Jurnalistlər hansı qurumun mətbuat xidmətindən razıdır? – SİYAHI
İnternet media cəmiyyətin informasiya ehtiyacını ödəyən əsas informasiya mənbəyinə çevrilib. Artıq qəzetlər yerini onlayn mediaya verir. Onlayn media isə qəzetdən daha çox operativ işləməyi tələb edir.
Dolayısı ilə onlayn medianın jurnalisti yalnız xəbəri dəqiq, düzgün hazırlamamalı, həm də bu məsələdə rəqiblərindən hər zaman bir addım öndə olmağı bacarmalıdır. Bu işdə onun ən yaxın köməkçisi aidiyyəti dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləridir.
Bəs yola saldığımız ildə hansı qurumun mətbuat xidmətinin rəhbəri jurnalistləri rəqibləri ilə yarışda qalib olmasında kömək edib?
BAKU.WS xəbər verir ki, “publika.az” ölkənin aparıcı media qurumlarının müxbirlərinin bu mövzuda fikirlərini öyrənib.
BAKU.WS saytının əməkdaşı Ziya Babayev rahat əlaqə quracaq mətbuat katiblərinin sayı artıb.
“Ən çox Daxili İşlər Nazirliyindən Ehsan Zahidov, Orxan Mansurzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova və digər əməkdaşlar, Baş Prokurorluqdan Eldar Sultanov, Çingiz Əlizadə, Kənan Zeynalov,
Bakı Metropolitenindən Bəxtiyar Məmmədov, Bakı Nəqliyyat Agentliyindən Mais Ağayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Anar Nəcəfli, İqtisadiyyat Nazirliyindən Abbas Əliyev, Vüsalə Quliyeva və digər əməkdaşlar,
Energetika Nazirliyindən Zəminə Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Nuridə Allahyarova, “Azərsu”ASC-dən Anar Cəbrayıllı,
Səhiyyə Nazirliyindən Səfayə Əhmədova, Kənd Təsərrüfatı Nazirliyindən Anar Hüseynov, Bulvar İdarəsi mənim üçün daha rahat danışa bildiyim dostlardır. Mən sadaladığım şəxsləri jurnalistlərin dostu sayıram.
Bu siyahıda Bakı şəhəd Dövlət Yol Polisi İdarəsindən Vaqif Əsədov və Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev də birinci yerlərdədir. Ola bilər birgə işlədiyim özəl və dövlət qurumlarının sözçülərinin adlarını unutmuşam.
Ümumilikdə 2018-ci ildə xəbər hazırlayarkən mənə çətinlik yaradan mətbuat katibi olmayıb. Lakin ümumilikdə Bakı Meriyası və digər rayon icra hakimiyyətlərilə əlaqə yaratmaq hələ də çətin proses olaraq qalıb”.
Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Güləliyev hesab edir ki, jurnalistlərlə ən yaxşı işləyən Baş Prokurorluğun mətbuat xidmətidir:
"Bu qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xidmətin bütün əməkdaşlarını media ilə əməkdaşlığa cəlb edib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov başda olmaqla, xidmətin əməkdaşları Kənan Zeynalov, Çingiz Əlizadə jurnalistlərin suallarını operativ cavablandırmaqla onlara lazımi məlumatları vaxtında çatdırmağa çalışır.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da jurnalistlərə lazım olan məlumatları dəqiqləşdirmək üçün operativliyi ilə seçilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu vəzifəyə təyin edilənə qədər qurumda media ilə əməkdaşlıq bərbad vəziyyətdə idi.
Amma Anar Nəcəfli qısa müddətdə jurnalistlərin dostuna çevrildi və media ilə təmsil etdiyi qurumun əməkdaşlıq səviyyəsini qat-qat artırdı və hazırda jurnalistlərlə normal əməkdaşlıq edir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təmsil etdiyi qurumun fəaliyyətində əsl dönüş yaradan şəxsdir. Anar Cəbrayıllı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində bu vəzifəyə gətirilənə qədər xidmətin fəaliyyəti sıfıra bərabər idi.
Amma jurnalistikadan bu vəzifəyə gələn Anar Cəbrayıllı Azərsu ASC-ni mətbuatla əlaqələrini yüksək səviyyəyə qaldırdı və bu gün də jurnalistlərə lazım olan məlumatları vaxtında çatdırır".
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, bir sıra dövlət qurumlarının, xüsusi ilə yeni təşkil edilmiş, rəhbərliyi dəyişdirilmiş nazirlik və komitələrin mətbuat xidmətləri kifayət qədər yaxşı işləyirlər, jurnalistlərə açıqdırlar:
“Bundan başqa, sosial şəbəkələrdən aktiv istifadə edən qurumlar da var. Bu baxımdan Daxili İşlər Nazirliyini xüsusi qeyd edə bilərəm. Dövlət Gömrük Komitəsi də sosial şəbəkələrdən aktivdir, gün ərzində məlumatlar paylaşırlar və bu da jurnalistlərin işinə böyük köməkdir.
Lakin narazı olduğum nazirliklər də var. Belə ki, Səhiyyə Nazirliyinin mətbuat katibi dəyişdirilsə də, onlarla əlaqə saxlayıb məlumat almaq yenə də çətindir”.
Modern.az-ın əməkdaşı Namidə Bingöl zamanında jurnalistin sualına cavab verilməyin hər bir mətbuat xidmətinin əsas vəzifələrindən olduğunu deyir:
“Artıq 2018-ci ili yola salmağımıza sayılı günlər qalır. Adətən, ilin sonu hər bir sahədə çalışan insanlar üçün hesabat xarakterli olur. Media sahəsində çalışdığımızdan üzləşdiyimiz problemlərin çoxu da bu sahə ilə bağlı olur.
Jurnalistlər adətən müxtəlif qurumların mətbuat katibləri ilə daha sıx işləmək məcburiyyətində qalırlar. Ona görə də mətbuat katibləri jurnalistlərin yaralı yeridir desəm, yanılmaram. Çünki gün ərzində o qədər mövzular olur ki, rəsmi cavabın verilməsi çox önəmlidir.
Rəsmi cavab verilməyəndə jurnalistin hər hansı informasiyası qeyri-ciddi qarşılanır. Düşünürəm ki, bu məqamlarda mətbuat katibləri üzərlərinə düşən işin məsuliyyətini dərk etməlidirlər.
Bir çox məqamlarda isə jurnalistlərin dayanmadan mətbuat katiblərinə zəng etməsini elə mətbuat katibləri qınayırlar. Unudurlar ki, çoxsaylı zənglərlə onları narahat edənlər işlərinin məsuliyyətini dərk edirlər.
Bu il narazı qaldığım mətbuat katibi olmayıb. Bir çoxlarının işini qənaətbəxş hesab etmək olar. Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mütəmadi olaraq çalışıram.
Deyə bilərəm ki, yola salmaqda olduğumuz il ərzində adını çəkdiyim nazirliklərlə problem yaşamamışam. Razı qaldığım mətbuat katibləri isə əvvəlki illərə baxanda çoxdur. Görünür, mətbuatda yazılanlardan nəticə çıxarırlar”.
Report İnformasiya Agentliyinin müxbiri İlkin Pirəli hesab edir ki, Mərkəzi Seçki Komissiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin, Nazirlər Kabinetinin, Bakı Nəqliyyat Agentliyinin, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətləri mətbuatla sıx ünsiyyətdədirlər.
“Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimova və Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədliyə günün istənilən saatında zəng edə bilərsən.
Seçki vaxtı səsvermə günü Şahin müəllim bir zəngi belə, geri çevirmir, hamısını cavablandırır. İsrafil Kərimovun fəaliyyəti xüsusi qeyd olunmalıdır. İsrafil müəllim Bakı şəhər icra hakimiyyətinin mətbuatla işində necə canlanma yaratdığı hər kəsə məlumdur, eləcə də bu sahədə operativlik son dərəcə yüksəlib.
Azərbaycanın rayonlarının və Bakının bəzi rayon icra hakimiyyətlərinin mətbuat xidmətləri istisna olmaqla, fəaliyyəti mənfi qiymətləndirilən mətbuat xidmətinin rəhbəri yoxdur.
Bəzi dövlət qurumlarının rəhbərləri bundan sui-istifadə edirlər, mətbuat xidmətinin rəhbərlərini önə çıxarırlar, özləri gizlənirlər. Əvvəllər isə əksinə idi. Yəni bir tərəf düzəlibsə, digər tərəf geri gedib”.
Axar.az saytının müxbiri Nigar İxtiyarqızı bu il ərzində razı və narazı qaldığı mətbuat xidməti rəhbərlərinin adını belə sıraladı:
“Ekologiya və Təbii Sərvətlər Naziriyinin mətbuat katibi İradə İbrahimova media üçün bütün illərin ən yaxşı mətbuat xidməti rəhbəridir. Hətta hər hansı şikayət olanda belə zəng etmişəm və dərhal həmin əraziyə əməkdaş göndərib ətraflı cavab verib.
Bu sıraya “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədovu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevi də bu sıraya əlavə edə bilərəm.
Sadaladıqlarım jurnalistin suallarını ətraflı və operativ şəkildə cavab verən mətbuat xidmətlərinin rəhbərləridir. Onlar heç vaxt “maraqlanım cavab verərəm”, “araşdırım sonra”, “bu barədə məlumatımız yoxdu”, “deyirəm, amma yazma”, “bunları yazmaq üçün demirəm” kimi bəhanələr gətirmirlər. Bakı Şəhər Təhsil İdarəsi Bəşarət Məmmədov da media ilə yaxşı işləyənlərdəndir.
Ümumiyyətlə suala sonuna qədər qulaq asmayan, çox nadir hallarda bir cümləlik cavab verən, hemişe "sorğu göndər" deyen Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə təkcə mənim deyil, əksər media əhli üçün cavaba "ən xəsis" olan mətbuat katibidir.
Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədovanın işini isə 10 ballıq şkala ilə 7 vermək olar. Ancaq yaxşı ki, elə Səfayə xanım var. Mətbuat katibi Pərviz Abubəkirova qalsa media nümayəndələri suallarına cavab öyrənə bilməyəcək.
Pərviz Abubəkirov bu vəzifəyə təyin ediləndən cəmi bir dəfə açıqlama ala bimişəm. Adətən, o jurnalistləri Səfayə xanıma yönləndirir. Mətbuat xidməti təmsil etdiyi qurumun güzgüsüdür. Qurum normal işləyirsə, onu təmsil edən nümayəndə də operativ olur”.
Open.az saytının müxbiri Səlcuq Elçin ən çox Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin işindən razı qaldığını deyir:
“Daha çox bu qurumlarla işləyirəm və fəaliyyətlərindən çox razıyam. Digər mətbuat xidmətləri ilə işləmədiyim üçün onların fəaliyyətlərinə qiymət verə bilmərəm.
Bundan başqa Fövqəladə Hallar Nazirliyinin saytının operativ işlədiyini deyə bilərəm. Son vaxtlar Gömrük Komitəsinin mətbuat xidməti də çox aktiv fəaliyyət göstərir, jurnalistlərin səfərlərini təşkil edir, həmçinin sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər".
Oxu.az saytının əməkdaşı Etibar Məmmədov bəzi mətbuat xidmətlərinin jurnalistlər arasında fərq qoymasından narazıdır:
“Bəzi qurumların mətbuat xidmətlərində belə bir fikir formalaşıb ki, “ yalnız bizimlə əməkdaşlıq edən jurnalistlərin sualları cavablandırılacaq". Məsələn, jurnalist əgər səhiyyə sahəsindən yazmırsa, əməkdaşlıq etmirsə, onun sualına cavab ya verilməyəcək, ya da qaneedici olmayacaq.
Sanki bəzi mətbuat xidməti rəhbərlərinə konkret tapşırıq verilib ki, sizinlə əməkdaşlıq edən jurnalistləri narazı salamayın, onları müəyyən səfərlərə, müsabiqələrə dəvət edin, o biri sahələrdən yazan jurnalistlərə isə cavab verməsəniz də olar.
Bu çox absurddur. Məsələn, əgər mən jurnalist kimi kriminal sahədən yazıramsa, mənim zəngimə ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab verə bilər, Təhsil Nazirliyi yox.
Təhsil Nazirliyindən məlumat almaq üçün sosial sahədən yazan jurnalistlərə müraciət etmək lazımdır. Bununla yanaşı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin fəliyyətindın çox razıyam.
Hər zaman jurnalistlərə dəstək olub, qaranlıq qalan məsələləri, yaranan çətinlikləri dərhal aradan qaldırıblar. Narazı qaldığım mətbuat xidmətiləri isə Təhsil, Səhiyyə və Ədliyyə nazirlikləridir”.
Teleqraf.com saytının müxbiri Hacı Zeynalov da narazı qaldığı media qurumlarından danışıb:
“Pentesiar Xidmətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Mehman Sadıqovdan, onun köməkçisi Rövşəndən çox razıyam. Çünki yazılı və şifahi sorğularımıza opreativ cavab verirlər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da sorğularımıza vaxtında cavab verir. Gömrük Komitəsindəki dəyişiklik də mətbuatla işin keyfiyyəti baxımından müsbət mənada böyük dönüş yaratdı. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin varlığı ilə yoxluğu bəlli deyil.
Son vaxtlar əvvəlki illərə nisbətən dövlət qurumlarının mətbuat xidmətlərilə işləmək daha rahat olub. Bəlkə də, illərin təcrübəsi, ünsiyyət qurmaq bacarığı artdıqda əvvəlki illərdə çəkdiyim əziyyəti çəkmirəm. Bəlkə də, əksinə, indi mətbuat katibləri peşəkarlaşıb və əlçatan olub”.
BAKU.WSOxşar xəbərlər
“Onlayn mediaya 1 milyon ayrılsın” - Əflatun Amaşov
"Onlayn mediaya 1 milyon manat ayrılmasını təklif edirəm".BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Ama...