Səfir: "İran birinci humanitar yardımı Azərbaycandan alıb"

Səfir: İran birinci humanitar yardımı Azərbaycandan alıb
Siyasət 56

"Bu, Azərbaycanın İrana göndərdiyi ikinci humanitar yardımdır və mən buna görə Azərbaycan hökumətinə və xalqına öz minnətdarlığımı bildirirəm".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakıdan Tehrana göndərilən humanitar yardımla bağlı danışarkən deyib.

O bildirib ki, bu, bizim müştərək mədəniyyətimizdən irəli gəlir ki, çətin günlərimizdə bir-birimizə kömək göstəririk:

"Novruz və Ramazan bayramları ərəfəsindəyik. Belə bir gündə bu xoş niyyət İran tərəfindən yüksək qiymətləndirilir".

Səfir qeyd edib ki, bəzi ölkələrin İrana göndərdiyi humanitar yardım artıq çatıb:

"Bəzi ölkələr də müraciət edib ki, Azərbaycan ərazisindən istifadə edib İrana humanitar yardım göndərsinlər".

M.Dəmirçilu vurğulayıb ki, İran birinci humanitar yardımı Azərbaycandan alıb:

"Bu da bizim üçün çox dəyərlidir".

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Son xəbərlər