Bakı sakinləri parkinqlərdən ödənişsiz istifadə edə biləcək

Bakı sakinləri parkinqlərdən ödənişsiz istifadə edə biləcək
Sosial 871
Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) ixtiyarına verilən parkinqlərlə bağlı narazılıqlar səngimək bilmir. Belə ki, vətəndaşlar evinin yaxınlığında güzəştli parkinqlərdən istifadə etməklə bağlı vahid qaydanın olmamasından gileylənirlər. BAKU.WS xəbər verir ki, İcra Hakimiyyəti xidməti təşkil edərkən evinin qarşısında parkinq yerləşən vətəndaşlara müəyyən güzəştlər tətbiq edirdi. Vətəndaşlar hətta aylıq ödənişin yarısını ödəməklə parkinqlərdən nisbətən ucuz faydalanırdı. Hazırda isə bu sahədə boşluq var və "parkovşik"lərlə vətəndaşlar arasında narazılıq mövcuddur. Parkinqlərlə bağlı qonşu Rusiyada da vətəndaşlara müəyyən güzəştlər tanınır. Müxtəlif şəhərlərdə evinin qarşısında parkinq yerləri olan ailələrə yalnız bir yerlik pulsuz xidmətdən faydalanmaq imkanı verilir. Avtomobillərinin üzərinə loqo vuran sakinlər bu yolla həmin xidmətdən yararlanırlar. Parkinqlərlə bağlı ən ciddi qaydalar isə Avropa ölkələrində mövcuddur. Qitədə bina tikintisi ilə məşğul olan şirkətlərə əhali üçün parkinq xidməti təşkil etməyəcəyi təqdirdə binanı istifadəyə verməklə bağlı qadağa mövcuddur. Avropada yeni binadan ev alan vətəndaşlar avtomobillərini park etmək üçün də mütləq yerlə təmin olunurlar.Bəs, parkinqlərlə bağlı paytaxt Bakıda vəziyyət necədir? Paytaxt sakinlərinə bu tip güzəşltlər edilirmi? Bu suallara cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayevə müraciət etdik. O, BAKU.WS-ə bildirib ki, vətəndaşlara yaşadıqları ərazi üzrə fərdi parklanma talonlarının verilməsi planlaşdırılır: "Hazırda küçə parklanması ilə bağlı BNA tərəfindən idarəetmə yoxdu. Səbəbi də parklanma yerlərinə görə tariflərin müəyyən olunmamasıdır. Bunun üçün qiymətlərin təsdiq olunması ilə bağlı BNA Nazirlər Kabinetinə müraciət edib. Tariflər müəyyən olunana qədər isə kiminsə sürücülərdən parklanma xidməti adı altında vəsait alması tam qanunsuzdur.Bir məqamı da deyim ki, söhbət küçə parklanmasından gedir. Biz bir neçə dəfə bildirmişik ki, küçə parklanmasına görə pulun yığılması qanunsuzdur. BNA bununla bağlı həm ictimaiyyət, həm də müvafiq qurumlara müraciət edib. Agentlik idarəetməyə başladıqda vətəndaşlara yaşadıqları ərazi üzrə fərdi parklanma talonları veriləcək. Bunun sayəsində də onlar evlərinin yanındakı parklanma xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər".Azərbaycanda parkinq xidmətini təşkil edərkən əhalinin istəklərinin nəzərə alınması ilə bağlı nəqliyyat eksperti Azər Allahverənovla da əlaqə saxladıq. Ekspert BAKU.WS-ə açıqlamasınnda bildirdi ki, daimi parkinqdən istifadə edən vətəndaşlara güzəştli xidmətdən yararlanmaq imkanı yaradılmalıdır: “Şübhəsiz ki, əhaliyə müəyyən güzəştlər tətbiq olunmalıdır. Ona görə ki, bir var şəxs hansısa qısa müddət ərzində ərazidə avtomobilini park edir və bir müddət sonra onu oradan götürür. Bir də var ki, vətəndaş daimi parklanma dayanacağından istifadə edir. Ən azından ona görə ki, həmin yer onun yaşayış yeri və iş yerinin yaxınlığında yerləşir. Mütəmadi əsaslarla həmin dayanacaqdan istifadə etdiyi üçün ona müəyyən güzəştlər tətbiq edilə bilər. Hazırda parkinqlərlə bağlı nəzarət Bakı şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq Bakı Nəqliyyat Agentliyinə verilməsi prosesi gedir. Məndə olan məlumata görə, hələlik təhvil-təslim tam yekunlaşmayıb. Amma BNA prosesi yekunlaşdırmaq üzrədir və müəyyən yerlər var ki, parkinqlər üçün ödənişli dayanacaqlar fəaliyyət göstərir. Söhbət yollar və ya xüsusi yerlərdə təşkil olunan parkinqlərdən gedir. Həmin ərazilərdə daimi əsaslarla işləyən şəxslərə müəyyən güzəştlər şamil oluna bilər. Lakin güzəştlərin həcmi barədə nəsə demək çox çətindir. Çünki parkinq xidməti ilə bağlı yekun qiymətlər mövzusunda açıqlama yoxdur. Düzdür, Bakı şəhərində ayrı-ayrı ərazilərdə ödənişli parkinq yerləri fəaliyyət göstərir. Onların bir qismi bəzi tədbirlər zamanı güzəşt paketi tətbiq edib. Misal üçün, Azadlıq meydanının aşağı hissəsindəki dayanacaqda Birinci Avropa oyunları zamanı müəyyən güzəştlər edilmişdi. Həmin dayanacaqdan istifadə edən oyunların təşkilat komitəsinin işçilərinə güzəştlər tanınırdı. Komitə işçiləri üçün güzəştli qiymət cədvəli çıxarılmışdı və onlar oyunların təşkili ilə bağlı hər hansı gərginlik yaşamamaq üçün bu xidmətdən istifadə edirdi. Bu pnu göstərir ki, güzəşt paketi ilə bağlı təcrübəmiz var və yenə də hansısa formada tətbiq oluna bilər". Nəqliyyat eksperti açıqlmasında parkinqlə bağlı sui-istifadə hallarından da danışıb: "Düşünürəm ki, yeni qiymət məbləğinə baxıldıqda bu məqama bir daha diqqət yetiriləcək. Daimi əsaslarla dayanacaqdan istifadə edəcək şəxslərə güzəştlər şamil ediləcək. Amma bir reallıq da var ki, parkinq xidmətindən istifadə edərkən saatın qiyməti artdıqca dayanacaqdan istifadənin qiyməti azalır. Həmin dayanacaqdan daimi istifadə edən şəxslərə bu fonda daha güzəştli şərtlər təklif edilə bilər. Əhalinin digər qrupu da var ki, onlara güzəştlər tətbiq edilməlidir. Əlilliyi olan və cəmiyyətin müxtəlif həssas qrupu olan şəxslər üçün əlverişli şərait yaradılmalıdır. Amma burda bir nüans ortaya çıxır ki, həmin insanlar düzgün müəyyənləşdirilməlidir. Bəzi sui-istifadə hallarına rast gəlinir. Bəziləri öz avtomobillərini həssas qrupa daxil olan şəxslərin adına rəsmiləşdirir, amma idarə edən tamam başqa adam olur. Hesab edirəm ki, ilk növbədə daimi dayanacaqlardan istifadə edənlərə ödənişlərdə güzəşt prinsipini tətbiq etmək lazımdır. Növbəti mərhələdə sui-istifadə halların qarşısını almaq üçün mexanizm işlənməlidir. Güzəştlər insanlara təkcə qiymətlə deyil, başqa istiqamətdə də tətbiq oluna bilər. Misal üçün bonus sistemini tətbiqi uğurla ola bilər. Avtomobilini uzun müddət bir yerdə saxlayan şəxslərə hansısa güzəştlər tanına bilər. Burda müxtəlif güzəştl və yanaşmalar mövcuddur". Azər Allahverənov həmçinin qeyd etdi ki, istənilən halda vətəndaşın evinin yanında ödənişli dayanacaq sistemi təşkil olunursa, bu, onun cibinə uyğun olmalıdır: "Bundan başqa vətəndaşa öz avtomobilini park etmək üçün alternativ imkanlar da yaradılmalıdır. Məsələn, hansısa yaşayış massivinin dörd tərəfində yol varsa və orada ödənişli parkinq xidməti fəaliyyət göstərirsə, həmin binanın sakinləri ancaq ödənişli xidmətdən istifadə etməməlidir. Vətəndaşa digər alternativ parkinq xidməti də təklif olunmalıdır. Bundan başqa məhəllələrarası yollara baxsaq, oradakı yerlərin də zəbt olunmasının şahidi oluruq. Hansıa sarı jiletli və əlində dəyənək olan şəxslər orada parkinq xidməti təşkil edib. Sakinlərə avtomobillərini saxlamaq üçün həm ödənişli, həm də ödənişsiz yerlər təklif olunmalıdır. Ödənişli yerlər isə əgər mənim yaşadığım və işlədiyim yerin yaxınlğındadırsa, onda güzəştlər tətbiq olunmalıdır. Bu tip məsələlər çox ciddi şəkildə təhlil olunmalı və vahid yanaşma formalaşmalıdır". Orxan Hüseyn

Son xəbərlər