Təyyarədə dəhşətli anlar: Sərnişin təcili çıxış qapısını açmağa çalışdı
Puerto-Rikodan Çikaqoya uçan sərnişin təyyarəsində təhlükəli insident yaşanıb. Sərnişinlərdən biri təcili çıxış qapısını açmağa cəhd göstərib, daha sonra pilot kabinəsinə daxil olmağa çalışaraq təyyarədə panikaya səbəb olub.
BAKU.WS xəbər verir ki, hadisə Frontier Airlines aviaşirkətinin San-Xuan–Çikaqo reysində qeydə alınıb. Məlumata görə, 51 yaşlı Xuan Qabriel Reyes havaya qalxdıqdan təxminən 45 dəqiqə sonra təyyarədən düşmək istədiyini bildirib və aqressiv davranışlar sərgiləməyə başlayıb.
Təcili çıxış qapısını açmaq cəhdinin qarşısı alındıqdan sonra o, pilot kabinəsinin qapısını zorla açmağa çalışıb. Kabin heyətinin müdaxiləsi nəticəsində sərnişin sakitləşdirilməyə çalışılsa da, onun davranışları daha da nəzarətdən çıxıb.
Daha sonra başqa yerə əyləşdirilən Reyes təyyarədə sərnişin kimi səfər edən növbədənkənar bir bələdçiyə hücum edib. O, həmin şəxsi boğmağa cəhd göstərib. Kabin heyəti və sərnişinlər birgə səylərlə onu zərərsizləşdirərək plastik qandallarla bağlayıblar.
Təyyarə təhlükəsizlik məqsədilə Mayami Beynəlxalq Hava Limanına təcili eniş edib. Şübhəli şəxs enişdən sonra saxlanılaraq FTB əməkdaşlarına təhvil verilib.
Məlumata görə, ona ekipajın fəaliyyətinə mane olmaq və hücum törətmək ittihamları irəli sürülüb. Təyyarə isə bir neçə saatlıq gecikmədən sonra Çikaqoya uçuşunu davam etdirib.
Oxşar xəbərlər
Panamada həbsxanadan kütləvi qaçış: ölənlər və yaralananlar var
Panamanın paytaxtında yerləşən həbsxanalardan birində baş verən kütləvi qaçış zamanı azı 3 nəfər ölüb, 9 nəfər yaralanıb. BAKU.WS xəbər verir ki, hadisə zamanı...