Vaşinqton zirvəsindən sonra Azərbaycan-Ermənistan sülh prosesində nələr baş verdi? - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi tarixi səfər, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının mühüm yekunlarının rəsmiləşdirilməsi və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan razılaşmalar bölgədəki uzunmüddətli münaqişənin həllində əsaslı dönüş nöqtəsi oldu.
Ağ Evdə baş tutan görüşdə tarixi sənədlər imzalandı. Həmin gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin yekdil mətnini parafladılar. Bunun ardınca üç ölkə liderinin iştirakı ilə görüşün nəticələrinə dair Birgə Bəyannamə qəbul edildi.
Vaşinqtonda əldə olunan bu razılaşmalar onilliklər boyu sürən münaqişənin ardınca tərəflər arasında yeni əlaqələr modelinin əsas cizgilərini müəyyən etdi. Birgə Bəyannamədə Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasının əhəmiyyəti təsdiq olundu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz tranzit əlaqəsinin yaradılmasına razılıq ifadə edildi.
BAKU.WS xəbər verir ki, "Report" Vaşiqnton görüşündən ötən bir il ərzində Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində atılan addımların icmalını təqdim edir:
Bir ildə praktik olaraq nələr baş verdi?
- 1 sentyabr 2025-də ATƏT Nazirlər Şurası Minsk prosesi və əlaqəli strukturların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etdi. Bununla 1990-cı illərdən mövcud olan və faktiki olaraq münaqişənin həllinə deyil, uzanmasına səbəb olan əsas beynəlxalq vasitəçilik mexanizmi rəsmən tarixə çevrildi.
- 1 sentyabr 2025-ci ildə Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan qısa görüş keçirildi. Sülh gündəliyi, qarşılıqlı etimad və regional sabitlik müzakirə edildi. Tərəflər birbaşa təmasları davam etdirmək barədə razılaşdılar.
- 2 oktyabr 2025-ci ildə İlham Əliyev və Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşdülər. Əsas müzakirə mövzuları Vaşinqton razılaşmalarının icrası, nəqliyyat kommunikasiyaları, TRIPP layihəsi və etimad tədbirləri oldu. Tərəflər həmçinin ATƏT-in Minsk prosesinin və əlaqəli strukturlarının bağlanmasını alqışladılar.
- İki ölkə liderinin 4 fevral 2026 cı il tarixdə Abu-Dabidəki (BƏƏ) görüşü də Vaşinqton razılaşmasından sonra mühüm görüşlərdən biri oldu. Əliyev və Paşinyan sülh razılaşmalarının icrasındakı irəliləyişi müzakirə etdilər. Artıq söhbət yalnız siyasi bəyanatlardan deyil, praktik iqtisadi əlaqələrdən gedirdi: Azərbaycan neft məhsullarının Ermənistana ixracına başlamış, üçüncü ölkələrdən Ermənistana taxıl və digər yüklərin Azərbaycan ərazisindən tranziti həyata keçirilmişdi. Görüşdə TRIPP və digər bağlantı layihələri də müzakirə edildi.
- Ötən bir il ərzində sülhün ilk real iqtisadi nəticəsi olaraq Azərbaycan Ermənistana neft məhsulları ixrac etməyə, həmçinin üçüncü ölkələrdən Ermənistana gedən taxıl və digər yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verdi.
- Sərhəd delimitasiyası davam etdi. 2026-cı ilin aprelində Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının 13-cü iclası keçirildi. Deməli, siyasi razılaşma sərhədin faktiki müəyyənləşdirilməsi prosesinə də keçib.
- TRIPP artıq sadəcə siyasi ideya olaraq qalmadı. Azərbaycan–Naxçıvan bağlantısını Ermənistan ərazisindən təmin edəcək marşrut üzrə ABŞ-nin iştirakı ilə praktiki çərçivənin hazırlanması prosesi davam etdi. 2026-cı ilin fevralında imzalanmış Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında TRIPP ayrıca regional bağlantı layihəsi kimi təsbit edildi.
- Humanitar istiqamətdə də addımlar atıldı. 2026-cı ilin yanvarında Azərbaycan tərəfindən dörd erməni məhbusun azad edilməsi ABŞ tərəfindən Vaşinqton razılaşmasının icrası çərçivəsində atılmış müsbət addım kimi qeyd edildi.
- İki ölkənin vətəndaş cəmiyyətləri arasında təmaslar və "Sülh körpüsü" (Peace Bridge) kimi etimad quruculuğu təşəbbüsləri başladı.
Beləliklə, ötən ilin yekun mənzərəsinə əsasən, Azərbaycanla Ermənistan arasında proses "sülh danışıqları" mərhələsindən "sülhün praktiki təmin olunması" mərhələsinə keçib. Bir il ərzində atəşkəsin qorunması, birbaşa siyasi təmaslar, Minsk mexanizminin ləğvi, sərhədlərin delimitasiyası istiqamətində addımlar, ilk ticarət və tranzit əlaqələri və TRIPP layihəsinin hazırlanması kimi konkret nəticələr ortaya çıxıb.
Oxşar xəbərlər
Donald Trampın iştirakı ilə keçirilən görüşdən bir il ötür: Səfirlikdən açıqlama
"Bu gün, düz bir il əvvəl, Donald Tramp Prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı Ağ Evdə keçirilən sammitdə qəbul etdi. Sammit onilliklər boyu davam...