorta Birliyinin Şuşa Assambleyası, istərsə də digər kütləvi tədbirlərlə yerli sığorta bazarı üçün çox hərəkətli və yeniliklərlə zəngin bir il olacaq".

İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov hesab edir ki, 2023-cü il icbari sığorta bazarı üçün yeni imkanlar, habelə uzun zamandır gözlənilən və üzərində iş aparılan yeniliklərin reallaşdığı bir il oldu:

“İlk olaraq onu vurğulamaq istəyirəm ki, geridə qoyduğumuz ildə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirən Mərkəzi Bankın birbaşa nəzarəti altında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə bir sıra mühüm qərarlar qəbul edildi. Qərarlardan biri də bu növ üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsi oldu. Həmin dəyişikliklərə əsasən, avto icbari növün aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını yaratdılar və bununla da adıçəkilən məhsulun daha rahat və operativ əldə olunması üçün "digital" islahat tədbiri həyata keçirildi. Bu da avto icbari sığorta məhsuluna əlçatanlığı tam təmin etmiş oldu".

R. Əhmədov vurğulayıb ki, sığorta şirkətlərinin müştərilərə qarşı sellektiv yanaşmalarının qarşısının alınması üçün İSB veb-səhifəsi üzərindən birbaşa keçidləri vətəndaşların xidmətinə təqdim edib və aralıqsız monitoringlərlə əlçatanlıq probleminin qarşısını alıb.

"Daha bir yenilik isə ondan ibarət olub ki, 2023-cü ildə İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında aparılan elektron informasiya inteqrasiyası prosesi yekunlaşıb və paralel olaraq Daşınmaz əmlakın icbari sığortası ilə Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirilib. Burada əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatlar müvafiq dövlət qurumundan təmin edilir və qanunvericiliyə uyğun olaraq göstərilən digər qurumlarla elektron inteqrasiyalar həyata keçirilir. Bütün elektron informasiya sistemləri ilə olan inteqrasiyalardan sonra artıq Azərbaycanda İSB-nin sistemi vasitəsilə buraxılan icbari sığorta şəhadətnamələri elektronlaşıb, kağız sığorta şəhadətnamələri tarixə qovuşub. Tam elektronlaşma sığorta şəhadətnaməsinin olub-olmamasına nəzarət etməyə imkan verəcək. Bu isə Azərbaycanda penetrasiyanın ciddi şəkildə artmasına səbəb olacaq", - İSB-nin rəhbəri bildirib.

R. Əhmədov daşınmaz əmlakın icbari sığortası bazarında böyümə qeydə alındığını qeyd edərək bildirib ki, 2023-cü ilin 10 ayında adı çəkilən növ üzrə yığımlar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat artaraq 68,6 milyon manat təşkil edib.

"2023-cü il həm də beynəlxalq təcrübənin öyrənilməsi baxımından da yerli bazar üçün məhsuldar bir il sayıla bilər. Belə ki, il ərzində sığortada zərərlərin vahid sistem üzərindən qiymətləndirilməsi və hesablanması təcrübəsinin öyrənilməsi üçün Moskva və İstanbul şəhərlərinə silsilə səfərlər təşkil olunub. Müvafiq səfərlərdə iki ölkə təcrübəsinin lokal bazarda tətbiqi imkanları geniş araşdırılıb. Əldə edilən təcrübənin tətbiqi zərərlərin vahid yanaşma ilə icrasına töhvə verərək, sığorta bazarının yeni səhifəyə keçidini təmin edəcək.

Hesab edirəm ki, 2024-cü il də yerli sığorta bazarı üçün səmərəli, nəticəyönümlü və yeni inkişaf meyillərini özündə birləşdirən bir il olacaq", - İSB-nin rərbəri əlavə edib.

ASA-nın qeyri-həyat sığortaları üzrə ekspert qrupunun üzvü Emin Allahverdiyev əmindir ki, 2023-cü il sığorta sektoru üçün kifayət qədər yaddaqalan il olub: "Yerli sığorta bazarının dayanıqlı inkişafı və böyüməsi, bu istiqamətdə islahatların aparılması istər nəticəlilik baxımından, istərsə də maarifləndirmə istiqamətində sektorun inkişafını da zəruri edib.

Belə ki, ötən il ərzində sığorta yığımları ilk dəfə olaraq 1 milyard manatı ötüb ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə sektorun sığorta yığımları istiqamətində 28 % böyüməsini göstərir. Sığorta yığımları ilə yanaşı sığorta ödənişlərinin də artması müşahidə olunur. Bu da öz növbəsində sığorta yığım-ödəniş uyğunluğunun optimal getdiyini, sığorta şirkətləri ilə istehlakçılar arasında münasibətlərin sağlam müstəvidə olduğunu göstərir".

Onun sözlərinə görə, sığorta sektorunda 2023-cü ildə yadda qalan mühüm hadisələrdən biri də Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə “Sığorta Festivalı”nın keçirilməsi oldu: "Bu festival nəinki regionda, dünyada ilk dəfə keçirilirdi. Bakı şəhərinin Dəniz¬kənarı Milli Parkının ərazisində başlayan sığorta festivalı daha sonra digər regionlarda, o cümlədən Sumqayıt, İsmayıllı, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki, Zaqatala və Gəncə şəhərində keçirildi. Bu tədbirin əsas konsepsiyası geniş əhali qruplarının və biznes subyektlərinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarət idi. Festivala vətəndaşlar və sahibkarlar xüsusi maraq göstərib, əsasən də regionda fəaliyyət göstərən biznes subyektləri sığorta məhsulları ilə yerində tanış olaraq onlardan yararlanıblar. Tədbir nəticəsində vətəndaşlar ilə sığorta şirkətlərinin birbaşa ünsiyyətdə olması sığorta əlçatanlığının yüksək səviyyədə olmasını bir daha göstərib. Sevindirici haldır ki, bu kimi “Sığorta Festivalı”nın 2024-cü ildə də təşkil olunması planlaşdırılır".

E. Allahverdiyev bildirib ki, qeyri-həyat sığorta bazarının 2024-cü il üçün hədəfləri arasında bir sıra tədbirlər, o cümlədən sığorta sisteminin inkişaf imkanlarının təhlili və daha səmərəli modellər əsasında inkişaf meyarlarının tətbiqi nəzərdə tutulur:

"Sığortanın qeyri-həyat sahəsinin dayanıqlığı və təkmilləşdirilməsi region ölkələrinin bu sahədəki təcrübələri öyrənilməklə həyata keçirilir və bu da sektorun iqtisadi potensialının gücləndirilməsinə, institusional inkişafına və uzunmüddətli hədəflərin həyata keçirilməsinə imkan yaradacaq. Eyni zamanda sığorta maarifləndirilməsi istiqamətində də tədbirlərin davam etdirilməsi nəzərdə tutulur və bu tədbirlərin əsas mahiyyəti sığorta savadlılığının artırılması, əhali və biznes subyektlərinə risk fərqindəliyinin yaradılması olacaq.

Bu il üçün də həm qeyri-həyat, həmdə həyat sığortası sahələri üzrə sığorta yığımlarındakı artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır. Bu fikrə istər həyata keçirilən irimiqyaslı layihələr, istərsə də əhalinin sığorta xidmətlərinə olan marağının artması əsas verir”.

ASA-nın həyat sığortaları üzrə ekspert qrupunun üzvü Şəhriyar Məcidov 2023-cü ili ümumi sığorta bazarında olduğu kimi həyat sığortası seqmenti üçün də olduqca uğurlu bir il kimi yadda qaldığını hesab edir: "İlk növbədə həyat sığortaları üzrə yığımların ümumi sığorta haqlarındakı payı ənənəni pozmayaraq yenə öz çəkisi ilə xüsusi lokomotiv rolunu oynayıb. Bu istiqamətdə biz ələlxüsus Həyatın yaşam sığortası və İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növlərini qeyd edə bilərik.

Bundan əlavə olaraq, həyat sığortası bazarı üçün 2023-cü ildə ən yaddaqalan islahatlardan biri bank-sığorta münasibətlərinin yeni müstəvidə inkişafı məqsədilə atılmış addım olub. Belə ki, istehlak krediti götürənlərin həyatlarının sığortalanması ilə bağlı məhsulun yaradılması məqsədilə ASA ilə ABA arasında əməkdaşlıq Memorandumu imzalanıb və bununla paralel olaraq müvafiq istiqamətdə təşkilat komitəsi və işçi qrupu yaradılıb. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər istər istehlak kreditləri seqmentində növbəti mərhələdə problemli kreditlərin sayının azalmasına, istərsə də sığortanın bütün istiqamətlərdə bir daha aktuallıq qazanmasına və inkişafına təkan verəcək".

Ş. Məcidov 2024-cü ilin əhəmiyyətli dərəcədə aktiv və yeni layihələrlə zəngin bir il olacağını deyib: "2024-cü ildən başlıca gözləntilərimiz ondan ibarətdir ki, sektorun inkişafı yönündə atılmış addımlar, xüsusilə də maarifləndirmə tədbirləri növbəti ildə də artım dinamikası və böyümə tendensiyası ilə bizi sevindirəcək”.

Müstəqil sığorta eksperti Pərviz Quliyev 2023-cü ilin sığorta sektoruna təsirlərinin nəticəsini ürəkaçan hesab edir: "Ötən il ilk dəfədir ki, sığorta bazarı 1 milyard manatlıq hədəfi ötdü və bu da çox yaxşı bir nəticədir. Təbii ki, bu, illərdir aparılan islahatlar, maarifləndirmə tədbirləri və eyni zamanda requlyator orqan dəyişdikdən sonra Mərkəzi Bankın bu işə yanaşmasında strategiyanın və baxış bucağının müsbət yöndə dəyişməsi nəticəsində reallaşdı. Bütün dövlətlərdə olduğu kimi maarifləndirmə birinci yerdə olmalıdır, çünki inkişaf etməkdə olan dövlətlər üçün bu çox önəmlidir. Mərkəzi Bankın bu istiqamətdə olan 3 illik strategiyası 2023-cü ildə başa çatıb və yeni strategiya təsdiq olunub. Bu maarifləndirmə strategiyası çərçivəsində aparılan işlər təqdirəlayiqdir və hesab edirəm ki, yerli sığorta bazarında bu günədək belə kütləvi və planlaşdırılmış tədbirlər qeydə alınmayıb.

Həmçinin sektorda rəqəmsallaşma ilə bağlı atılan addımları da qeyd etmək lazımdır. Məsələn bu istiqamətdə ən kütləvi sığorta məhsulu olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı Mərkəzi Bank tərəfindən qoyulan tələbə əsasən, bu növ üzrə satış lisenziyasına malik olan bütün şirkətlər öz rəsmi veb-saytlarında məhsulun onlayn əldə edilməsi ilə bağlı bütün texniki imkanları yaradılıb. Bu da öz növbəsində növbəti mərhələdə digər məhsulların elektronlaşmasının stimullaşdırılmasına təkan verən amildir".

Ekspertin fikrincə, hazırda Mərkəzi Bank müəyyən normativ sənədlərlə bağlı işlərin həyata keçirəcəyi gözlənilir: "Bu da ilk növbədə korporativ idarəetmə standartlarına yenidən baxılması və sığorta şirkətlərində korporativ idarəetmənin müasir standartlara çatdırılması, habelə bu gün Avropa dövlətlərinin tətbiq etdiyi standartların yerli sığorta şirkətlərində korporativ idarəetməyə tətbiq olunmasından ibarətdir. Hesab edirəm ki, bu tədbirlər həyata keçirildikdən sonra yeni-yeni nəticə və uğurlar qeydə alınacaq.

Növbəti mərhələdə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini və sığorta şirkətlərinin bu prosesə qatqılarının daha da artırılmasını gözləyirəm. Yerli sığorta bazarında mövcud potensialdan tam istifadə olunmadığını nəzərə alaraq hesab edirəm ki, bu proses kütləviləşəcəyi təqdirdə biz sığorta bazarının bugünkü potensialından tam istifadə etmiş olacağıq. Bu aktivlik və kütləvilik təmin olunacağı halda çox qısa bir müddətdə biz 1 milyardlıq yığım göstəricisini 2-2,5 dəfə həcmində artıra bilərik”.

Son xəbərlər