Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər"

Səyyad Aran danışmaqxana məsələsi barədə: Sədrdir, irad da bildirər, replika da edər
Siyasət 11

Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova ilə deputat Səyyad Aran arasında maraqlı dialoq yaşanıb. Belə ki, Səyyad Aran çıxışlar üçün ayrılan vaxt limitinə etiraz edib və parlamenti "danışmaqxana" adlandırıb.

Spiker Sahibə Qafarova isə deputata irad tutub: "Səyyad müəllim, birincisi, "danışmaqxana" yox, parlament. Xahiş edirəm, parlament etikasına və leksikasına uyğun ifadələrdən istifadə edin. İkincisi isə təklif olundu ki, reqlamenti beş dəqiqə artıraq və bu, səs çoxluğu ilə qəbul edildi".

BAKU.WS xəbər verir ki, sözügedən məsələ ilə bağlı Oxu.Az-a danışan deputat Səyyad Aran sədrin ona irad tutmasını normal qarşıladığını bildirib.

O qeyd edib ki, bu, Sahibə Qafarovanın sədr kimi səlahiyyətlərindən irəli gəlir:

"Sədrdir, münasibət bildirə bilər. Yaxşı elədi. Sədr irad da, münasibət də bildirə bilər, replikasını da. Bu, onun sədrliyindən irəli gələn məsələdir. Təbii qəbul olunmalıdır. Təbii ki, Sahibə xanımın fikirləri normaldır. Münasibət bildirməlidir".

Deputat parlamentdə çıxışlar üçün müəyyənləşdirilən vaxt limitinə də münasibət bildirib:

"Sözügedən məsələ ilə bağlı digər deputatların da fikirlərini soruşmaq lazımdır. Onlar desinlər ki, beş dəqiqə çoxdur, yoxsa az. Mənim bu məsələ ilə bağlı mövqeyim aydındır. Sözümü parlamentdə dedim. O birilər cavab versin. Səyyad Aran mövqeyini ortaya qoydu".

Son xəbərlər