Xronika: "Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi"

Xronika: Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi
Video
Siyasət 148

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq millət vəkili, siyasətçi Etibar Məmmədov olub.

O, tələbəlik illərindən siyasi proseslərə qoşulmasından, 1988-ci ildə başlanmış xalq hərəkatının tanınmış simalarından biri olaraq Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına, Ermənistanın etnik təmizləmə siyasətinə qarşı çıxmasından, ümumən vətənpərvər ziyalıların bu ümummilli məsələdə həmrəyliyindən söhbət açıb. Bildirib ki, 1948-1953-cü illərin deportasiyasından sonra Ermənistan siyasi rəhbərliyi Qərbi Azərbaycandakı tarixi yaşayış məntəqələrimizə Suriya, Livan və sair xarici ölkələrdə yaşayan erməniləri köçürüb. Müxtəlif sahələrdə çalışan azərbaycanlıların sıxışdırılması məqsədli şəkildə həyata keçirilib. Bütün bu proseslər 1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımızın tamamilə qovulması ilə nəticələnib.

E.Məmmədovun sözlərinə görə, həmin dövrdə Azərbaycanın vəzifəli şəxsləri Ermənistan dövlətinin bu planlarının qarşısını almaq üçün hər hansı tədbir görməyib, SSRİ rəhbərliyinin acığına gələr deyə, proseslərə biganə yanaşıb, azərbaycanlıların probleminə diqqət yetirməyiblər. Hətta ermənilərin azərbaycanlılara təzyiqindən, fiziki-mənəvi zorakılıqlarından danışmaq qadağan edilib. Zorla öz ata-baba yurdundan deportasiya olunan azərbaycanlıların Qarabağ bölgəsində məskunlaşdırılmasının qarşısı da alınıb. Belə bir çətin dövrdə bəzi vətənpərvər Azərbaycan ziyalıları, eyni zamanda, fədakar gənclər soydaşlarımızın Qərbi Azərbaycandan və Qarabağdan qovulmasını həm SSRİ, həm də dünya miqyasında ictimailəşdirməyə çalışıblar. Lakin sonradan həmin şəxslər çoxsaylı təqib və təhdidlərlə, həyati təhlükələrlə üzləşiblər.

Müsahib ata-baba yurdu Toxluca kəndindən, tarixi torpaqlarımız uğrunda mübarizədə soydaşlarımızın üzərinə düşən məsuliyyətdən, onların qayıdış hüququnun Ermənistan dövləti tərəfindən təmin olunmasının zəruriliyindən də geniş bəhs edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər