Azərbaycanda mərhumu öz həyətində dəfn etmək olar? - AÇIQLAMA
Bəzi vətəndaşlar yaxınlarını ailəyə məxsus torpaq sahəsində və ya fərdi yaşayış evinin həyətində dəfn etməyin mümkün olub-olmaması ilə maraqlanırlar.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı hüquqşünas Elmar İbrahimov açıqlama verib.
Vəkilin sözlərinə görə, Azərbaycanda mərhumun şəxsi həyətində dəfn edilməsi ümumi qayda olaraq qanunvericiliklə nəzərdə tutulmur və belə hallara icazə verilmir.
Elmar İbrahimov bildirib ki, bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" ilə tənzimlənir. Həmin qaydalara əsasən, vəfat etmiş şəxslərin dəfni yalnız yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılmış və bu məqsəd üçün nəzərdə tutulmuş qəbiristanlıqlarda həyata keçirilməlidir.
Hüquqşünas qeyd edib ki, qəbiristanlıqların salınması və istifadəsi sanitariya, ekoloji və şəhərsalma normalarına uyğun şəkildə təşkil olunur. Bu tələblərin əsas məqsədi əhalinin sağlamlığının qorunması, ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi və yaşayış məntəqələrində sanitariya vəziyyətinin nəzarətdə saxlanılmasıdır.
Onun sözlərinə görə, sanitariya-epidemioloji normalar yaşayış sahələrində və fərdi həyətyanı torpaqlarda dəfnin həyata keçirilməsini məqsədəuyğun hesab etmir. Belə ki, bu cür dəfnlər yeraltı suların çirklənməsi, ətraf mühitə mənfi təsirlər və ictimai sağlamlıq baxımından risklər yarada bilər.
Vəkil vurğulayıb ki, vətəndaşlar dəfn prosesi ilə bağlı yalnız qanunvericilikdə müəyyən edilmiş qaydalara əməl etməli və mərhumların dəfnini rəsmi qəbiristanlıqlarda həyata keçirməlidirlər.
Oxşar xəbərlər
Prezidentin köməkçisi: "Pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq"
Azərbaycanda pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Adminis...