Alim Qasımovun qızı boşanma xəbərindən danışdı: “Problemlər oldu...”

Alim Qasımovun qızı boşanma xəbərindən danışdı: “Problemlər oldu...”
Şou-biznes 11696
Xalq artisti Alim Qasımovun qızı tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımova Ailem.az-a müsahibə verib.BAKU.WS həmin müsahibəni təqdim edir. - Fərqanə xanım, sizi hicablı bir müğənni kimi tanıdıq və dünyanın hər yerində bu cür çıxış edirsiniz. Sizi necə qəbul edirlər? - Bilirsiniz, mənim baş bağlamağım sırf Allaha olan sevgimdən irəli gəlib. Yəni deyirlər, Allahla insan arasında bir gözə görünməyən qüvvə var. Bu da məndə Allaha qarşı inam və etibardır. Əslində, mənə çox deyən oldu ki, başını bağlama, sən sənətçisən, səhnələrdə olacaqsan. Yaxud da başqa problemlər ola bilər. Amma Allaha olan inam, etibar, etiqad bütün fikirlərdən öncədir. Ona görə mən etibarımı bu yola sövq etdim. 15 ildən artıqdır ki, hicablıyam. Çox sevinirəm və xoşbəxtəm ki, Azərbaycanın hicablı sənətçisiyəm. Buna görə dövlətimə də çox təşəkkür edirəm ki, mənim üçün bu baxımdan bütün yollar açıqdır. İslam ölkəsi olaraq heç bir maneə, baryerlə üzləşmədim. Xarici ölkələrdə də başımın hicablı olmağı mənə xoş təsir edir. Məsələn, indi müsəlmanlığı terrorizm kimi təbliğ etməyə çalışırlar. Bir növ deyərdim, mən onlarda peşmançılıq hissi yaradıram ki, bizim islamımız, örtüyümüz, mədəniyyətimiz budur. Yəni biz insanlara pisliklər yox, sevgi paylayırıq. İslam sevgi dinidir. Bizim məqsədimiz kimisə öldürmək, terror təşkil etmək deyil. Biz dünyanın demək olar ki, bütün ölkələrində olmuşuq və həmişə də bu mesajı vermişik. - Bəs seçimləri necə edirsiniz? Hicabı da dəbə uyğunlaşdırırsınız? - Təbii ki, sənətçi olduğum üçün məcburən də olsa müəyyən məqamlara diqqət etməli oluram. Çünki səhnə mədəniyyətinin də öz tələbləri var. Mən də elə etməliyəm ki, həm islamın şərtlərindən çıxmasın, həm də səhnə mədəniyyətinə uyğun olsun. O cümlədən tamaşaçıların görünüş zövqünü oxşasın və onlarda ikrah hissi yox, sevgi yaratsın. Məsələn, çox qadınlar var, deyir, Fərqanə xanım, sizi hicabda gördükdən sonra hicaba xeyli məhəbbətim artıb və mən də hicab bağlamağa başlamışam. Yaxud çox soruşurlar ki, siz hicabı necə bağlayırsınız? Bizə də öyrədin. - Bəs həmin libasları haradan alırsınız? - Bəzən görürsünüz ki, xarici ölkələrdən xoşuma gələn hansısa libasları, aksessuarları alıram. Amma örtükləri Azərbaycandan əldə edirəm. Gündəlik geyimlərimdə şux geyimlərə üstünlük vermirəm. Amma konsert geyimlərimdə yaşıl, zoğalı, göy, firuzəyi rənglərdən çox istifadə edirəm. - Bəs bahalı daş-qaşlardan istifadə edirsiniz? - Onları ala və istifadə edə bilmirəm. Bilirsiniz, büdcəm ancaq gündəlik lazım olan, daha vacib şeylərə çatır. Bahalı daş-qaşları, bəzək əşyalarını hansısa bir dolabda saxlamaq istəməzdim. Buna israf kimi baxıram. Həm də dinimizdə belə şərtlər var ki, evdə saxlanılan qızılın hansısa bir hissəsinin məbləği evdən çıxmalıdır. Bu, eyni zamanda gümüş üçün də keçərlidir. Bu baxımdan mən bu məsuliyyətdən çox qorxuram, çəkinirəm deyə mənim belə əşyalarım demək olar ki, yoxdur və qızıldan istifadə etmirəm. - Gəlinliyiniz də hicab formasında idi? - Mən evləndikdən 4 il sonra hicaba keçmişəm. Hətta o zaman övladlarım da dünyaya gəlmişdi. Bu üzdən mən adi gəlinlik geyinmişəm. - Övladlarınızdan söz düşmüşkən, üçəm uşaqlarınız dünyaya gəlmişdi. Onları böyüdüb boya başa-çatdırmağın öhdəsindən necə gəldiniz? - Hər bir ana bilir ki, adi bir uşağı da saxlamaq nə qədər çətindir. Amma bu çətinliyin içində mənə kömək edən insanlar oldu. Ən əsası Allahın mənə rəhmi gəldi. Sonra valideynlərim mənə həm maddi, həm mənəvi kömək etdi. Çünki üç uşağın bir arada olması əziyyətin 3-4 dəfə artıq olması deməkdir. Bu da insanın daşıya bilməyəcəyi bir yükdür, həm fiziki, həm mənəvi, həm maddi baxımdan. Ona görə kömək nəticəsində bu işin öhdəsindən gəldik. İndi çox şükür ki, həmin uşaqlar mənə kömək edirlər. - Əvvəlcədən bilirdiniz yəqin, övladlarınız üçəm olacaq... - Bəli, bilirdim. Sanki bunu gözləyirəmmiş kimi oldu. Mən hər zaman ürəyimdə dua edəndə əkiz uşaq istəyirdim. Əkizlərə çox əlçatmaz, xoşbəxtlik rəmzi kimi baxırdım. Buna görə çox maraqlı idi mənə. Ola bilməzdi ki, mən əkizlərin yanından reaksiyasız keçəm. Hardasa əkiz görəndə həmişə çevrilirdim arxalarınca, uzun müddət baxırdım. Ürəyimdə dua edəndə Allahdan əkiz uşaqlar istəyirdim. Elə oldu ki, Allah mənə iki yox, üç övlad birdən verdi. Əvvəldən də bir Fatimə qızım var idi. Sanki mən gözlədiyim bir xəbər kimi qarşıladım və çox sevindim. İkisi qızdır, biri oğlan. - Oxşayırlar bir-birlərinə? - Xeyr, qətiyyən oxşamırlar. Nə xasiyyətcə, nə rəngcə, nə forma baxımından. Tamamilə fərqlidirlər. - Evdə uşaqlara yeməkləri özünüz bişirirsiniz? - Çalışıram özüm bişirim. Çünki ananın bişirdiyi yeməkdə məhəbbət, enerji daha çox olur. Onu başqa heç kim əvəz edə bilməz. Amma çəkilişlərə, məşqlərə gedirəmsə, məcburən yeməyi kiməsə tapşırıram. Amma evdə olduğum müddətdə yeməyi özüm hazırlayıram. Yəni bacardığım qədər nəzarətimi əskik etmirəm. - Bəs ən gözəl hazırladığınız yemək hansıdır? - Ümumiyyətlə, bizim yeməklərimiz vaxt aparan yeməklərdir. O qədər naz-nazı, saatlarla diqqət istəyir ki. Məsələn, qonaq gəlirsə, xüsusilə diqqət edirəm, ya plovuna, ya qarasına, dolmasına, dovğasına. Amma evdə özümüz olanda çalışıram tez hazır olan və sağlam qidalara daha çox üstünlük verəm. Tərəvəzlərdən daha çox istifadə edirəm. Qarabaşaq, bulqur, düyü kimi dənli bitkilərin xörəklərini hazırlayıram. Həm tez bişir, həm də daha sağlıqlıdır. - Son zamanlar hər kəs diyetoloqla məsləhətləşmədən bir şey yemir, pəhriz saxlayır... - Yox, bizim evdə elə şey yoxdur. Çünki biz böyük bir ailə sayılırıq. Elə bir qazan bişirəndə hərəyə bir az düşür. O da olur bizim diyetamız (gülür). Çalışıram doğru qidalanaq. Həm də yemək artıq qalanda, onu səhəri gün yeməyi sevmirəm. Çünki artıq zərərli sayılır. Ən yaxşısı odur ki, yeyə biləcəyin qədər bişirəsən ki, artıq qalmasın. Bu zaman həm malımızı israf etmirik, həm də canımıza zərər vermirik. - Bəs idmana necə, zaman ayırırsınız? - Hərdən ancaq öz evimdə. Amma bir neçə il əvvəl yoqa ilə məşğul olurdum. O isə çox zamanımı alırdı, haradasa 2 saat, 2 saat yarım məşğul olmalı idin. Ona görə müəyyən qədər evdə çalışıram. Nəfəs idmanlarım var, press edirəm. Çalışıram ki, özümü formada saxlayım. - Yadımdadır, bir gəlin köçdüyünüz zaman ata-ananıza yazdığınız məktubdan söz açmışnız. Həmin məktubu yazma istəyi nədən doğmuşdu? - Bilirsiniz, mən atama həm ata kimi, həm də bir dost kimi bağlıyam. Bu dostluq hissi onunla bir səhnəni paylaşmağımızda, olduğumuz səfərlərdə bizə çox kömək olub. O baxımdan atamdan ayrılmaq mənə çox çətin görünürdü. Çətin bir vəziyyətdə idim. Həm öz şəxsi ailəmi qururdum, həm də doğma ailəmdən ayrılırdım. Bu, məndə haradasa qorxuya səbəb olmuşdu. O üzdən ağlıma gəldi ki, ana-atama bir məktub yazım. İnanırsız, indi yadımda deyil, həmin məktubda nə yazmışdım. Amma hisslər yadımdadır ki, məndə qorxu var idi. Elə bilirdim ata-anamı heç vaxt görməyəcəm. Onlar məni axtarmayacaq, yaxud mən onları tapa bilməyəcəm. Yəni içimdə bir fobiya var idi. Mən onlara öz hisslərimi və sevgimi bildirmək üçün o məktubu qələmə almışdım və anamın çantasına qoymuşdum. Məni yola salandan sonra evə gəlib görüblər ki, Fərqanə ora məktub qoyub. Məktubu açıblar və bütün ailə başlayıb ağlamağa. Anam oxumaq istəyib, elə bir-iki sətirdən sonra başlayıb ağlamağa. Verib başqasına ki, bəlkə o oxuya bilə. Belə-belə məktub dövr edib və heç kim axıra qədər məktubu oxuyub bitirə bilməyib. Heç kəs göz yaşlarını saxlaya bilməyib. Çünki məni ailədə, qohum-əqrəbada çox seviblər. Mən onlar üçün əziz bir insan olmuşam. Buna görə də məni yola salmaq onlar üçün elə hiss idi ki, sanki mən ər evinə yox, gor evinə gedirəm. Hətta həmin gecə atam evə gəlməyib ki, mənim qızım gedib, mən o evə girə bilmərəm. Kəndə gedib öz ata-anasıgildə qalmışdı. O zaman elə bil işığın içində bir qaranlıq vardı. Həm övladım ailə qurub bir sevinc, həm də bizdən gedir deyə bir hüzün olmuşdu onlarda. - Alim Qasımov adı ilə Fərqanə Qasımova adı həmişə qoşa çəkilir. Məşhur şəxsin adı altında olmaq və orada öz şəxsi xüsusiyyətini büruzə vermək çox çətin olur. Siz necə, bu baxımdan hansısa çətinlik çəkirsinizmi? - Bəli, Alim Qasımovun qızı olmaq o deməkdir ki, sən hər zaman məsuliyyətli olmalısan. Hər zaman düşünməlisən ki, adın bu adın altındadır. Bəzən mənə sual verirlər ki, bu ad sizə mane olurmu? Amma mən düşünürəm ki, bunlar hamısı şükür olunası bir haldır. Nə yaxşı ki, mən Alim müəllimin qızıyam, o, mənim atamdır. Nə yaxşı ki, mən onun musiqisi ilə böyümüşəm. Nə yaxşı ki, bu cür gözəl insan mənim həyatımda var. Alim Qasımov Azərbaycanın elə bir nöqtəsidir ki, o olmasa çox şey itəcək, mən bilirəm. O, Azərbaycan üçün böyük bir işıqdır. Mən də onunla bir bahəmlik təşkil edirəm. Axı Azərbaycanda başqa bu cür bahəmlik yoxdur, ata və qızı bir yerdə ümumi bir ahəng içində çıxış etsin. Bizim sənətimizə dövlətimiz də çox önəm verir. Mən əməkdar artistəm, prezident təqaüdçüsüyəm və daha yüksək adlar da gözləyirəm. Bütün bunları ona görə deyirəm ki, Alim müəllimin övladı olmaq elə-belə şey deyil. Bunu doğrultmaq, bu cür sənətkar adının altında parıldamaq özü çox çətin bir işdir. - Övladlarınızın arasında sənətinizi davam etdirən varmı? - Var. Oxuyurlar, zümzümə edirlər. Oğlum tara gedir, içi enerji dolu bir uşaqdır. Amma onun hansı yola getməyi hələ də qaranlıqdır. Ya elm arxasınca gedəcək, ya da musiqi. - Bir müddət əvvəl haqqınızda bəzi məlumatlar yayıldı ki, ailənizdən ayrılmısınız. Bu nə dərəcədə həqiqətə uyğundur? - Bir müddət əvvəl ailəmdə müəyyən problemlər oldu. Bu cür problemlər hər kəsin ailəsində olur və ola bilər. Deyim ki, ailə problemi sənətlə bağlı bir şey deyil. Tam ailənin içi ilə bağlı bir məsələdir. Amma yayılan məlumatlar, hətta bu problemlər olmamışdan qabaq çıxmışdı. Çünki nədənsə bəzi adamlar olandan çox olmayan şeylərdən danışmağı daha çox sevirlər. Mən onda çox gənc idim, çünki gənc ailə qurmuşdum. Bu sözlər mənim qulağıma çatanda çox pis oldum ki, nəyə görə mənim haqqımda olmayan şeylər danışırlar? Sonradan ailəmdə müəyyən problemlər oldu. Yəni hər kəsin ailəsində olduğu qədər. Amma şükür Allaha ki, aşdıq o problemləri. Hazırda ailəmlə bir yerdəyəm. İndi özümə ailə xoşbəxtliyi və həyat yoldaşımla birgə uzun ömür arzu edirəm...BAKU.WS

Oxşar xəbərlər

Alim Qasımovdan şıdırğı rəqs (VİDEO)

Alim Qasımovdan şıdırğı rəqs (VİDEO)

Azərbaycan muğam xanəndisi, xalq artisti Alim Qasımovun maraqlı videosu yayılıb. BAKU.WS-in məlumatına görə, xalq artisti dostları ilə birlikdə rəqs edərək əylə...

3605 Şou-biznes 14:05 18 avqust 2017

Son xəbərlər