SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün "Qarabağ” futbol klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boys" klubu ilə cavab qarşılaşmasına çıxacaq. Saat 21:00-da Tofiq Bəhrəmov adına stadionda start götürəcək oyun üçün kassalarda bilet tapmaq müşkül məsələyə çevrilib. Lakin "qara bazar” dəllallarının işi şıdırğı gedir. 


BAKU.WS
-in əməkdaşı oyunun bilet almaq məqsədilə stadiona yollanıb. Elə "Gənclik” metrostansiyası yaxınlığına çatmışdıq ki, qarşımızı cavan bir oğlan kəsdi.

 

"Əmi futbola bilet istəmirsiz? Yaxşı yerlərdir. 15, 16 və 17-ci sıralara biletlər var. Qiymətləri də münasibdir”, - deyə gənc şirin dilini işə saldı.

Biletin qiymətlərilə maraqlandıqda isə təəccübləndik. "15 manata kassadan alınan 16-cı sektor üçün nəzərdə tutulmuş biletləri 25-30 manata satırdılar. Kassada isə bu sektora bilet 15 manatdan satışa çıxmışdı.  Biletlərin qiymətinin baha olduğunu dedikdə, cavan oğlan əsəbləşdi: "Əşşi bayaqdan de ki, pulum yoxdur. Gəl sənə 5 manatlıq bilet verim”. Oğlan bileti büküb əlimə dürtdü. Əzilən bileti açanda onun üstündə 2 manat yazıldıığını gördüm. Onu da öyrəndik ki, bilet "dəllalları" 1 manatlıq bileti 4 manata satırlar. VİP biletləri isə "qara bazar"da 100 manata tapmaq olar.

Kassaya yaxınlaşdıq. Kassanın kənarında kiçik növbə vardı. Kassadan öyrəndik ki, yalnız kənar yerlərə biletlər qalıb. Bəs yolda dayananların satdıqları biletləri hardan əldə etdiklərini soruşduqda isə sualımıza cavab verən tapılmadı.

Maraqlıdır ki, bilet alverçiləri polisin gözü qarşısında "at oynadır”dılar. Onlara heç "gözün üstə qaşın var” deyən də yox idi. Oyundan əvvəl isə bəyan edilmişdi ki, klub "qara bazar"da bilet satışının qarşısını almaq üçün biletləri oyuna 3 gün qalmış kassalara verəcək. Göründüyü kimi bu addım da effektiv olmadı. Vacib qarşılaşmaya 7-8 saat qalmış əldə satılan biletlərin qiymətinin matçın startına bir neçə dəqiqə qalmış necə bahalaşacağını isə təsəvvür etmək çətin deyil. 


Ziya Səccad
BAKU.WS