Bu il qışqa Bakıda bütün evlər isti olacaq. "Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış binaları istilik sistemlərilə tam təmin olunub.


Bu barədə ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, bu il Bakıda 125 bina istilik sisteminə qoşulub. 12 yeni istilik qazanxanası tikilib. Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq "Azəristiliktəchizat” ASC qabaqlayıcı tədbirlər görüb.

"Bakıda 3600 yaşayış binasına istilik sistemi veriləcək. Ötən il isə bu rəqəm 3100 idi. Bundan başqa, 287 məktəb, 180 uşaq bağçası, 150 səhiyyə obyekti və 700 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 % artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub”, - deyə Rafiq Əliyev bildirdi.

"Azəristiliktəchizat” ASC-nin sədri Bakının bu qışa tam hazır olduğunu bildirir. Rafiq Əliyev qış fəslində binaların qızdırılması ilə bağlı heç bir problemin olmayacağını vurğulayır: "Yaşayış məntəqələrinə və obyektlərə istilik noyabrın 15-dən verilməyə başlayacaq. Heç bir gecikmə olmayacaq”.

Ziya Səccad
BAKU.WS