Avtobuslarda yaranan sıxlıq yoluxma hallarını artıracaqmı? - MÖVQE
COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejimi 2020-ci ilin avqustun 10-dan etibarən qismən yumşaldılıb.
BAKU.WS xəbər verir ki, karantin rejiminin yumşaldılmasından sonra bir çox iş yerlərinin açılması fonunda ictimai nəqliyyatdan istifadə halları çoxalıb.
Lakin sərnişinləri narahat edən bir məqam var ki, bu da avtobuslarda yaranan sıxlıqdır. Nəzərə alsaq ki, metro və Bakı-Sumqayıt elektrik qatarları işləmir, ictimai nəqliyyatda yük avtobusların üzərinə düşüb.
İndiki vəziyyətdə avtobuslarda yaranan sıxlıq fonunda koronavirusa yoluxma hallarının artacağı da istisna deyil. Mövcud vəziyyətin nə qədər təhlükəli olması və çıxış yollarını tapmaq məqsədilə ekspertlərə və rəsmi quruma müraciət etdik.
Tibb elmləri doktoru Adil Qeybulla BAKU.WS-ə bildirib ki, Bakı-Xırdalan-Sumqayıt qatarı texniki səbəblərdən fəaliyyətini dayandırıbsa, burada karantin vəziyyəti də nəzərə alınmalıdır:
"Çünki karantin ən öndə olan prosesdir. Düşünürəm ki, Bakı-Sumqayıt qatarının yükləndiyi qədər sərnişin daşıya bilən avtobuslar xəttə əlavə olunmalıdır. Əks halda avtobuslarda yaranan sıxlıqla karantin qaydaları ciddi şəkildə pozulacaq. Bununla da ciddi fəsadlar yaşaya bilərik.
Əgər belə bir zərurət ortaya çıxıbsa, mütləq onun kompensasiyası ictimai nəqliyyatda olmalıdır. Yəni avtobus sayı müvafiq qədər artırılmalıdır. Əslində bu, metroda da belə olmalıdır.
Bakı Nəqliyyat Agentliyi (BNA) metro bağlandığı halda, avtobusların sayını elə səviyyədə artırmalıdır ki, qətiyyən sıxlıq yaranmasın. Karantin qaydaları və davranışlarının pozulması həmişə infeksiyanın yayılmasına şərait yaratmaq deməkdir”.
Millət Vəkili Fazil Mustafa isə BAKU.WS-ə qeyd etdi ki, bu məsələ Operativ Qərargahın özünü daha çox düşündürməlidir:
"Çünki bizim kənardan tövsiyə verməyimiz doğru deyil. Mən, açığı, şərtlərlə tanış deyiləm, burada statistika olmalıdır ki, nə qədər insan avtobusdan istifadə edir.
Hər-halda çimərliklərə, tutaq ki, avtobuslar işləmir. Dünən mən bunu xüsusi olaraq müşahidə edirdim. Lakin on minlərlə avtomobil dəniz kənarına üz tutmuşdu. Yəni avtobussuz da minik avtomobili insanlarda olduğu üçün bu məsələ üzərində düşünməliyik ki, avtobus olmasa necə ola bilər? İnsanlar işə necə çata biləcəklər?
Digər tərəfdən avtobusların sayını da artırmaq olmur. Onda da yenə sıxlıq, nəqliyyatda tıxac problemi yaranır. Bunlar hamısı bir-birilə əlaqəli proseslərdir. Bu məsələdə mən konkret tövsiyə verə bilmirəm. Amma bütövlükdə yumşalma varsa, qatarların açılışına getmək olar.
Ən azından qatarda məsafə saxlamaq imkanı daha çoxdur. Amma bu məsələ ilə bağlı Operativ Qərargah araşdırma apardıqdan sonra qərar çıxarır.
Fikrimcə, metronun açılması daha təhlükəlidir. Yerin altında yoluxma riski daha böyükdür. Amma nisbətən yay ayları olduğu üçün avtobus daha təhlükəsizdir.
Məktəblər başladığı təqdirdə bu daha təhlükəli olacaq. İndiki vəziyyətdə Operativ Qərargah, çox güman ki, bunu nəzərə alıb. Ali və orta məktəblər olanda bu sıxlıq 3 qat artacaq”.
Mövcud vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirildi ki, xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 əlavə M1 A, M2 A və M8 ekspres xətti bu gündən fəaliyyətə başlayıb:
"Saat 6:30-dan 21:00-dək fəaliyyət göstərəcək ekspres xətlər üzrə "BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunub.
Bir neçə gündür ki, test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır.
M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13 000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.
Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə "BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır: "Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və "BakıKart”ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.
Məlumat üçün bildirilir ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq".
Oxşar xəbərlər
Cəlal İsayev: “Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır”
Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statisti...