SİZİN REKLAM BURADA!
055 213 76 73


“Milli Məclisin deputatı Fazil Mustafaya qarşı təşkil edilmiş xain silahlı hücumu şiddətlə qınayır, qətiyyətlə pisləyirəm”.

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov özünün feysbuk hesabında yazıb.

Deputatın sözlərinə görə, hüquq-mühafizə orqanları müvafiq tədbirlər həyata keçirirlər.

“Cinayətkarların, sifarişçilərin və icraçıların müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunacağına və layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur.

Azərbaycan müstəqil siyasət həyata keçirən güclü dövlətdir. Heç bir qüvvə qeyri-qanuni və cinayət tərkibli əməllərlə dövlətin prinsipial siyasətinə təsir göstərə bilməz. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, heç kim bizim iradəmizə təsir edə, bizi yolumuzdan döndərə bilməz”, - deyə o, əlavə edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, martın 28-də saat 21:51-də deputat Fazil Mustafaya yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılıb. DTX hadisəni terror aktı adlandırıb.

DTX qeyd edir ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

“Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”, - deyə DTX bildirib.

BAKU.WS