Şor Əli - Göyçə mahalının unudulmayan Azərbaycan kəndi

Şor Əli - Göyçə mahalının unudulmayan Azərbaycan kəndi
Foto Video
Siyasət 9

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Şor Əli (Şoğakat) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

BAKU.WS xəbər verir ki, Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları kənd çarizm dövrünün mənbələrində Şor Əli, sonra isə Nadejdino adlandırılıb.

Sovet dövründə kənd Şorja adlanıb. 2017-ci ildə Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Şoğakat qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Şor Əli kəndində hamısı azərbaycanlılar olmaqla 140 nəfər yaşayıb. XIX əsrin ortalarında yerli türk əhali çar hakimiyyəti tərəfindən kənddən çıxarılıb. Bu yerdə Nadejdino kəndi yaradılıb və orada Rusiya imperiyasının daxili quberniyalarından olan malakanlar yerləşiblər.

1873-cü ildə kənddə hamısı rus olmaqla 311 nəfər yaşayıb. 1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlılar tədricən kəndə qayıtmağa başlayıblar. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar. 1922-ci ildə kənddə 500 nəfər yaşayıb, onlardan 6 nəfəri azərbaycanlı olub. 1926-cı ildə kənddə 469 nəfər yaşayıb, onlardan 31 nəfəri azərbaycanlı olub. 1970-ci ildə kənddə 894, 1979-cu ildə 956, 1989-cu ildə 410 nəfər yaşayıb. 1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kəndin ərazisində bir hissəsinin salamat qaldığı onlarla məzar daşları olan azərbaycanlı qəbiristanlığı aşkar edilib. Bəzi məzar daşları 1980-ci illərin ikinci yarısına aiddir.

Son xəbərlər