Qızını itirən azərbaycanlı aparıcı fəryad etdi: Bəlkə günah etdim, səni ALLAH qədər sevdim - FOTO
24
apr
2018
16:32
40 gün əvvəl körpə övladını itirən aparıcı Elvin Basqallı ürəkləri dağlayan paylaşım edib.BAKU.WS xəbər verir ki, "Space” telekanalının xəbər aparıcısı ürək çatışmazlığından vəfat edən 1 yaşlı Fidana bu sözleri ünvanlayıb: "400 gün səninlə, 40 gün sənsiz.Sən yerə ayaq basdığın günü, Mən yerdən öpərəm, yer ayağından!Öpdüm yeri qızım! Ayaq basdığın yox, uyuduğun torpağı öpdüm. Amma sən o qədər zərif idin ki, səni doyunca öpməyə qorxurdum. Fidan, bir bilsən, o kiçik, o zərif cismin həyatımda nə qədər böyük, nə qədər önəmli yer tutdu. Bir bilsən, sən necə bir eşq qaladın ürəyimizdə. Məsələn, mən səni vətənim qədər sevdim, harada sağalsaydın, ora vətənim olacaqdı. Səni anam qədər sevdim, bacım kimi sevdim, gecə-gündüz ancaq səni düşündüm, yarım qədər sevdim, yox səni elə balam kimi sevdim. Eşqin, məhəbbətin ən ucasını bu bir ildə səninlə yaşadım! Bəlkə günah etdim, səni ALLAH qədər sevdim, daha doğrusu ALLAHı səni tanıyandan sonra daha çox sevdim! Fidan, bağışla qızım, səninlə qapı döymədiyim həkim qalmadı, görəsən, o qəlbsiz beyinlərin sənin haqqında dediklərini eşitdikcə, o qapılara gedib, gözüyaşlı qayıtdığıma görə, məndən çoxmu incidin? Fidan, sənin sağalmağın üçün mən nələri verməzdim, öz sağlamlığımı, canımı düşünmədən sənə fəda edərdim. Mən sənə görə bütün möcüzələrə inandım, sonda yalvardığım möcüzə baş verməsə də. Məsələn, həkimlərdən ümidim üzüləndə əsrlər öncə dünyasını dəyişmiş, həkimlər həkimi kimi bilinən İmam Rza Ağanın sağlığına inandım, heç indi də onun sağ olmasına şübhəm yoxdu. Səni götürüb onun qəbuluna getdim. Günahkar bəndəsinə zamin durub, sənin üçün ALLAHdan şəfa diləməsini yalvardım. Amma sənə aşiq oldu deyəsən, mənim sənə sevgimdən daha böyük oldu onun eşqi. Məşhəddən gəldiyinin 40-ci günündə sən cənnətə getdin. Fidan, bir ömür boyu səndən danışsam sözüm bitməz, sənin yollarından gözüm itməz. Yalnız bir kəlmə ilə deyim bil ki, qızım sən mənim başıma gələn ən gözəl, ən böyük hadisəsən! Fidan, sən mənim yaşadığım ən ülvi məhəbbətsən!" Sən mənim ən unudulmaz varlığımsan və sən mənim mələyimsən!"BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda tanınmış aparıcının 1 yaşlı qızı dünyasını dəyişdi
"Space" telekanalının xəbərlər proqramının aparıcısı Elvin Basqallı övladını itirib.BAKU.WS-in "Ölkə.Az"-a istinadla məlumatına görə, teleaparıcının qızı Fidan...