SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşmaq mərhələsindədir.


BAKU.WS
-in məlumata görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Seyfulla Əzimov 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışı zamanı deyib.


S.Əzimov bildirib ki, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın ödənilməsi təmin olunub.


General-mayor müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, hesabat dövründə Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş İdarədə başlanılmış cinayət işinin istintaqı DİN rəhbərliyinin nəzarəti altında davam etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür: "Hazırda cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır”.


Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.

Ziya Babayev

BAKU.WS