SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında sakinlərin narazılığını əks etdirən görüntülərə münasibət öyrənmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. 

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı-Sumqayıt xəttinə yönəldilmişdi: 

"Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub.

Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək".

***10:13

Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarından istifadə edən vətəndaşlar bu səhərdən etibarən problemlə üzləşiblər.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə sakinlər məlumat veriblər.

Onlar bildirirlər ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətini bərpa etməsindən sonra Pirşağı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarların sayı azalıb. Nəticədə stansiyalarda vətəndaşların sıxlığı qeydə alınıb.

Mövcud məsələyə münasibət öyrənmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumun rəsmi məlumatını yaxın dəqiqələrdə təqdim edəcəyik.

BAKU.WS
VİDEO