Azərbaycanda koronavirusdan ölənlərin sayı buna görə azalmır - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusdan ölənlərin sayı buna görə azalmır - RƏSMİ AÇIQLAMA
Sosial 713

Hazırda ölkəmizdə kütləvi şəkildə vaksinasiya prosesi həyata keçirilir. Demək olar ki, əhalinin böyük əksəriyyəti COVID-19-a qarşı peyvənd olunub. Son zamanlar yoluxma hallarında azalma müşahidə edilsə də, koronavirusdan dünyasını dəyişənlərin sayında heç bir dəyişiklik yoxdur. COVID-19-a yoluxanların gündəlik statistikasında xəstəlikdən vəfat edənlərin sayı 20 nəfərdən çox olur. Ölkədə uğurlu vaksinasiya prosesi həyata keçirildiyi təqdirdə ölənlərin sayında azalma qeydə alınmır. Halbuki peyvənd virusa yoluxanların xəstəliyini yüngülləşdirmək, vəziyyəti ağır olan şəxsləri isə ölümdən xilas etmək üçün nəzərdə tutulub. Belə olan halda niyə virusdan ölənlərin sayı azalmır?

Mövzu ilə bağlı BAKU.WS-ə müsahibə verən tibb elmləri doktoru, professor Adil Qeybulla virusdan ölənlərin sayının azalmamasını bir insanın bir neçə dəfə koronavirusa yoluxması, o cümlədən saxta COVID-19 pasportu olanların çoxalması ilə əlaqələndirib:

"Ölkədə vaksinasiya prosesi həyata keçirilsə də saxta peyvənd pasportu alanlar da var. Bunlar xeyli problem yaradırlar. Adları sənədlərə vaksin olunmuş kimi düşür. Bu da saxta statistikanın yaranmasına səbəb olur. Bundan sonra da vaksinasiya statistikası reallığı tam əks etdirmir. Bundan başqa ölənlər arasında neçəsinin peyvənd olunandan sonra vəfat etdiyini müəyyənləşdirmək lazımdır.

Vaksin olunan şəxslər arasında ya ölüm halı yoxdur, varsa da çox cüzi haldadır. Hazırda dünyada peyvəndlənmə prosesi uğurla getmir. Bu da prosesin ləngiməsinə səbəb olur. Nəticədə virus mutasiyaya uğramaqda davam edir. Bu da belə məsələləri yaradır. Artıq ikinci, üçüncü dəfə xəstələnən olan zaman ölüm hallarında da azalma müşahidə edilmir. Vaksinasiya istər dünyada, istərsə də ölkəmizdə nə qədər intensiv şəkildə həyata keçirilərsə yoluxamanın qarşısı bir o qədər alına bilər".

Məsələ ilə bağlı BAKU.WS-ə danışan həkim-mütəxəssis Vasif İsmayıl isə virusdan ölüm hallarının azalmamasını aktiv xəstə sayı ilə əlaqələndirir:

"Azərbaycanda aktiv xəstə sayı müəyyən bir səviyyədə qaldığı və çox şiddətli dərəcədə artmadığı üçün ölüm faizi də stabilləşib. Azərbaycanda bu dalğanın bitməməsində təhsil müəssisələrinin açılmasının da böyük rolu var. Buna görə koronavirus bəlasından qurtulmaq üçün hamıya ancaq peyvənd olunmağı məsləhət görürəm".

Mövzu ilə bağlı TƏBİB-lə də əlaqə saxladıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, peyvənd olunma yoluxmanın qarşısını tam almır. Vaksin virusa yoluxmada ağırlaşmaları minimuma endirir, reanimasiyaya düşməyi, müalicə xərclərini və ən əsası, ölüm hallarını kəskin şəkildə azaldır. Digər tərəfdən, ictimaiyyətə əvvəllər də bildirildiyi kimi, hospitalizasiya və reanimasiyaya düşən xəstələrin 90 faizindən çoxu vaksin olunmayan şəxslərdir".

Qeyd edək ki, dünyada pandemiyanın yayılmasından bu günə qədər ölkəmizdə 561,925 şəxs koronavirusa yoluxub, 7 471 nəfər isə vəfat edib.

Bu ümumi yoluxanların 7%-i deməkdir. Müqayisə üçün bildirək ki, koronavirusdan ölənlər qonşu Türkiyədə yoluxanların 11%, İranda 4.7%, Rusiyada 3%, Gürcüstanda isə 7%-ni təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər