Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra...

Azərbaycanda oyuncaqların satışı ilə bağlı YENİ TƏLƏB - Bundan sonra...
Açıqlama
Sosial 6

Azərbaycanda 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqların təhlükəsizliyinə dair yeni tələblər müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 7 oktyabr tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" (TR 002/2026/AZ) ölkə ərazisində oyuncaqlara dair təhlükəsizlik tələblərini müəyyən edir.

Qeyd edilib ki, texniki Reqlamentin əsas məqsədi insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurması ehtimalının, habelə oyuncaqların təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısını almaqdır:

"Sənəd 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqları əhatə edir və 2027-ci il aprelin 7-dən qüvvəyə minəcək. Texniki Reqlamentdə onun şamil olunduğu, eləcə də şamil olunmadığı oyuncaqların siyahısı verilib.

Reqlamentdə təhlükəsizlik tələbləri kimi 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda zərərli maddələr və onların miqrasiya səviyyəsinə dair tələblər, toksikoloji-gigiyenik tələblər, gigiyenik təhlükəsizlik tələbləri, sanitar-kimyəvi göstəricilər, radiasiya təhlükəsizliyi göstəriciləri, elektrik xassələri, mikrobioloji göstəricilər, maqnit elementlərinin maqnit selinin göstəriciləri, oyuncaqlardan istifadə zamanı daha yüksək təhlükə yarada biləcək risklər və görülən tədbirlərə dair məlumat, qablaşdırma və etiketlənmə ilə bağlı bir sıra mühüm tələblər əksini tapıb.

Texniki Reqlament qüvvəyə mindikdən sonra onun təhlükəsizlik tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadan oyuncaqların satışı qadağan ediləcək. Oyuncaqlar uyğunluq sertifikatı ilə təmin edildiyi halda, təsərrüfat subyektləri tərəfindən onların üzərinə "AZC" uyğunluq nişanı vurulacaq.

Oyuncaqların Texniki Reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatlar akkreditasiya edilmiş sertifikatlaşdırma qurumları tərəfindən veriləcək.

Sözügedən uyğunluğu qiymətləndirən qurumlar barədə məlumatı Agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür:

https://accreditation.gov.az/az/uygunlugunqiymetlendirilmesi/malin_sertifikatlasdirilmasini_aparan_orqan

Oyuncaqlara dair təqdim edilmiş uyğunluq sertifikatlarının reyestri Agentlik tərəfindən aparılır və ictimaiyyət üçün açıqdır. Reyestr Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib, məlumatlar mütəmadi olaraq yenilənir: https://e-keyfiyyet.gov.az/e-services

Qanunvericiliyin tələblərinə əsasən, istehlak bazarında "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in tələblərinə uyğun olmayan və ya müəyyən edilmiş üsulla uyğunluğu qiymətləndirilməmiş oyuncaqlara qarşı nəzarət tədbirləri Agentlik tərəfindən aparılır".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər