Nazir əmr imzaladı: məktəblərdə yenilik

Nazir əmr imzaladı: məktəblərdə yenilik
Sosial 3512

2015-2016-cı tədris ilindən etibarən müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərdə tədrisin təmayüllər üzrə aparılmasına başlanacaq.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbi əhatə edən pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmrinə əsasən, tədrisin təmayüllər üzrə təşkil olunacağı həmin təhsil müəssisələrinin təmayül sinifləri üçün tədris planları təsdiq edilib və fənn proqramları hazırlanaraq yerlərə çatdırılıb.

Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. 2016-2017-ci dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.

Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işləri aparılıb, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlər görülüb, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlər təşkil olunub.

Tam orta təhsil səviyyəsində təmayülləşmə üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb və sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv şəkildə tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.

Ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır:

• Tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq;

• Şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək;

• Şagirdlərin öyrənmə motivasiyası artacaq;

• Ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək;

• Şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq.

• Bütün bunlar son nəticədə təhsildə keyfiyyətin artmasına və yüksək ixtisaslı insan kapitalının formalaşmasına xidmət edəcəkdir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha bir özəl universitet bağlandı

Bakıda daha bir özəl universitet bağlandı

Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbu...

2222 Şou-biznes 13:57 08 sentyabr 2015

Son xəbərlər