Yol polisindən sürücülərə xəbərdarlıq
Şaxtalı hava şəraitinə baxmayaraq ölkə üçün əhəmiyyətli olan avtomobil yollarında ciddi problem yoxdur.
Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin BAKU.WS-ə açıqlamasında bildirib ki, bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır. Onun sözlərinə görə, hazırda Ağsu aşırımında və Qusar rayonunda yollarda buzlaşma var. Cənub bölgəsində qar yağmaqda davam etsə də nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur. Ötən gün respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Hadisələrin əksəriyyəti məhz yolların buzlu olması səbəbindən baş verib. Yol polisi sürücülərə əlverişsiz hava şəraitində son dərəcə ehtiyatlı olmağı tövsiyyə edir: "Naşı sürücülərin bu havada yola çıxmaması daha yaxşı olar. Yola çıxarkən zəncirdən, mövsümi qış təkərlərindən və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmək lazımdır”, - deyə Kamran Əliyev vurğulayıb. Bakı şəhəri üzrə isə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 22 zəncirvari yol qəza hadisəsi qeydə alınıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, zəncirvari qəzalarda xəsarət alan olmayıb, avtomobillərə maddi zərər dəyib. Onun sözlərinə görə, ötən gün həmçinin iki nəfərin xəsarət alması ilə nəticələnən toqquşma hadisəsi baş verib.
Vaqif Əsədov bildirib ki, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib. "Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Valideynlər azyaşlıları nəzarətsiz küçəyə buraxmamalıdır. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır. Hava şəraitindən asılı olmayaraq, avtomobillərin dövlət nömrə nişanları və işıq cihazları təmiz olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb. Vaqif Əsədov onu da bildirib ki, sürücülər hava şəraitindən asılı olmayaraq sürücülər məsuliyyətdən azad olunmurlar. Onlar işıqforun əmrlərinə əməl etməlidirlər. Yol hərəkəti qaydalarını səbəblərdən asılı olmayaraq pozan şəxslər məsuliyyət daşıyırlar. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakının buzlu yollarında sürüşən avtobuslar (VİDEO)
Bu gün səhər saatlarında Binəqədi rayonunun Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da nəqliyyatın hərəkətində çətinliklər yaran...