Azərbaycanda son 5 ildə bu çaylar QURUYUB – AÇIQLAMA

Azərbaycanda son 5 ildə bu çaylar QURUYUB – AÇIQLAMA
Açıqlama
Sosial 157

Son illər Azərbaycanda iqlim dəyişmələrinin təsiri nəticəsində bəzi çaylarda yay mövsümündə suyun azalması, bəzən isə tam quruma halları müşahidə olunur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyevin BAKU.WS-ə açıqlamasına görə, ölkə çaylarının qida mənbəyi əsasən qar, buzlaq, yağış və yeraltı sulardır. Müşahidələr göstərir ki, mütləq yüksəkliyi az olan, rütubətlənməsi zəif və yağıntı norması aşağı ərazilərdən axan, əsasən yağış suları ilə qidalanan azsulu çaylarda yay aylarında quruma halları baş verir.

Bu çaylar sırasında Ataçay, Sumqayıtçay, Ceyrankeçməzçay, Pirsaatçay, Mətələçay, Şabrançay və digər oxşar azsulu çaylar var. Həmin çaylarda yay mövsümündə bir neçə gün, bəzi hallarda isə bütün mövsüm ərzində suyun tamamilə çəkildiyi müşahidə olunur.

Açıqlamada bildirilir ki, son illərdə yay aylarının anomal isti və yağıntısız keçməsi dağ çaylarının sululuğunun çoxillik normadan xeyli azalmasına səbəb olub. Eyni zamanda, yay mövsümündə suya tələbatın artması və çayların yuxarı axınlarında sudan intensiv istifadə edilməsi bəzi hallarda suların mənsəbə qədər çatmaması ilə nəticələnir.

Bununla belə, qeyd olunur ki, su ehtiyatlarının düzgün və səmərəli idarə edilməsi, eləcə də su anbarlarının optimal istismarı sayəsində ölkə üzrə ümumi su qıtlığı halları qeydə alınmayıb.

Şahanə Xankişiyeva

Son xəbərlər