Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı

Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı
Şou-biznes 37

"Ölməz" polis obrazı ilə tanınan amerikalı aktyor Bryus Uillisin səhhəti ilə bağlı yeni məlumatlar açıqlanıb. Aktyora 2023-cü ildə frontotemporal demensiya diaqnozu qoyulub və xəstəlik zaman keçdikcə irəliləyir.

BAKU.WS xəbər verir ki, aktyorun həyat yoldaşı Emma Heminq Uillis 2026-cı ilin sentyabrında verdiyi müsahibədə onun vəziyyətinin son illərdə tədricən pisləşdiyini bildirib.

Onun sözlərinə görə, Bryus Uillis hələ də yaxınlarını tanıyır və ailəsi ilə emosional əlaqəsini qoruyur. Bununla yanaşı, aktyorda xəstəliyini dərk etmə qabiliyyətinin azalması – anosoqnoziya müşahidə olunur.

Bryus Uillisin səhhətində ilk problemlər çəkilişlər zamanı özünü göstərib. Aktyorun replikaları yadda saxlamaqda çətinlik çəkdiyi bildirilir. 2022-ci ilin martında ailəsi onun afaziya səbəbindən aktyorluq karyerasını başa vurduğunu açıqlayıb.

2023-cü ilin fevralında isə ailə aktyora daha dəqiq diaqnoz qoyulduğunu – frontotemporal demensiyanı açıqlayıb. Afaziya bu xəstəliyin əlamətlərindən biri hesab olunur.

Frontotemporal demensiya zamanı əsasən beynin alın və gicgah paylarında yerləşən sinir hüceyrələri zədələnir. Bu nahiyələr nitq, davranış, planlaşdırma, qərarvermə və emosional reaksiyaların formalaşmasında mühüm rol oynayır.

Xəstəlik müxtəlif formalarda özünü göstərə bilər. Bəzi hallarda ilk olaraq nitq pozulur, insan sözləri seçməkdə və fikrini ifadə etməkdə çətinlik çəkir. Digər hallarda isə davranış və şəxsiyyət dəyişiklikləri daha qabarıq olur.

Frontotemporal demensiyanın yaranmasının dəqiq səbəbi əksər hallarda məlum deyil. Bəzi hallarda xəstəliyin genetik faktorlarla əlaqəli olduğu müəyyən edilib.

Hazırda frontotemporal demensiyanı tam sağaldan və ya onun inkişafını dayandıran müalicə mövcud deyil. Tibbi yardım əsasən simptomların idarə olunmasına, ünsiyyət imkanlarının qorunmasına və xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir.

Ailənin sözlərinə görə, Uillisin gündəlik ehtiyacları artdığı üçün onun üçün daimi mütəxəssis nəzarətinin olduğu ayrıca, bir mərtəbəli yaşayış məkanı da hazırlanıb.

Qeyd edək ki, Bryus Uillis 2026-cı ilin avqustunda qızının toy mərasimində iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər