"Hökumət təcili tədbirlər görməlidir" - Həkimlərdən koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Paytaxtda insan çoxluğu müşahidə olunur. SMS icazə sistemindən sui-istifadə edən insanlar 3 saat küçədə zaman keçirirlər. Ən pis tərəfi isə budur ki, çölə çıxanların çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı sosial məsafəni də qorumur. İnsanların bu məsuliyyətsizliyi koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla karantin şərtlərinə bu cür etinasız davranışın arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini istisna etmir. O, çıxış yolunu Azərbaycan hökumətinin məsələyə təcili reaksiya verib qəti tədbirlər görməsində, əhali arasında izahat işinin gücləndirilməsində görür:
"Karantin qadağalarının bir qismi dəyişdirildi. Bu gün sanki ölkədə heç bir problem olmayıb. Pandemiyanın başlanğıcında olduğu kimi, aprelin 20-dən sonrakı yeni situasiyada da insanların davranış qaydaları ilə bağlı heç bir izahat işi aparılmadı və aparılmır. İnsanların çoxu küçəyə axışmağa başlayıb, sosial məsafə gözləmədən, maskasız gəzişirlər. Bəs karantin şərtləri necə olacaq? Açılan ticarət obyektlərində bu şərtlərə əməl ediləcəkmi? Ticarət obyektlərinə giriş limiti, orada sosial izolyasiya və dezinfeksiya tədbirlərinə necə əməl olunacaq?...
Karantin şərtlərinə bu cür etinasız davranış şərtləri arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Dünya Səhiyyə Təşkilatının buradakı nümayəndələri konfrans keçirib mədhiyyələr söyləməkdənsə öz işləri ilə məşğul olsalar daha faydalı olmazmı?
Məlumdur ki, respirator infeksiyalar bir qayda olaraq kollektiv immunitetin yaranması ilə yoxa çıxır. COVID-19 ştamına qarşı ölkəmizdə kollektiv immunitet yaranmayıb. Hər an infeksiyanın ikinci dalğası, reinfeksiya başlaya bilər. Bu isə daha ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycan hökuməti məsələyə təcili reaksiya verib qəti tədbirlər görməlidir. Əhali arasında izahat işi gücləndirilməlidir".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxu məsələnin nə qədər ciddi olduğunu başa düşmür:
Bu, çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu, insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artdığını görürük. Bu bizi narahat edib, düşündürməlidir.
Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.
Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlarda insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar.
Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir".
Koronavirusun olduqca təhlükəli olduğunu qeyd edən Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev insanları arxayınlaşmamağa çağırır:
Əgər əhali dövlət qurumlarının müəyyən etdiyi normativlərə əməl etsə, bu virus ölkəmizdən xaric olacaq. Yoluxma sayının çoxalması da əhalinin bu qaydalara riayət etməməsi nəticəsində baş verə bilər. Vətəndaşlar birdəfəlik bilməlidirlər ki, xəstəliyə yoluxma sayı artarsa, məhdudiyyətlər gücləndiriləcək. Karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir. Qaydalara əməl edilmədiyi təqdirdə əhali arasında virusa yoluxmanın ikinci dalğası başlaya bilər".
Baş epidemioloq əlavə edib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma ehtimalı hələ çoxdur:
"Mən əhalidən xahiş edirəm ki, vacib işi olmayanlar küçəyə çıxmasınlar. Küçəyə yalnız zəruri tələbatın ödənilməsi üçün çıxmaq lazımdır. İnsanlar kütləvi yerlərdən uzaq dayanmağa çalışmalıdırlar. Əhalinin kütləvi şəkildə toplanması xəstəlik hallarının sayının yenidən artmasına səbəb olar.
Respublikanın baş infeksionisti, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü Cəlal İsayev bunun çıxış yolunu maska və əlcək taxmaqda, sosial məsafə saxlamaqda görüb:
"Bu yumşaldılma virusun artmasına gətirib çıxarmamalıdır. Fəaliyyətinə icazə verilən vətəndaşlar və ya onların xidmətindən istifadə edən əhali mütləq maskadan və əlcəkdən istifadə etməlidir. Çünki kimin virus daşıyıcısı olduğunu bilmirik. İstər xəstəsi, istər sağlamı, mütləq maska və əlcək taxılmalıdır. Epidemioloji durum tam sabit olana qədər hər bir kəs öz sosial məsuliyyətini dərk edərək tələb olunan bütün sanitar-gigiyenik normalara əməl etməlidir”.
Oxşar xəbərlər
Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər - XƏBƏRDARLIQ
Aprelin 27-dən karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Təəssüf ki, çölə çıxan insanların bir çoxu maska və əlcəkdən istif...