Bakıdakı tıxaclara son qoyacaq PLAN - Yollar və metro necə dəyişəcək?
"Bakıda tıxacların yaranma səbəbləri və onların aradan qaldırılması bir neçə amildən asılıdır. Bu problemin həlli mərhələli şəkildə həyata keçirilməlidir. Burada əsas məqam alternativ nəqliyyat imkanlarının sayının artırılmasıdır. Alternativlər nə qədər çox olarsa, nəqliyyat sıxlığının azaldılmasına təsir etmək bir o qədər mümkün olar".
Bunu BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, son qərarların əsas məqsədlərindən biri 20 Yanvar istiqamətində nəqliyyat axınının həddindən artıq yüklənməsinin qarşısını almaq olmalıdır:
"Bunun üçün insanların müəyyən istiqamətlərdə metrodan, xüsusilə də metronun Bənövşəyi xəttindən daha aktiv istifadəsinə şərait yaradılması vacibdir. Pulsuz və ya daha əlçatan keçid imkanlarının tətbiqi sərnişinlərin metroya yönəlməsini artırmaqla yanaşı, səfərlərin həm vaxt, həm də xərc baxımından daha səmərəli təşkilinə imkan verə bilər.
Bundan başqa, 8 Noyabr stansiyası istiqamətində ekspress avtobus marşrutlarının yaradılmasına ehtiyac var. Hazırda həmin ərazidən bir sıra avtobuslar keçsə də, Gənclik, 8 Noyabr və 28 May istiqamətlərini birbaşa birləşdirən ekspress marşrutların yaradılması sərnişin axınının alternativ istiqamətlər üzrə bölüşdürülməsinə kömək edə bilər.
Məsələn, Avtovağzal ərazisindən sərnişinlərin birbaşa bu istiqamətlərə daşınmasının təmin edilməsi həm mövcud marşrut şəbəkəsində yükün bölüşdürülməsinə, həm də sərnişin axınının daha optimal idarə olunmasına imkan verər.
Yeni marşrutların keçdiyi küçələrdə avtobus zolaqlarının yaradılması da vacib məsələlərdəndir. Hazırkı şəraitdə metro sisteminin əlavə sərnişin yükünü üzərinə götürməsi nəzərə alınaraq, avtobusların hərəkətinin fasiləsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilməlidir.
Bunun üçün svetoforlarda avtobusların hərəkətinə uyğun "yaşıl dalğa" sisteminin tətbiqi, müxtəlif səbəblərdən yollar bağlandıqda ictimai nəqliyyata müəyyən istisnaların verilməsi kimi məsələlərə baxıla bilər:
Avtobusların marşrut üzrə daha sürətli hərəkət etməsi onların gün ərzində daha çox reys həyata keçirməsinə, daha çox sərnişinin vaxtında mənzil başına çatdırılmasına və nəqliyyat sıxlığının müəyyən qədər azaldılmasına imkan verər".
Ekspert əlavə edib ki, digər mühüm istiqamət isə nisbətən az maliyyə tələb edən layihələrin qısa müddətdə həyata keçirilməsidir:
"Xüsusilə şəhərin şimalından cənubuna, şərqindən qərbinə piyada hərəkətinə mane olan infrastruktur baryerləri mərhələli şəkildə aradan qaldırılmalıdır.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şəraitin yaradılması ilə bağlı görülən işlər üzrə konkret statistikanın açıqlanması da əhəmiyyətlidir. Məsələn, ay ərzində neçə metr piyada yolu təmir olunub, hansı küçədə nə qədər iş görülüb, neçə pandus, işıqfor və piyada keçidi yaradılıb – bütün bunlar ictimaiyyətə mütəmadi təqdim edilə bilər.
Hazırda şəhər nəqliyyatında piyada hərəkətinə kifayət qədər diqqət yetirilmir. Halbuki qısa məsafələrdə səfərlərin əhəmiyyətli hissəsinin piyada həyata keçirilməsi ümumi nəqliyyat yükünün azalmasına kömək edə bilər. Bunun üçün şəhərdə piyada keçidlərinin, xüsusilə "zebra"ların sayının artırılması və onların bir-biri ilə əlaqəli piyada marşrutları formalaşdırması vacibdir.
İnsanlara öz səfərlərini müxtəlif nəqliyyat vasitələrini birləşdirərək təşkil etmək imkanı verilməlidir. Məsələn, şəxs avtomobili ilə müəyyən əraziyə qədər gəlib onu park etdikdən sonra metrodan istifadə edə, daha sonra isə piyada hərəkət edə bilər. Avtovağzal ərazisindən metro vasitəsilə Bənövşəyi və Yaşıl xətlərə çıxış, Nizami istiqamətindən isə şəhər mərkəzinə piyada hərəkət üçün daha əlverişli şəraitin yaradılması bu baxımdan nümunə ola bilər.
Xüsusilə şəhərin mərkəzi hissəsində piyada keçidlərinin sayının artırılması insanların nəqliyyat vasitəsi seçimlərinə də təsir göstərə bilər. Çünki şəhərdə hansı hərəkət imkanlarını və alternativləri yaradırıqsa, insanların gündəlik səfərlərdə həmin imkanlardan istifadə meyli də buna uyğun formalaşır".
Orxan Hüseyn
Oxşar xəbərlər
"2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2026-cı il "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyi...