Azərbaycanda bəzi vətəndaş kateqoriyaları üçün mənzil əldə etmək daha əlçatan olacaq

Azərbaycanda bəzi vətəndaş kateqoriyaları üçün mənzil əldə etmək daha əlçatan olacaq
Video
Sosial 198

Azərbaycanda ev almaqda çətinlik çəkən bəzi sosial qruplar üçün mənzil sahibi olmaq daha asanlaşacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu məqsədlə Mənzil Məcəlləsinin 48-ci maddəsinə - "Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri" - dəyişiklik edilib.

Qanunvericiliyə əsasən, sosial kirayə müqavilələri ilə mənzilə ehtiyacı olan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar, o cümlədən gənclər və digər imtiyazlı qruplar dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin oluna bilərlər. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu mənzillər yalnız qeyd olunan kateqoriyalara aid vətəndaşlara sosial kirayə müqavilələri əsasında verilir. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə başqa qayda göstərilmədiyi halda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi əldə edə bilməzlər.

Millət vəkili Vüqar Bayramov bildirib ki, qanuna edilən dəyişikliklər nəticəsində imtiyazlı şəxslərin pulsuz mənzil əldə etmə meyarları dəqiqləşdirilir və bu proses daha sadə və daha az mərhələli olacaq:

"Hazırkı qanunvericiliyə əsasən, şəhid ailələri, müharibə əlilləri, Çernobıl faciəsi nəticəsində əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlar sosial mənzil fondundan faydalana bilirlər. Yeni dəyişikliklər bu ailələrin daha rahat uçota alınmasına və sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunmasına imkan yaradacaq. Bu da öz növbəsində pulsuz mənzillərə əlçatanlığı artıracaq. Bu gün güzəştli ipoteka hüququ qazanan vətəndaşlar da sosial mənzillərə müraciət edə bilirlər".

Əmlak məsələləri üzrə ekspert Elnur Əsədov qeyd edib ki, əvvəllər bu cür mənzillər yalnız istifadəyə verilirdi və vətəndaşlar çıxarışla təmin olunmurdu:

"Əvvəllər bu əmlaklar vətəndaşlara sadəcə sərəncamla təqdim olunurdu. Yeni dəyişikliklər isə həmin mənzillərin birbaşa çıxarışla, yəni mülkiyyət hüququ ilə verilməsini nəzərdə tutur".

Qeyd edək ki, imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə əsasən, ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin olunurlar.

Ətraflı videomaterialda:

Son xəbərlər