Bakı metrosunda YENİLİK - Yarım milyonluq yeni avadanlıqlar alınacaq

Bakı metrosunda YENİLİK - Yarım milyonluq yeni avadanlıqlar alınacaq
Sosial 211

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir neçə istiqamətdə texniki avadanlıqların satın alınması ilə bağlı müsabiqələr elan edib. Üç ayrı tenderdə ümumilikdə 526.134,27 manatlıq ehtimal olunan qiymətlə müxtəlif cihaz və qurğuların alınması planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, ilk müsabiqə məhlulvurma aparatının alınmasına aiddir.

Tikinti mexanizmləri kateqoriyasına aid olan bu cihaz 2800-4000 Vt gücə malik olacaq, maksimum təzyiqi 60 bar, məhsuldarlığı isə saatda 2.5-5 kubmetr arası nəzərdə tutulur. Bu tenderin ümumi dəyəri 59.767 manat təşkil edir.

İkinci tenderdə nasosların idarəetmə panelləri və ehtiyatın avtomatik qoşulması qurğularının alınması nəzərdə tutulur. Buraya müxtəlif gücdə (15-dən 400 kVt-a qədər) 6 ədəd avtomatik qoşulma qurğusu və 7 ədəd idarəetmə paneli daxildir. Bu layihənin ehtimal olunan dəyəri isə 278.481,77 manatdır.

Üçüncü müsabiqə isə metro stansiyalarında təhlükəsizliyin gücləndirilməsi məqsədilə 300 ədəd CCTV Bullet kameranın alınmasını əhatə edir. Bu kameralar müşahidə və aşkarlama avadanlıqları kateqoriyasına daxildir və ümumi qiyməti 187.885,50 manat olaraq göstərilir.

Bu satınalmalar metro xidmətinin təhlükəsizliyi və texniki təminatının yaxşılaşdırılması məqsədi daşıyır.

Son xəbərlər