Azərbaycanda Dünya Çempionatı keçirilir - 900-dən çox idmançı mübarizə aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmiz mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, paytaxtda 23-29 noyabr tarixlərində qrepplinq, pankration və həvəskar MMA üzrə iki dünya çempionatı keçiriləcək.
BAKU.WS xəbər verir ki, ötən gün bu məqsədlə "Wyndham Hotels"də mətbuat konfransı keçirilib.
Konfransda media nümayəndələri ilə yanaşı, UWW-nin texniki nümayəndəsi, Büro üzvü və Avropa Şurasının prezidenti Karl-Martin Dittmann, UWW nümayəndəsi Michal Buchel, Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov, Azərbaycan MMA Pankration və Qrepplinq Federasiyasının vitse-prezidenti Çingiz Kişiyev, Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının Qrepplinq idman növü üzrə vitse-prezidenti Abbaslı Hüseynəli və Azərbaycan milli komandasının idmançıları iştirak ediblər.
Mətbuat konfransı Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərovun çıxışı ilə başlayıb.
O bildirib ki, Azərbaycanı və Birləşmiş Dünya Güləşinin (United World Wrestling) dünya çempionatını salamlamaqdan böyük şərəf duyur.
"Ümid edirəm ki, dünya çempionatımız yüksək səviyyədə təşkil olunacaq və uğurla başa çatacaq. İllər keçdikcə bu idman növü inkişaf edir və daha da genişlənir. Sizin kimi ölkələrin yarışda iştirakı bizim üçün çox sevindiricidir. Bəzi ölkələr Azərbaycanı məhz bu yarışlar vasitəsilə tanıyır. İnanıram ki, ildən-ilə yarışlarımız daha yüksək səviyyədə keçiriləcək, idman növümüz daha da güclənəcək".
Çempionatın əsas özəlliyi üç fərqli döyüş idman növünün eyni idman məkanında birləşdirilməsidir.
Yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən gələn idmançılar dünya çempionu adı uğrunda mübarizə apararaq ustalıqlarını, texniki hazırlıqlarını, güclərini və dözümlülüklərini nümayiş etdirəcəklər.
23-25 noyabr tarixlərində qrepplinq üzrə U15, U17, U20 yaş kateqoriyalarında və böyüklər arasında yarışlar keçiriləcək. 26-29 noyabr tarixlərində isə pankration üzrə U15 və U17, həvəskar MMA üzrə U20 və böyüklər arasında dünya çempionatları baş tutacaq. Medallar və çempionluq kəmərləri uğrunda 900-dən çox idmançı mübarizə aparacaq.
Konfrans zamanı UWW-nin texniki nümayəndəsi, Büro üzvü və Avropa Şurasının prezidenti Karl-Martin Dittmann isə qeyd edib ki, yarışda iştirake dəcək bütün idmançılar üçün lazımi şərait yaradılıb:
"İndiyədək bir neçə dəfə Bakıda olmuşam. Lakin əvvəlki səfərlərim həmişə güləş yarışları ilə bağlı olub. Bu, ilk dəfədir ki, burada grapplinq, pankration və həvəskar MMA üzrə yarış keçirilir. İnanıram ki, Azərbaycan Güləş Federasiyası əvvəlki yarışlarda olduğu kimi, bu tədbirin də yüksək səviyyədə təşkil olunmasını təmin edəcək. Əminəm ki, bütün idmançılar üçün lazımi şərait yaradılıb və qarşıdakı günlərdə burada maraqlı, gərgin və yaddaqalan mübarizənin şahidi olacağıq. Hazırda bunu qiymətləndirmək kifayət qədər çətindir. Çünki Beynəlxalq Olimpiya Komitəsi "Fit for Future" adlı yeni proqram hazırlayıb və bütün idman növlərindən müəyyən nəticələr gözləyir. Qarşıdakı illərdə, xüsusilə Los-Anceles Olimpiadasına qədər bu istiqamətdəki inkişafı görəcəyik".
Dünya çempionatında dünyanın 35 ölkəsindən qrapplinq üzrə təxminən 600, həvəskar MMA üzrə isə 500 idmançının iştirakı gözlənilir.
Bunlar Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Braziliya, Əlcəzair, Estoniya, Filippin, Fransa, Gürcüstan, Hindistan, Niderland, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Litva, Macarıstan, Mərakeş, Moldova, Özbəkistan, Polşa, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya, Tunis, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya və Yunanıstan kimi ölkələrdən olan iştirakçılar.
Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının Qrepplinq idman növü üzrə vitse-prezidenti Abbaslı Hüseynəli MMA və Grappling Federasiyası olaraq Avropa və dünya çempionatlarının Azərbaycanda mütəmadi olaraq keçirilməsi istiqamətində işlər görüldüyünü qeyd edib:
"Təbii ki, bu cür yarışların Azərbaycanda təşkili ümumilikdə idmanın inkişafına böyük töhfə verir. Bizim üzərimizə düşən əsas vəzifə isə çempionatı yüksək səviyyədə təşkil etməkdir. Bu, həm idmançılar üçün böyük motivasiya yaradır, həm də idmanın inkişafına və Azərbaycanın beynəlxalq arenada daha geniş tanınmasına xidmət edir. MMA və Grappling Federasiyası olaraq ilk dəfə deyil ki, beynəlxalq yarışlara ev sahibliyi edirik. Artıq bir neçə dəfə Avropa və dünya çempionatları təşkil etmişik. Lakin hər dəfə üzərimizdə böyük məsuliyyət hiss edirik və çalışırıq ki, əvvəlki yarışlardan daha yaxşı nəticə əldə edək."
Belə yüksək səviyyəli yarışların keçirilməsi zəngin güləş ənənələrinə və döyüş idman növləri üzrə şanlı tarixə malik Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çempionat döyüş idman növlərinin populyarlaşmasına, gənclər arasında idmanın inkişafına və Bakının beynəlxalq idman mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək. Milli komandamız üçün isə bu yarış doğma azarkeşlərin dəstəyi ilə dünya arenasında öz bacarıqlarını nümayiş etdirmək üçün mühüm fürsətdir.
Məlumat üçün bildirək ki, çempionatın əsas tərəfdaşı KVAN Group şirkətidir. Beynəlxalq idman təşəbbüslərini dəstəkləyən şirkət idmanın inkişafına, gənc istedadların təşviqinə və cəmiyyətin gələcəyinə sərmayə qoyulmasına sadiqliyini bir daha nümayiş etdirir.
Qalereya
Oxşar xəbərlər
Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Abunəçilərinə sərfəli mobil xidmətlərlə yanaşı, dəyərli hədiyyələr qazandıran "Nar" yeni oyun platforması-Nar Oyun Mərkəzini istifadəyə verir. Platformada oyun...