Yaxın Şərqdə Türkiyə-Azərbaycan müttəfiqliyi
Suriyada silahlı müxalifətin Bəşər Əsədi devirməsindən sonra baş verən geosiyasi proseslərin əhəmiyyəti və sürəti artıb. Regional və beynəlxalq dinamikanın Yaxın Şərqin nəbzi ilə tutuşdurulması fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, liderlərin Cənubi Qafqaz regionu ilə Yaxın Şərqi eyni portfel daxilində müzakirə etməsi iki ölkənin strateji müttəfiqliyindəki planların yeni mərhələyə keçidini nümayiş etdirir. Azərbaycan və Türkiyə prezidentlərinin müzakirələri bundan sonra baş verə biləcək hadisələrdə rəsmi Ankaranın böyük payının olacağı müstəvisində diqqətəlayiqdir. Proseslər həm də Suriyada əsas oyunçu hesab edilən Rusiya, İran və ABŞ-nin strateji maraqları prizmasına da baxmağı tələb edir.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Rusiya çətin durumda
Rusiya Əsədi hakimiyyətdə saxlamağa maraqlı olmadığını göstərməklə əsas strateji prioritetinin Ukraynaya yönəldiyini sübut etmiş oldu. Amma Kremlin Əsədin devrilməsi ilə Yaxın Şərqdəki güc proyeksiyası yelləndi. Əsas diqqətlər indi Rusiyanın Aralıq dənizindəki əhəmiyyətli strateji sərmayəsinin mümkün fəlakətli itki ilə üzləşə biləcəyi ssenarilərinə yönəlir.
Çünki Rusiya dənizdə və quruda hərbi bazalarını itirsə, onun Afrikadakı manevr qabiliyyətləri də ziyan görəcək. Bu, Moskvanın bütün dünyada strateji təsirlərini azalda bilər. Bununla belə, Əsədin devrilməsi hələ Rusiya üçün tam itki deyil.
Kreml üçün ehtiyat qızıl açar da var. Çünki Əsəd rejiminin süqutu hakimiyyətin birbaşa qərbyönümlü rejimlə əvəzlənməsinə səbəb olmayacaq. Suriyada qalib gələnlər arasında hakimiyyət mübarizəsi başlayarsa, bu, Moskvaya ABŞ, Türkiyə və İsraillə sövdələşmə imkanı verə bilər.
İran-İsrail konteksti
Əsədin sonu İran və onun "müqavimət oxu"na ciddi zərbədir. Çünki İran Suriyanı Livan "Hizbullah"ına silah ötürülməsində kritik qovşaq və əməliyyat bazası kimi istifadə edirdi. İndiki vəziyyət isə İsrailin İrana qarşı əməliyyatlarında və strateji planlarında dönüş nöqtəsidir və Tehranın proksi qüvvələrdən istifadə etmək qabiliyyətini sarsıdır. Ümumilikdə Tehran regional təhlükəsizlik strategiyasına yenidən baxmağa məcburdur. İranın Yaxın Şərqdəki təsir dairəsini genişlətmək cəhdlərinin daha bir uğursuz nümunəsinin Suriyada təkrarlanmasından sonra Tehranın diplomatik, siyasi və hərbi ritorikasını mötədil bir dilə çevirəcəyi qaçılmazdır.
ABŞ tərəddüddə
ABŞ Əsədin süqutu fonunda terrorizmlə mübarizə, İranın təsirini cilovlamaq və Yaxın Şərqdə sabitliyi təşviq etməyə kömək edən tərəf kimi görünə bilərdi. Ancaq ABŞ Suriyanın şimal-şərq hissələrindəki nəzarət zonasını PKK-nın Suriya qanadı vasitəsilə qorumağa mükəlləf olduğundan sülhə dair nəticələri digər oyunçularla formalaşdırmaqda çox da həvəsli deyil. Üstəlik, ABŞ "Həyat Təhrir əş-Şam"ın, Suriya Milli Ordusunun əslində Türkiyə çərçivələrindən çıxması üçün çağırışlarını da artırır. Bunun səbəbi ABŞ-nin Suriya gündəliyində dominant oyunçu statusu əldə etmək istəyidir ki, bu da onu Türkiyə ilə üz-üzə qoya bilər.
Türkiyə yaxşı vəziyyətdə
Prosesdən ən çox qazanclı çıxan tərəfin Türkiyə olduğu aydınlaşır. Türkiyə Suriyada əsas təsirli tərəf olmaq imtiyazını əldə etdi. Türkiyənin Suriyanın şimalında öz təhlükəsizliyi xeyrinə formalaşdırmaq üçün qazandığı fürsətlər onun hədəflərini daha geniş regional çərçivələrə kökləyir. Türkiyə əksəriyyəti kürd olan milyonlarla suriyalı qaçqını yenidən Suriyaya yerləşdirmək imkanı da əldə etdi. Bunlar Ankaranın ardıcıl olaraq Yaxın Şərqdə mövqelərini böyütməsi və Cənubi Qafqazdakı əməliyyat modelini genişləndirməsinə böyük bir yol açır. Bu, Türkiyənin Cənubi Qafqazdakı mümkün geosiyasi risklərlə əlaqədar tərəddüdlərinə də son qoyacaq. Deməli, Əliyevlə Ərdoğanın telefon müzakirələri dar regional məsələləri deyil, genişlənmiş strateji maraqların müştərək ifadəsini təmsil edirdi.
Suriyada Türkiyə və İsraildən başqa, digər oyunçuların üzləşdiyi problemlər onların Cənubi Qafqazdakı maraqları ilə mütənasiblik təşkil etdiyindən prosesə Ermənistan kadrları ilə də baxmaq lazımdır.
İrəvan üçün şok
Ermənistan Bəşər Əsədin müdafiəçisi idi. İrəvan Əsəd rejiminin yardımı ilə İrandan Livana silah daşınmasında coğrafi lövbər rolunu oynayırdı. İran dəhlizinin Suriya və Livana gedən marşrutları haqqında kəşfiyyat məlumatlarına əsaslanan araşdırmalar diqqəti Ermənistana da cəmləşdirirdi.
İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi həm də onun Cənubi Qafqaz və Yaxın Şərqdə asimmetrik ambisiyalarından irəli gəlirdi. Ermənistan üzərindən İranın mülki təyyarələrlə Suriyaya və Livana silah daşıdığı haqqında məlumatlar bu fikri təsdiqləyir.
İndi Əsədin süqutu ilə Ermənistanın da gizli marşrutlar üzrə mövqeləri sıradan çıxmış oldu. Qısası, Əsədin devrilməsi İranın Ermənistan üzərində olan-qalan varlığını da darlaşdırır. Yəni, Əsədin devrilməsi Ermənistan üçün də əlavə mürəkkəbliklər gətirir və İrəvanın ekzistensial olaraq sağ qalması çətinləşir. Çünki Ermənistan Əsədi mühafizə edəcək silahlı dəstələri sülhməramlı adı altında Suriyaya yerləşdirmişdi və bu, onu sövdələşmə elementinə çevirirdi. İndi isə İrəvanın bu kartı da əldən çıxır. Mümkündür ki, Əliyevlə Ərdoğan nəhəng regional müstəvilərin Ermənistana da təsirlərini müzakirə ediblər.
Beləliklə, Bakı və Ankara üçün Əsədin devrilməsi Cənubi Qafqazda Ermənistan üçün təhlükəsizlik zəmanətləri axtaran qüvvələrin, o cümlədən İranın qəfil səhnədən çıxması perspektivinə baxışı da əks etdirir.
Oxşar xəbərlər
Tbilisidə yenidən mitinq keçirilir
Bir neçə yüz nəfər yenidən Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq təşkil edib. BAKU.WS tass-a istinadən xəbər verir ki, etirazçılar Ru...