Azərbaycanda hava pisləşir – Dövlət qurumları hərəkətə keçdi
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Azərbaycanda bu seçkilərə maraq böyükdür. Xeyli sayda namizəd qeydə alındığı üçün səsverməyə gələnlərin də kifayət qədər olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, seçki günü ölkədə soyuq hava şəraiti müşahidə olunacaq. Məlumatda bildirilir ki, uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək:
“Fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”, - deyə o bildirilib.
Bəs seçicilərin məntəqələrə rahat çatması, səsvermə prosesində hər hansı bir texniki problemin yaranmaması üçün müvafiq qurumlar hansı işləri görürlər?
“Yeni Müsavat”a danışan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, agentlik əməkdaşları ehtiyac olduğu təqdirdə lazımi tədbirləri görəcəklər:
“Bakı şəhəri və Abşeron yarımadası üzrə kəskin hava şəraitinin olacağı barədə xəbərdarlıq edilməyib. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Onu da deyim ki, hazırda da bizim əməkdaşlarımız dağlıq rayonlarda gücləndirilmiş iş rejimində çalışırlar. Bakı şəhərində hiss olunmasa da qış fəsli girəndən dağlıq və dağətəyi rayonlara zaman-zaman qar yağır, yollar buz bağlayır.
Bunun aradan qaldırılması üçün də müvafiq addımlar atırlar. Yəni seçki günü də bizim üçün normal iş günüdür. Dağlıq ərazilərdə həmin günü də gücləndirilmiş iş rejimində çalışacağıq. Təbii ki, nəzarət olacaq ki, səsvermə keçirilən ərazilərdə hər hansı bir problem yaşanmasın. Yaşansa belə, bu, qısa müddətdə aradan qaldırılacaq”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, onlar indi də gücləndirilmiş iş rejimində çalışırlar:
“Çünki son iki gündə baş verən güclü küləklər bəzi yerlərdə elektrik təsərrüfatımıza ziyan vurub. Xüsusilə də dağlıq rayonlarda, Lerik, Gədəbəy, Daşkəsəndə problemlər var. Hazırda hər yerdə enerji təchizatı normaldır. Ancaq təhlükəsizlik baxımından işlər görürük. Bəzi yerlərdə insanlara, evlərə təhlükə yaranmaması üçün özümüz qısamüddətli fasilələr yaradırdıq.
Qarşıdan seçkilər gəlir, ayın 10-na qədər hər gün növbətçilik təşkil edilib. Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə, o cümlədən də regional enerji təchizatı və satışı idarələrində əlavə mal-materiallar, mexanizmlər ayrılıb. Hər bir seçki məntəqəsinin elektrik xətləri yoxlanılıb. Haradasa problem yarana bilərsə, əvvəlcədən ölçü götürülməsi, araşdırılması üçün işlər görülüb.
İstər seçki məntəqələri, istərsə də seçki dairələri üçün növbətçilik əsasında texniki departamentdən fərdi qaydada insanlar ayrılıb. Hər bir məntəqədə bizdən asılı olmadan problemlər yaranarsa, əlavə generatorlardan istifadə ediləcək. Tam 24 saat seçki məntəqələrinin enerji təchizatı təmin olunsun deyə çox yüksək səviyyədə göstərişlər verilib.
Hazırda da bütün dairələr yenidən yoxlanılır. Hansısa problem yaranarsa, bunun operativ qaydada aradan qaldırılması üçün mal-material alınaraq problem olan yerlərə göndərilir. Bundan əlavə, ”199" çağrı mərkəzimiz də 24 saat xidmətdədir. Əgər bir problem olarsa, bu nömrəyə zəng etməklə bildirmək olar. Bu mərkəzdə də gücləndirilmiş iş rejimi tətbiq edilib. Seçki günü ölkə üzrə gücləndirilmiş iş rejimində xidmət göstəriləcək".
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, onlar da ayın 9-da müvafiq tədbirləri görəcəklər:
“Məlum olduğu kimi, fevralın 9-da soyuq hava şəraiti gözlənilir. Buna görə də qazpaylayıcı stansiyalarda yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılan qaztənzimləyici qurğuların giriş-çıxış təzyiqləri zamanında araşdırılacaq.
Çünki əgər təzyiq aşağı düşməsi qeydə alınarsa, vətəndaşlar tərəfindən qaynar xətlərimizə bu barədə məlumat daxil olarsa, o zaman normativə uyğunluq yoxlanacaq. Texnoloji rejimin artırılmasına tələbat olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalarsa, o zaman rejimlərin optimallaşdırılmasına ciddi nəzarət olunacaq və rejim qaydasına salınacaq.
Vətəndaşlardan xahiş edirik ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar qazın təzyiqində dəyişiklik yaranarsa, onlar ”104" və “108" saylı qaynar xətlərə məlumat versinlər. Əgər qaynar xəttimizə düşə bilməsələr, o zaman daim aktiv olan 077 3104104 saylı ”whatsapp" nömrəmizə həm yaza, həm də mövcud durumla bağlı foto, video göndərə bilərlər.
Dərhal da həmin xətt aktiv olduğu üçün reaksiya göstəriləcək. Bundan əlavə, deyim ki, qaz-qəza xidmətinin əməkdaşları ciddi və gücləndirilmiş iş rejimində çalışacaqlar. Hər hansı bir problem yaranarsa, hadisə yerinə çıxıb, həmin problemin aradan qaldırılması üçün səy göstərəcəklər. Hava şəraiti kəskin dəyişən zaman əməyin təhlükəsizliyi ilə bağlı tədbirlər də görülür.
Havanın dəyişməsindən asılı olaraq hündür yerlərdə işləməyə, odlu işlərin aparılmasına və xüsusən də qapalı yerlərdə belə işlərin görülməsinə qadağalar tətbiq edilir. Bir sözlə, əməyin təhlükəsizliyi ilə bağlı da ciddi tədbirlər görüləcək".
Oxşar xəbərlər
Külək olacaq, yağış yağacaq - Sabahın hava proqnozu
Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən...