SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycanda Bilik Günüdür.


BAKU.WS
-in məlumatına görə, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub. Ümumilikdə, yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.


Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.

 

Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək işə qəbul olunan təqribən 2000 şəxs orta məktəblərdə müəllim kimi fəaliyyətə başlayacaq.

Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bununla yanaşı, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb.


Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Ziya Səccad
BAKU.WS