Bu gün Azərbaycanda Od Çərşənbəsi qeyd olunur. 
Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.
Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.

BAKU.WS