SİZİN REKLAM BURADA!
055 213 76 73


H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan yeni 150 km uzunluğundan olan ödənişli avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilib və dörd hərəkət zolaqlıdır.
 
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
O bildirib ki, bu yolun tam olaraq ödənişli olması nəzərdə tutulub: “Artıq bu istiqamətdə işlər həyata keçirilib. Bildiyiniz kimi, 150 km-lik yolun 129 km-lik hissəsi ödənişli olacaq. Hazırda ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün həmin tariflərin sistemə inteqrasiya prosesi aparılır. Proqram təminatı tam təmin edildikdən sonra test ediləcək. Test müddəti başa çatdıqdan sonra avtomobil yolu tam olaraq ümumiistifadəyə veriləcək”.
 
A.Nəcəfli ödənişlərin hansı formada həyata keçiriləcəyi barədə də danışıb: “Ödənişli yollardan istifadəyə görə ödənişlər xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə həyata keçiriləcək. Həmin kartları giriş və çıxışlarda qoyulan ödəniş məntəqələrindən ələd etmək mümkün olacaq. Yaxın gələcəkdə isə bu kartları şəhər və qəsəbələrdə müxtəlif satış məntəqələrindən də əldə etmək olacaq”.
 
Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral yolun tikintisi AAYDA-nın nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. Yeni yol mövcud yoldan 13 kilometr qısadır.

 
BAKU.WS