Azərbaycanlı aktyor: "Filmdə Həcərin paltarını geyinib..."

Azərbaycanlı aktyor: Filmdə Həcərin paltarını geyinib...
Şou-biznes 2089

 

Azərbaycanın əməkdar artisti, kino aktyoru Ənvər Həsənovun "Report"a müsahibəsi

- Ənvər müəllim, kinoya gəlişiniz necə olub? Niyə kino aktyoru oldunuz?

- Mən kinonu çox sevdiyim üçün aktyor oldum. Bütün uşaqlar kimi mənim də müxtəlif arzularım var idi. Hərbçi, hüquqşünas olmaq istəyim vardı, amma bununla belə, kinonu lap çox sevirdim. Ona görə də aktyor olmaq istəyirdim. Həmin dövrdə Jan Marenin filmlərinə baxırdım. Aktyor olmaq üçün qəti qərarımı isə Fransa istehsalı olan "Fanfan-tülpan" bədii filminə baxandan sonra verdim. Buna baş rolda oynayan Jerar Filipin ifasını bəyənməyim səbəb oldu. Mən mütləq aktyor olmalıydım. 1965-ci ildə böyük rejissor, mənim ustadım Ədil İsgəndərov kinostudiyada kinoaktyorluq kursu açmışdı. Qohumlarımızdan biri bunu mənə dedi: "Aktyor olmaq üçün gözəl fürsətdir. Get, bəxtini sına!" Mən də 190 saylı məktəbdə oxuyurdum, 15 yaşım var idi. Ədil müəllimin kurslarına gəldim. İmtahan aparıldı, 52 nəfər qəbul olundu. Onların arasında mənim də adım var idi. 1966-cı ildən kinostudiyanın ştatında kinorejissor köməkçisi kimi çalışırdım. Orta məktəbim işimə mane olmasın deyə Fəhlə Gənclər Məktəbi deyilən gecə məktəbinə keçdim. 1969-cu ildə kinoaktyor kurslarını bitirdim. Evdən dedilər ki, kino kurslarını bitirmək azdır, gərək ali təhsilin olsun. Sənədlərimi İncəsənət İnstitutuna verdim. İmtahanı Ədil İsgəndərov götürürdü. Məni görən kimi dedi: "Bura gəl, sənə dünən diplom vermədim? Artıq 4 filmə çəkilmisən. Ən yaxşı kişi aktyoru mükafatını almısan. Təzədən bura niyə gəlmisən?"

- Mükafatı da "Uşaqlığın son gecəsi" filmindəki Murad roluna görə almışdınız...

- İlk filmim Əlisəttar Atakişiyevin "İstintaq davam edir" filmində kiçik epizod olub. İkinci film Şamil Mahmudbəyovun "Torpaq, dəniz, od, səma" filmində gənc zabit rolu idi. Üçüncü film "Uşaqlığın son gecəsi" oldu. Mərhum Arif Babayev gözəl insan idi. İçərişəhərdə qonşuyduq. Həmişə mənə deyirdi ki, səni bir filmə çəkəcəyəm. Bu filmə çəkiləndə 17 yaşım vardı. Arif Babayevlə dostlaşmışdıq. Hətta səhərlər görüşüb, birlikdə səhər yeməyi yeyib, çəkiliş meydançasına gedərdik. Murad roluna Tariyel Qasımov, Elxan Qasımov və digər gənc aktyorları sınaq çəkilişlərinə dəvət etmişdi. Amma Arif Babayevin arzusu məni çəkmək idi və sonunda da dəvət etdi. İki filmə - Murad və Cəlal roluna görə sınaq çəkilişlərindən keçib çəkilmişəm, qalan bütün filmlərə isə birbaşa çəkiblər.

- Bəs filmin kamera arxasında nələr baş vermişdi?

- Nələr baş verməmişdi?! (gülür). Əgər yadınızdadırsa filmdə bir səhnə var. Ət kombinatından oğurluq edirlər, Murad da anbarın içində yatıb. Həmin səhnə zamanı çəkiliş meydançasına yorgun gəlmişdim. Çünki gecə gec yatmışdım. Çəkiliş başlandı. Arif müəllim, "motor" deyir, mən başlayıram. Amma vəziyyəti tuta bilmirəm. Təbii ki, rejissor kimi istədiyini məndən ala bilmir. Arif Babayev qəzəbli baxışlarla baxmağımı istəyir. Mən də dediyini edirəm, ancaq xoşuna gəlmir. Birdən necə hirsləndisə çəkiliş dayandı. Hamının yanında qışqırmağa başladı: "Bu nədir? Bu necə rol oynamaqdır. Dünən gecə nə işlə məşğul olmusan? Niyə hazır deyilsən? Mən səni gərək bu filmə çəkməyəydim. Heç nə bacarmırsan. Hamı gözünü buna dikib. Bunun baxışlarına bax" və s. Bir sözlə, daha nələr demədi? Mən hirsimdən əsirdim. Sən demə istədiyi elə bu imiş. Əsəbi vəziyyətdə həmin səhnəni necə oynadım, özüm də bilmirəm. Mərhum daha sonra gəlib məni qucaqladı, könlümü aldı və dedi ki, əgər belə etməsəydim, səndən istədiyimi ala bilməzdim. Gənc, çılğın oğlan olmuşam (gülür). Mənim çox dələduz, şuluq xasiyyətim var idi. Bir dəfə də çəkiliş meydançasına yaralı gəlmişdim. Mənə görə çəkilişlər bir həftə təxirə salındı.

- Axı niyə? Dava etmişdiniz?

- Deməli, bulvarda "Venesiya" adlanan yerdə oturmuşduq. 7-8 nəfər birgə çay içirdik. Birdən dostlarımızdan bir neçəsi şampan alıb gətirdilər və stolun üstünə qoyub tez qaçdılar. Biz başa düşdük ki, işlər şuluqdur. Hamımız bulvarda olan yay kinoteatrının qarşısına qaçdıq. Gördük 4-5 nəfər dağıstanlı uşaqdır. Bizim dostlara sataşıblar, nəsə dava düşüb. Biz çox, bunlar az. Dedik ki, uşaqlar biz çoxuq, gəlin kişi kimi tək-tək vuruşaq. Namərdlik etmək istəmədik. Bunlar razılaşdılar. Həmin oğlanlardan biri cibindən beşbarmaq çıxardı. Mən bunu gördüm və yaxınlaşıb əlindən almaq istəyəndə məni itələdi. Beşbarmaq çənəmi partlatdı. Qan məni apardı. Məni belə görüb qorxdular. Hamısı qaçdı. Ağzım şişib, qan dayanmır. Tez həkimə apardılar. Tikiş atdılar. Amma hamı dilxor olub ki, sabah necə çəkiləcəksən? Məni də qorxu götürüb ki, Arif müəllim məni birtəhər edəcək. Doğrudan da səhər çəkilişə gəldim. Arif müəllim əlimlə ağzımı tutduğumu görüb, məndən nə olduğunu soruşdu. Çənəmi görəndə dəli oldu. Hay-həşir düşdü. Mənə görə çəkilişlər bir həftə təxirə salındı.

- Ənvər müəllim, "Uşalığın son gecəsi"ndə Səyavuş Şəfiyevlə birgə çəkilmisiniz. Filmdə Rüstəm və Murad iki ayrılmaz dost, qardaşdır. Həyatda münasibətləriniz necə idi?

- Çox gözəl insan idi. Rüstəmlə Murad qonşudur, dostdur. Onların o qədər yaxın münasibətləri var ki, filmə baxan hər kəs onların qardaş olduğunu fikirləşir. Amma eyni həyətdə yaşayan qonşudurlar. Rejissor Arif Babayev elə münasibət yaratmışdı ki, biz çox mehriban idik. Həm filmdə, həm də həyatda. Mərhum Səyavuş Şəfiyevlə həyatda da mehriban olmuşuq. Yaxşı insan, yaxşı dost idi. Təəssüf ki, ona lazımi diqqət, qayğı göstərilmədi. Bakıdan köçdü, sonra xəstələndi. 2012-ci ildə 60 yaşında dünyasını dəyişdi.

- Sizin maraqlı səhnələrinizdən biri də mərhum Məmmədsadıq Nuriyevlə olub. Həmin səhnə də bu günədək hər kəsin dilində zərb məsələ çevrilib: "Söhbət sosiskada deyil, vnimatelni olmaqdadır"...

- Düzdür, həmin sözlər hər kəsin dilinin əzbəridir. Məmmədsadıq Nuriyev böyük sənətkar idi. Ərizə yazdığım səhnədə mənə 2 manat verir. O kadrda əlimi uzadıb üçlüyü mən götürdüm. Məmmədsadıq Nuriyev deyir ki, üçlüyə əl vurma. O, həmin anda mənim tapıntım idi. Arif müəllimin xoşuna gəldi. Filmdə qaldı. Ət kombinatından Davuda sosiska gətirdiyim səhnə 3 dubla çəkildi. Yazıq Səyavuş 3 dublda nə qədər qaynadılmamış sosiska yedi. Axırda dedi ki, partladım. Bir neçə gün heç nə yeməyəcəyəm. Neyləməli, incəsənət qurban tələb edir. Bizim verdiyimiz qurbanlar bunlar idi.

- Maraqlı səhnələrinizdən biri itlə gəzən qıza vurulmağınız idi...

- O qızı da mən seçmişdim. İzmira Məmmədova. 189 saylı məktəbin 8-ci sinfində oxuyurdu. Onun ailəsi kinoya çəkilməsinə icazə vermirdi. Atası azərbaycanlı, anası yəhudi idi. Tolstoy küçəsində yaşayırdılar. Arif müəllimlə evlərinə getdik. Ailəsindən icazə aldıq. Söz verdik ki, qızı özümüz aparıb-gətirəcəyik, məktəbdən çəkilişə, çəkilişdən evə. Atasını razı saldıq. Sonralar həmin xanım "Sevil" film operasında çəkildi. İndi bildiyimə görə ABŞ-da yaşayır, üç qızı var.

- Ənvər müəllim, sizə şöhrət gətirən ikinci film "Yeddi oğul istərəm" ekran əsəridir. Filmin çəkilişlərində çox yaddaqalan səhnələr olub. Hətta İsmayıl Osmanlını sillə ilə vurduğunuz səhnə çəkilsə sə, amma sizin xahişinizlə filmdən çıxarılıb.

- Hə, "Yeddi oğul istərəm" filminin çəkilişlərində ekstremal hadisələr çox olub. Ümumiyyətlə, tarixi filmlərdə, atların, döyüş səhnələrinin olduğu filmlərdə hadisələr çox olur. Filmin rejissoru Tofiq Tağızadə həmin səhnəni bir neçə dubla çəkdi. Cəlal Kələntər dayıya sillə vurmalıydı. İsmayıl Osmanlı ağsaqqal kişi, böyük aktyor idi. Tərəddüd etdiyimi görüb dedi: "Oğlum bu filmdir. Ürəklə vur". Nə isə səhnəni çəkdik. Amma mən narazıydım. Özümdən böyük insana, ağsaqqal kişiyə filmdə də olsa, əl qaldırmaq ürəyimcə deyildi. Bu fikrimi Tofiq Tağızadəyə dedim. O da əvvəlcə razılaşmayıb dedi: "Kələntər sənin atını minib gəlir və səni öz tüfənginlə vurur. Cəlalın ona sillə vurması təbiidir".  Mən filmdə çəkilən aktyor dostlarımla məsləhətləşdim. Şahmar Ələkbərov mənimlə razılaşdı: "Düzdür, hamımız fikrimizi Tofiq müəllimə bildirək". Biz belə də etdik. Ancaq razılaşmırdı. Səhnəni çəkmişdi. Niyə filmdən çıxartsın. Ancaq sonradan ona dil tökdük, başa saldıq. Sonda razı oldu. Yaxşı ki, həmin səhnə çıxarıldı. Onsuz da həmin filmdən sonra İsmayıl Osmanlı çox pis olmuşdu. Kələntər obrazını ifa etdiyinə peşman idi. Səbəb isə ona deyilən təhqirlər idi. Rolun öhdəsindən inandırıcı gəldiyinə görə tamaşaçılar zəng edib təhqir etmişdilər. "Necə əlin gəldi Cəlalı elə zülmlə öldürməyə. Ürəyin necə gəldi?" və s. hələ ağır sözlər deyənlər də olmuşdu. Kişiyə çox pis təsir etmişdi. Sonra həmin filmlə bağlı çətin səhnələrdən biri Cəlalın ölüm səhnəsinin çəkilməsi idi. Həsənağa Turabovun məni güllə ilə vurduğu səhnə 3-4 dubla çəkildi. Sonuncu dublda yerə yıxılanda az qalmışdı gicgahım yerdə olan ucu sivri daşa batsın. Çəkilişlər Qobustanda aparılırdı. Ərazini daşlardan təmizləmişdilər. Amma yenə də nəzərdən qaçan nəsə qalmışdı. Məni Allah saxladı. Sonra belə səhnə var. Cəlal öləndən sonra onu atın belinə bağlayıb dostlarının yanına göndərirlər. Məni atın belinə bağladılar və atı qamçı ilə vurdular. At götürüldü. Sürətlə qaçan atın dırnağına daş batdı və yerdə olan uzun, yaşlı kərtənkələni gördü. O zaman Qobustanda belə kərtənkələlər çox olardı. At hürkdü. İndi atı saxlamaq olmur. Mənim də əllərim bağlıdır, tərpənə bilmirəm. Gördüm at uçuruma doğru gedir. Bizdə Akif adlı işıqçı var idi. Sonralar Milli Məclisdə operator oldu. O, özünü atın qabağına atdı, heyvanın istiqamətini dəyişdi. Beləliklə, məni ölümdən qurtardılar. Əllərimi, bədənimi kəndir kəsmişdi, gömgöy olmuşdu. Spirtlə yaralarımı sildilər. Özümə gələndən sonra Tofiq Tağızadəyə dedim ki, yenidən bu səhnəni çəkək? Kişi dəli oldu: "Mən səni itirmək istəmirəm. Mənim aktyorum hər kəsdən dəyərlidir. İstəyirsən öləsən, film yarımçıq qalsın? Həmin səhnəni çıxardıram. Təkcə atın həyətə girdiyi yeri göstərəcəyəm". Belə də etdi.

- Ənvər müəllim, bəlkə "Dərviş Parisi partladır" filmindən də bir az danışasınız. 1976-cı ildə çəkilən bu film sizin şəxsi həyatınızda dönüş nöqtəsi olub...

- Elədir, həmin filmdə gələcəkdə həyat yoldaşım olan Mömünat xanımla tanış oldum. Onu filmə özüm seçmişdim. Mərhum Şamil Mahmudbəyov məni Şahbaz bəy roluna təsdiqlədi. Amma Şahbaz bəyin nişanlısı, Şərəfnisə rolunu oynayacaq aktrisanı axtarırdılar. Şamil müəllimə Şərəfnisə rolunu ifa edəcək aktrisanı tapmaqda kömək edirdim. Bir çox məktəbləri, institutları gəzdik. Amma ürəyimə yatan olmadı. Sonda İncəsənət İnstitutunda mərhum Mömünat xanımı gördüm. Həmin dəqiqə ürəyimə yatdı. Əsl Şərəfnisə xanım idi. Filmin çəkilişlərində yaxından tanış olduq. Həm filmdə, həm də həyatda biri-birimizi sevdik. Filmin çəkilişləri bitəndən sonra nişanlandıq və 1978-ci ildə ailə həyatı qurduq. Həmin vaxt 28 yaşım var idi.

- Bəzi məlumatlara görə, Mömünat xanım sizi tanımadan sevib. Onun sevimli aktyoru olmusunuz?

- Hə, bunu sonradan bildim. Mömünat məndən 8 yaş kiçik idi. 1958-ci ildə Buzovnada doğulub. Orta məktəbdə oxuyanda mənim filmlərimə baxıb, onun kumiri olmuşam. Hətta filmlərimdən çəkilən fotoları, haqqımda yazılan məqalələri qəzet səhifələrindən kəsib alboma yapışdırıb saxlayırmış. Bunları sonralar bildim. Əvvəllər mənə deməmişdi. Mömünatın çox çılğın, mərd xarakteri var idi. Toyumuzdan sonra haqqımda məlumatlar olan albomu mənə göstərdi. Qismət. Taleyimizdə birlikdə olmaq varmış (Kövrəlir). Bu film birlikdə çəkildiyimiz ilk film oldu. Sonralar Mömünat ev-ailə qayğıları ilə məşğul olduğuna görə sənətdən ayrıldı. Uzun illər İncəsənət Muzeyində çalışdı. Tətbiqi Sənət Fondunun şöbə müdiri, baş elmi işçi oldu.

- Onun kinodan ayrılmağını siz istədiniz?

- Bilirsiniz, bu sənət qadın üçün çox ağırdır. 51 ildir kinodayam. Bunu məndən yaxşı bilən olmaz. Ağır sənətdir. Bəzən film çəkilişlərinə görə aylarla evdə olmursan. Dağda, meşədə, göydə, yerin altında, nə bilim haralarda çəkilişlər olur. Soyuqda, istidə çəkilirsən. Mən Mömünatın belə əzablar içində olmasını istəmirdim. Ona görə də onun aktrisa kimi fəaliyyətini davam etdirməsinə mane oldum. Məni, ailəsini sevdiyi üçün etiraz etmədi. Sənətdən uzaqlaşıb evdə oturdu, qızımızı böyütdü.

- Sizin bircə övladınız var?

- Yox, oğlum da var. Adı Vaqifdir, Moskvada yaşayır. Qızım Aytən, nəvəm Muradla mənim yanımdadır.

- Ənvər müəllim, amma uzun illər keçəndən sonra Mömünat xanım "Qaçaq Nəbi"də Həcəri ifa etdi. Bəs nə yaxşı razı oldunuz?

- Həmin filmin çəkilişi bir başqa hadisə idi. Deməli, günlərin birində "Qaçaq Nəbi" filmi çəkilir. Filmin rejissoru Əbdül Mahmudbəyov və Həsənağa Turabovdur. Məni Nəbinin yaxın silahdaşlarından olan Sirac roluna təsdiqləmişdilər. Amma Həcəri tapa bilmirdilər. Bir çox tanınmış aktrisaları sınaqdan keçirsələr də alınmırdı. Mərhum Həsənağa Turabov mənə zəng vurub yanına çağırdı. Əbdül Mahmudbəyov və Həsənağa Turabov məni görən kimi dedilər ki, Həcəri oynayan aktrisanı tapa bilmirik. "Məndən nə istəyirsiz? Mən tapım?", -dedim. Həsənağa Turabov dedi: "Yox, əslində biz tapmışıq. Sən icazə versən, Həcər roluna Mömünat xanımı çəkərdik. Ondan başqa heç kimi çəkmək istəmirik". Mən əvvəlcə etiraz etdim. Uşağın 5 yaşı var idi. Mömünat mükəmməl at çapmalıydı. Buna da vaxt lazım idi. Həm də Mömünatın sağlamlığında problem var idi. Ona at sürmək, çox ağır hərəkətlər etmək qadağan edilmişdi. Saqqızımı oğurladılar, razılıq verdim. Sonradan Mömünata at çapmağı, tüfəng atmağı özüm öyrətdim. Mənim idman dərəcəm var. Hələ gənc yaşlarımdan idmanla məşğul olmuşam. Filmlərdə kaskadyor kimi çalışmışam.

- Hətta xalq artisti Firəngiz Mütəllimovanın Həcər roluna sınaqdan keçirildiyi, amma atdan qorxduğuna görə çəkilmədiyi bildirilir. Əvəzində həmin filmdə sizin sevgiliniz rolunda çıxış edib...

- Ola bilər. İnanırsız, indi yadımdan çıxıb. Gör neçə il keçib. Həmin filmin 40 yaşı var. Ancaq onu bilirəm ki, Həcər roluna çox aktrisalar sınaqdan keçirildi. Amma Həsənağa Turabov Mömünat xanımın çəkilməsini istəyirdi. Mömünat xaraktercə əsl Həcər idi. Çılğın, qorxmaz, ürəkli xanım idi. Bizim ailəni yaxından tanıyanlar bunu bilirlər. Həm də özüm onun yanındaydım. Nə çətinliyi olsa kömək edirdim. Atla olan səhnələrin çoxunda Həcərin paltarını geyinib özüm çəkilmişəm. Çətin aşırımları mən keçmişəm. Arxadan çəkiblər. Heç kim hiss etməyib. Kinoda belə şeylər olur. Bu gün düşünürəm ki, nə yaxşı həmin filmə çəkildi. Mömünatla çəkildiyimiz son film "Sonuncu döyüş" adlı film oldu. Doğrudan da sonuncu oldu... Mənim əziyyətimi çox çəkdi. Kinoaktyorun həyat yoldaşı olmaq çətindir. Aylarla evdə olmurdum. Çəkilişlər, səfərlər. Şəhərdə olanda da heç yerə gedə bilmirdik. Hamı mənim üstümə qaçırdı. Avtoqraf alırdılar. Qızlar şəkil çəkdirirdi, öpürdülər, qucaqlayırdılar. O zamanlar çox məşhur olmuşam (gülür).

- Bəs Mömünat xanım qısqanc idi?

- Təbii ki, qısqanırdı. Mən onu qısqanırdım, o də məni. Çılğın xarakteri var idi. Mərhum ürəyində söz saxlamazdı. Bütöv, mərd xarakteri var idi. Söz gəldimi deyərdi. Həm zahirən, həm də daxilən çox gözəl xanım idi. Dostcanlı, mehriban idi. Cavan getdi... Avtomobil qəzasında həlak oldu. Cəmi 50 yaşı var idi. Allah rəhmət eləsin (kövrəlir).

- Ənvər müəllim, sovet dövründə Qarabağ, Şuşa ilə bağlı olan filmlərin bir çoxu kənarda çəkilib. "Dərviş Parisi partladır" filmini harada çəkmişdiniz?

- Filmin əsas çəkilişləri Şamaxıda aparılıb.

- Bəs niyə Şuşada çəkilməyib? 

- Bilirsiniz, həm dağlıq ərazi, həm də uzaq olduğuna görə. Həmin dövrdə filmlər plyonkaya çəkilirdi. Hazır kadrlar üç gündən bir Bakıya göndərilirdi. Bugünkü imkanlar onda mövcud deyildi. Ona görə də filmlərin çəkilişi gediş-gəlişin rahat olması üçün Bakıya nisbətən yaxın ərazilərdə aparılırdı. Amma həmin filmdə Müsyö Jordanla bir səhnəmiz Şuşada çəkildi. Yadınızdadırsa, Şahbaz bəylə Müsyö Jordan söhbət edə-edə gedirlər. Həmin səhnənin çəkilişi üçün Sergey Yurski ilə birlikdə Şuşaya getmişdik.

- Kinoda 43 obraza həyat vermisiniz... 

- Mən 51 ildir kinodayam. 70-dən çox filmdə əziyyətim olub. Həm aktyor, həm də ikinci rejissor kimi çalışmışam. 43 filmdə əsas rolları ifa etmişəm. Tamaşaşılar məni həm Murad, həm də Cəlal kimi sevir. Amma mənə bütün obrazlarım əzizdir. Cəlal, Murad, Arif, Sirac, Tərxan, Şahbaz bəy. Hamısını sevirəm və ifa etdiyim bütün obrazlara övladım kimi baxıram. Bu gün sevinirəm ki, bizim nəslimizdə Murad, Sirac, nəvələrimin adıdır. Cəlal qardaşımın oğlunun adıdır. Bir gün mən olmayanda bu adlar və çəkildiyim filmlər məni yaşadacaq. Unudulmağa qoymayacaq.

- Ənvər müəllim, bu gün Azərbaycan kinosunun vəziyyəti göz qabağındadır. Kinomuzun yenidən ayağa qalxacağına ümid varmı?

- Bilirsiniz, dərd çoxdur. Düzdür, mən münaqişəyə girmək istəmirəm. Amma Azərbaycan kinosuna biganə yanaşırlar. Bu faktdır. Həm də əvvəlki sənətkarlar, kino mütəxəssisləri artıq qalmayıb. İndi əvvəlki filmlər kimi ekran əsərləri çəkilə bilməz. Yenə də kinomuzun gələcəyinə ümidlə baxıram. 51 ildir kinodayam. Mən necə ümidsiz olum? İnanırsınız, bir gün boş vaxtım olanda da kinostudiyaya baş çəkirəm. Kino ilə yaşayan, nəfəs alan adamam.

- Həmkarlarınız çoxdan xalq artisti olub, ancaq siz hələ də əməkdar artistsiniz...

- Bu, məni çox incidir. Mənə xalq artisti adı da, ev də verilməyib. Üz-üzə gələndə hamının yadındayam. Amma ad göndəriləndə mən siyahıda olmuram.

- Heç özünüz bu barədə kiməsə demisiniz?

- Kimə deyim? Nə deyim? Özləri bilmirlər bəyəm?! 66 yaşım var. Ülviyyə xanım, mən Zülfüqar bəy Zöhrabbəyovun nəvəsiyəm. Mənim babam Şuşanın sayılıb-seçilən bəylərindən olub. Babamın Şuşada, Karyagində mülkləri olub. Sonralar Bakıya köçüb. Burada - İçərişəhərdə və "Ermənikənd" deyilən yerdə mülkümüz var idi. İçərişəhərdəki mülkümüz qalır. Dayımın uşaqları orada yaşayır. "Yeddi oğul istərəm" filmi dünyanın 98 ölkəsində nümayiş etdirilib. "Uşaqlığın son gecəsi" də həmçinin... Mənim filmlərim nə qədər gəlir gətirib. Rahat evim yox, təqaüd almıram. Çətinliklə dolanıram.

BAKU.WS

Oxşar xəbərlər

Günay Musayevanın keçmiş əri ağladı: "Necə toy edəcəm?"

Günay Musayevanın keçmiş əri ağladı: "Necə toy edəcəm?"

Türkiyəli aktyor Tolqa Karel, rol aldığı serialın prodüsserindən pulunu ala bilməyincə "Necə toy edəcəyəm?" deyərək gözyaşı töküb. BAKU.WS məlumat verir ki, az...

2834 Şou-biznes 13:30 22 aprel 2016

Son xəbərlər