Bu gündən etibarən Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
 
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Bildirilib ki, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq. Bu müddət ərzində sürücülərdən mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Mətbuat katibliyindən qeyd ediblər ki, əks istiqamət üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.
 
BAKU.WS