Dünən gecədən başlayan şaxtalı hava ölkədə bəzi problemlərə səbəb olub.


BAKU.WS
-in məlumatına görə, paytaxtın bəzi ərazilərində işıq və qaz problemi yaşanıb. Müəyyən yerlərdə su xətləri donub.


Problemlər əsasən paytaxtın Xətai, Binəqədi, Nərimanov, Qaradağ, Yasamal rayonlarında özünü göstərib. Kənd və ətraf qəsəbələrdə, elektrik enerjisinin verilişi səhərə qədər dayandırılıb. Nərimanov və Binəqədi rayonu ərazisində təbii qaz verilişində problem yaranıb.


Yaranmış elektrik enerjisinindəki problemin nə zaman həll olunacağını öyrənməyə cəhd etdik. Lakin suallarımıza cavab verən tapılmadı. 


Daha sonra "Azəriqaz” İstehsalat Birliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev BAKU.WS açıqlamasında bildirdi ki, ölkədə şaxtalı havaların hökm sürdüyü dönəmdə elə də ciddi problemlər yaranmayıb. 


"Yalnız qəza halları baş verərsə, birliyin təmir-tikinti idarəsinin işçi heyəti əraziyə müdaxilə edir. Heyət yaranan qəzaların aradan qaldırılması məqsədilə lazımı avadanlıqlarla təchiz olunub”, - deyə İbrahim Kərbalayi vurğulayıb.

 

Onun sözlərinə görə, dünən gecə saatlarında Nərimanov rayonu ərazisində iri diametrli qaz xətti zədələnib: "Avtomobil vurub xəttin böyük bir hissəsini dağıdıb. Hadisədən sonra əraziyə əməkdaşlarımız cəlb olunub. Dərhal müdaxil olunub. Əməkdaşlarımız tərəfindən həmin ərazidə gecədən başlayaraq təmir işləri aparılır. İşlər bu gün də davam etdirilir. Yaxın saatlarda yaranan problem aradan qaldırılacaq. Alternativ olaraq digər xətdən əhaliyə verilən təbii qaz təminatı bərpa olunub. Soyuq-şaxtalı keçən dönəmdə qaza olan tələbat artdığından əhaliyə təbii qazdan istifadə zamanı diqqətli olmalarını, təhlükəsizlik qaydalarına əməl etmələrini xahiş edirik”.


Dünəndən Bakıda müşahidə olunan qarlı hava şəraiti "Azərsu” ASC-nin işinə təsir etməyib. BAKU.WS-ə açıqlamasında ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, xətlərin donması ilə bağlı hələ heç bir şikayət daxil olmayıb.

 

Mətbuat katibinin sözlərinə görə, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılan sayğaclara vətəndaşlar cavabdehdir: "Sayğacların işlək vəziyyətdə saxlanılmasına, plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır. Şaxtalı günlərdə fərdi yaşayış evləri və həyətyanı sahələrdə quraşdırılan sayğaclar donvurmadan sıradan çıxarsa, onlar abunəçilərin öz vəsaiti hesabına yenilənəcək. Çünki qeyd etdiyim yerlərdə sayğacların donvurmasının məsuliyyətini "Azərsu” daşımır”.

 

A.Cəbrayıllı belə günlərdə əhaliyə sayğacları qorumağı tövsiyə edib: "Fərdi yaşayış evlərində su xətlərini donvurmadan qorumağın ən rahat yolu suyu şaxtalı günlərdə gecə saatlarında az şəkildə açıq qoymaqdır. Suyu açıq qoysaq, bir gecəyə təxminən 500-1000 litr su israf olunur. Bu da təxminən 30 qəpik civarındadır. Amma sayğacı dəyişdirsək, vətəndaş 140 manat pul ödəməli olacaq. Bina evlərinin bloklarında quraşdırılan sayğaclara bu qaydalar şamil olunmur. Blokda olan sayğaclarda onsuz da donma olmur. Olsa belə, donma səbəbi ilə sıradan çıxan sayğacları öz vəsaitimiz hesabına dəyişirik. Bu xəbərdarlıq əsasən həyət evləri və həyətyanı sahələr üçün nəzərdə tutulub. Su sayğaclarını qorumaq üçün taxta yonqarlarından istifadə etmək mümkündür. Məsələn, sayğacın qutusuna taxta yonqarlarını doldurmaqla donmadan mühafizə etmək olar. Eyni zamanda, sayğac quraşdırılanda qutunun içərisində gümüşü rəngdə izolyasiya qatı olur. Bəzən bu izolyasiya qatına müdaxilələr olur, qoparılıb, atılır. Onu da əlavə edim ki, hava çox şaxtalı olanda bu izolyasiya qatı etibarsız da ola bilər. Bu səbəbdən xəttin donmaması üçün əlavə izolyasiyaedici vasitələrdən istifadə etmək mütləqdir”.


Ziya Babayev

BAKU.WS