SİZİN REKLAM BURADA!
055 213 76 73



Yerli mediada və real həyatda tez-tez dönər hazırlamaq üçün at, eşşək və ya insan ətindən istifadə olunmasını eşidirik. Bütün bunlara bəziləri inansa belə, bəziləri inanmır və dönər yeməyə davam edirlər.

BAKU.WS xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin yaydığı bəyanatda da bu məsələyə toxunulub:

“Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır. Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər. Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov saytımıza açıqlama verərkən qeyd edib ki, dənizin duzlu olduğunu bilmək üçün onun hamısını içməyə ehtiyac yoxdur.

“4 il bundan əvvəl Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartlarını hazırladı. Bu standartlara uyğun olaraq, dönərlər təzə ətdən düzəldilib, şişə taxıb, heyvanda olan bakteriyaları aradan qaldırmaq üçün - 40 dərəcə dondurmadan keçirib, qablaşdırıb, soyuducu avtomobillərdə dönərxanalara gətirilməli idi. Dövlət Komitəsi bu şərtlərə riayət edən 4 müəssisəyə bu hüququ vermişdi. Bunlar "Azprotein Foods Group", “Səhliyalı” şirkəti və hal-hazırda bağlanan Gəncədə olan bir şirkət və “Çudo Peçka” idi. Onlardan qalan 2 şirkət hal-hazırda dediyim standartlara uyğun olaraq ətləri hazırlayır və dönərxanalara çatdırır”.

Sədr bildirib ki, Bakıda 15000-ə qədər dönərxana var.

“Biz kiçik araşdırma aparmışıq və müəyyən etmişik ki, 60-70 dönərxana məhz bu iki şirkətdən ətləri alırlar. Qalan dönərxanalara isə ətlərin haradan gəldiyi, necə gəldiyi bilinmir. Bir halda ki, ətlər dövlətin müəyyən etdiyi yerlərdən alınmır, burada hər ehtimal ola bilər. Yəni onların mənşəyi bilinməyən ətlərdən istifadə etdikləri ehtimalı çoxluq təşkil edir”.

E.Hüseynov qeyd edib ki, Qida Təhlükəsizliyi agentliyinin yaradılmasına ilk vaxtlar sevinsə belə artıq məyus olmağa başlayıb. Bunun səbəbi isə onların konkret işlərlə məşğul olmamalarıdır.

“Qida Təhlükəsizliyi agentliyinin bəyənatı düzgün deyil. Onlar sübut etsin ki, 15000-ə qədər olan dönərxanalarda Eyyub müəllimin dedikləri müəyyən olunmayıb. Bunlardan başqa türklərin Azərbaycana gətirilən türkiyə mallarının təhlükəli olmasını qeyd etdikdən sonra agentlik heç nə eləməyib. Onlar əslində ekspertiza keçirməli idilər. Bunu da qeyd edim ki, biz Qida Təhlükəsizliyi agentliyinə dəstək verməyə həmişə hazırıq”.

AİB sədri ölkədə əlavə olaraq bildirib ki, 20 ildir onlar bu məsələlərlə məşğuldurlar.

“İllərdir ki, mən istehlakçı hüquqlarını qoruyuram və mənə gələn zənglər əsasında fikirlərimi bölüşürəm. Ona görə də düşünürəm ki, sanitar normalara cavab verməyən, dövlətin təsdiq etdiyi müəssisələrdən əti almayan yerlərdən dönər almaq təhlükəlidir. Mən demirəm ki, dönərlər insan ətindən hazırlanır. Çünki bunu bilsəm, imkan vermərəm ki, o yerlər fəaliyyət göstərsin”.

Hicranə İsmayılova
BAKU.WS