Azərbaycanda tələbə təqaüdləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda tələbə təqaüdləri ilə bağlı VACİB AÇIQLAMA
Açıqlama
Sosial 147

"Hazırda Azərbaycanda orta aylıq tələbə təqaüdü 75-130 manat arasında dəyişir, tələbənin minimum aylıq yaşayış xərci 480-520 manat civarındadır. Bu fərq göstərir ki, tələbə təqaüdü təhsilin əsas xərclərini deyil, yalnız simvolik dəstək funksiyasını yerinə yetirir".

Bunu BAKU.WS-ə açıqlamasında təhsil ekaperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" Qanunun 16.2-ci maddəsində qeyd olunur ki, tələbələrə sosial müdafiə və maddi dəstək göstərilməsi dövlətin öhdəliyidir və bu məqsədlə təqaüd və güzəştlər sistemi formalaşdırılır:

"Bu maddənin icrası hələ tam olaraq sosial-iqtisadi reallıqlara uyğun səviyyəyə çatmayıb. Hazırda ölkə üzrə orta aylıq tələbə stipendiyası 75-130 manat arasında dəyişir, halbuki Dövlət Statistika Komitəsinin hesablamalarına görə, şəhər şəraitində bir tələbənin minimum aylıq yaşayış xərci 480-520 manat civarındadır. Bu fərq göstərir ki, tələbə təqaüdü təhsilin əsas xərclərini deyil, yalnız simvolik dəstək funksiyasını yerinə yetirir".

Ekspert deyib ki, 2025-ci ildə artıq müəyyən kateqoriyalar üçün – yüksək nəticə göstərən, imtahanda 500-dən yuxarı bal toplayan və fərqlənmə diplomu ilə oxuyan tələbələr üçün – diferensial artım həyata keçirilib. Bu, Elm və Təhsil Nazirliyinin təhsil sistemində performans yönümlü yanaşmanı tətbiq etmək səylərinin göstəricisidir və müsbət addımdır:

"Nazirliyin bu istiqamətdə həyata keçirdiyi siyasət tələbələrin akademik göstəricilərinə əsaslanan stimullaşdırmanı gücləndirir, eyni zamanda sosial ədalət prinsipini qismən qoruyur. Müsbət tərəf ondan ibarətdir ki, artıq tələbə təqaüdlərinin artırılması məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Son on ildə tələbə təqaüdlərinin nominal dəyəri 2,3 dəfə artıb, dövlət sifarişi ilə təhsil alanların payı isə 23 faizdən 48 faizə yüksəlib. Bu, daha çox gəncin ali təhsilə çıxışını təmin edib. Həmçinin xaricdə təhsil proqramları çərçivəsində aylıq ödənişlərin yenilənməsi və tələbələrin yaşayış xərclərinin kompensasiyası da sistemli sosial dəstək kimi qiymətləndirilə bilər".

Mənfi tərəfinə gəldikdə isə Kamran Əsədov vurğulayıb ki, tələbə təqaüdü hələ də inflyasiya səviyyəsini və yaşayış xərclərinin artım tempini izləyə bilmir:

"2024-cü ilin inflyasiya göstəricisi 5,6 faiz olub, lakin tələbə təqaüdlərində artım cəmi 2–3 faiz səviyyəsində qalıb. Bu, real gəlir baxımından azalma deməkdir. Tələbə təqaüdünün həcmindəki disbalanslar – yəni bakalavr və magistr, dövlət sifarişi və ödənişli təhsil alanlar arasında fərqlər – sosial bərabərsizliyə də səbəb olur. Bu fərq aradan qaldırılmadığı halda, təhsil motivasiyası formal stimullaşdırmadan uzaqlaşa bilər".

Kamran Əsədov bildirib ki, dünya təcrübəsində inkişaf etmiş ölkələrdə tələbə təqaüdü yalnız akademik nəticə deyil, sosial vəziyyət və təhsil xərclərinə əsaslanır. Məsələn, Finlandiyada bakalavr tələbələri orta hesabla aylıq 350–400 avro, Almaniyada 450 avro, Polşada 200–250 avro həcmində dövlət dəstəyi alır.

"ABŞ-də "Federal Student Aid" proqramı çərçivəsində tələbələrə aylıq ödənişlərlə yanaşı, kredit və təqaüd formaları təqdim olunur. Bu ölkələrdə təqaüdün məbləği minimum yaşayış xərcinin 40–60 faizini qarşılayır. Azərbaycanda isə bu göstərici 15–20 faiz səviyyəsindədir. Bu fərq dövlətin təhsil siyasətində sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir",-deyə ekspert əlavə edib.

Son xəbərlər