Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü"

Əhali qorxu içində: Üstümə cumdu, məni yerlə sürüdü
Video
Hadisə 43

Gəncə şəhərinin Zülfü Hacıyev küçəsində yaşayan sakinlər ərazidə sahibsiz itlərin sayının artmasından şikayətçidirlər.

BAKU.WS xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə səhər və axşam saatlarında sahibsiz itlər ərazidə ciddi narahatlıq yaradırlar. Bildirilir ki, heyvanlar hətta binaların bloklarına qədər daxil olur, uşaqlara və avtomobillərə hücum edirlər.

"Burada 40 ildən çoxdur yaşayıram. İndiyə qədər belə çox it görməmişdim. Evimizə rahat gəlib-gedə bilmirik. Bir dəfə nəvəmi it dişlədi. Müraciət etdik, amma baxan olmadı. İndi də özüm evə gələndə it üstümə cumdu, məni yerlə sürüdü", - deyə sakinlərdən biri bildirib.

Vətəndaşların sözlərinə görə, ərazidə çalışan bir şəxs sahibsiz itlərə mütəmadi olaraq qida verir, buna görə də ətrafdakı heyvanlar bura cəmləşirlər.

Sözügedən şəxs isə ittihamları qəbul etmir:

"İtlərə yem verirəm, onlara nəzarət edirəm. Bunların hamısı qısırlaşdırılıb, peyvənd olunub. Uşaq daş atmasa, onları qıcıqlandırmasa, itlər heç kimə hücum etməzlər".

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi, onların sağlamlığının qorunması və rifahının təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, bir müddət əvvəl Gəncə şəhər ərazisindən 350-yə yaxın sahibsiz küçə heyvanı toplanaraq Qaradağ rayonunda yerləşən ixtisaslaşmış sığınacağa yerləşdirilib.

Bildirilib ki, bu istiqamətdə işlərin növbəti aylarda da mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Həmçinin sahibsiz heyvanların sayının humanist üsullarla tənzimlənməsi məqsədilə onların qısırlaşdırılması, peyvəndlənməsi və baytarlıq müayinələrinin aparılması ilə bağlı aksiyalar təşkil edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər