VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, yubiley tədbirində mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyəti iştirak ediblər.


Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq, kino işçilərini peşə bayramı münasibətilə təbrik edib. Nazir bildirib ki, ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar gün artıq 18 ildir qeyd olunur. Ə. Qarayev Azərbaycan kinosunun yaranma tarixindən və nailiyyətlərindən danışıb. Nazir əlavə edib ki, avqustun 1-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup kino xadimi fəxri ad və ordenlərlə təltif edilib.


Daha sonra bir sıra kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları və pul mükafatı verilib.


Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib. O, Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Xalq Artisti, professor Oqtay Mirqasımova “Milli kino mükafatı”nı təqdim edib.


Xalq artistləri Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədovalar və müğənni Azad Şabanovun ifasında Azərbaycan kinoları üçün yazılmış mahnılar səsləndirilib.

Tədbirin sonunda rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdirilib.

Hüseyn Məmmədsalahov
BAKU.WS