Ali təhsildə yeni mərhələ: Magistratura 1 il olacaq, yoxsa 2 il qalacaq?

Son illər Azərbaycanda ali təhsilin keyfiyyəti, beynəlxalq standartlara uyğunlaşdırılması və əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı məsələsi geniş müzakirə olunur.
BAKU.WS-in məlumatına görə, bu kontekstdə magistratura təhsilinin müddətinin azaldılması və ya əksinə, artırılması ideyası da gündəmdədir.
Dəyişiklik sadəcə illərin sayını deyil, həm də təhsilin dərinliyini, praktik yönümünü və elmi hazırlıq səviyyəsini müəyyənləşdirəcək mühüm faktordur.
Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə bildirib ki, magistratura səviyyəsində müddətin dəyişməsi müxtəlif nəticələr doğura bilər:
"Təhsil haqqında" Qanunun 19-cu maddəsində qeyd olunur ki, ali təhsilin ikinci pilləsi elmi-tədqiqat və tətbiqyönlü biliklərin formalaşdırılmasına xidmət etməlidir. Bu baxımdan, magistratura müddətinin 1 ilədək azaldılması yalnız professional proqramlarda (məsələn, biznes idarəçiliyi, hüquq təcrübəsi və s.) tətbiq oluna bilər.
Amma elmi-tədqiqat yönümlü proqramlar üçün 2 illik modelin saxlanılması vacibdir. Dünya təcrübəsində, məsələn, Böyük Britaniyada və Avstraliyada magistr proqramlarının 1 illik olması əmək bazarına sürətli keçidi təmin edir, lakin Almaniya və Finlandiya kimi ölkələrdə 2 illik proqramlar elmi araşdırmaların dərinləşməsi və doktoranturaya hazırlıq baxımından effektiv hesab olunur. Azərbaycan üçün bu iki modelin paralel tətbiqi daha məqsədəuyğundur: tətbiqyönlü magistratura proqramları 1–1,5 il, elmi yönümlülər 2 il saxlanıla bilər.
Elm və Təhsil Nazirliyinin son illərdə ali və orta təhsil səviyyələrinin kredit əsaslı planlaşdırılması, universitetlərin keyfiyyət təminatı sisteminə daxil edilməsi və beynəlxalq reytinqlərə uyğun qiymətləndirmə mexanizmlərini tətbiq etməsi mühüm strateji addımdır. Nazirlik Bologna prosesinin 2024-cü illik hesabatında "uyğunluq səviyyəsi yüksələn ölkələr" siyahısında yer alıb. Bu o deməkdir ki, struktur baxımından Azərbaycanın ali təhsil sistemi artıq çevikdir və mərhələli islahatlara açıqdır.
Universitetlər isə bu prosesdə daha çox məsuliyyət daşımalıdır. Tədris planlarında hələ də sovet dövründən qalma fənn çoxluğu müşahidə olunur; bəzi ixtisaslarda 4 illik təhsil 200 ECTS ətrafında real yük verir, halbuki formal olaraq 240 ECTS göstərilir. Bu, məzmunun səmərəsizliyinə və fakültələrin məsuliyyətsiz planlaşdırmasına işarədir. Universitetlər səriştəəsaslı təhsil modelinə keçməli, hər kreditin arxasında real öyrənmə nəticəsi dayandığını sübut etməlidirlər. Əks halda, müddətin azaldılması keyfiyyətin düşməsi ilə nəticələnəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda hansı ərazilərdə tıxac var?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...
