Azərbaycanda həkimlərin sayı ilə bağlı tanınmış professordan XƏBƏRDARLIQ
"Azərbaycanda adambaşına düşən həkim sayı beynəlxalq göstəricilərlə müqayisədə aşağıdır. Bu fakt həkim çatışmazlığının mövcud olduğunu göstərir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, məsələ təkcə sayla məhdudlaşmır, struktur və kadr siyasəti də burada mühüm rol oynayır:
"Son illər müşahidə olunan əsas problemlərdən biri gənc həkimlərin xaricə axınıdır. Bir çox gənc mütəxəssis Türkiyə, Almaniya və digər ölkələrdə təhsilini davam etdirir, ixtisaslaşır və daha sonra həmin ölkələrdə işləməyə üstünlük verir. Bunun səbəbləri arasında daha yüksək əməkhaqqı, peşəkar inkişaf imkanları və daha sabit iş mühiti dayanır. Nəticədə ölkə daxili kadr potensialı zəifləyir.
Digər tərəfdən, 65 yaşa çatmış həkimlərin avtomatik şəkildə pensiyaya göndərilməsi praktikası da kadr çatışmazlığını dərinləşdirən amillərdən biri olub. Halbuki uzun illərin təcrübəsinə malik, əmək qabiliyyəti olan və işləmək istəyən həkimlərin sistemdən uzaqlaşdırılması real insan resursunun itirilməsi deməkdir. Təcrübəli mütəxəssislərin fəaliyyətini davam etdirməsi həm gənc kadrların yetişdirilməsi, həm də xidmət keyfiyyətinin qorunması baxımından vacibdir. Bu məsələyə daha çevik və fərdi yanaşma tətbiq olunmalıdır".
Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" hesabatına görə, 2025-ci ilin əvvəlinə hər 10 min nəfərə düşən həkim sayı Bakı şəhərində 101,7 olduğu halda, bölgələrdə bu göstərici xeyli aşağıdır. Gəncə-Daşkəsən iqtisadi rayonunda 24,5, Naxçıvanda 14,9, Quba-Xaçmazda 13,0, Dağlıq Şirvanda 10,8, Lənkəran-Astarada 9,7, Mil-Muğanda isə 8,6 nəfər təşkil edir.
Ayrı-ayrı rayonlarda vəziyyət daha kəskindir: Daşkəsən, Gədəbəy, Ucar, Zərdab, Yardımlı və Lerikdə həkim təminatı əhali sayına nisbətdə olduqca aşağı səviyyədədir. Statistik göstəricilər paytaxtla regionlar arasında ciddi fərqin mövcud olduğunu göstərir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda güclü külək bir sıra fəsadlara səbəb olub
Biləsuvar və Cəlilabad rayonlarında əsən güclü külək bir sıra fəsadlara səbəb olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, külək Biləsuvarın bəzi əraziləri...