Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi

Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi
Foto Video
Siyasət 14

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Alagöz Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.

BAKU.WS xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.

Qeyd olunub ki, çar dövründə kəndin adı "Alagez", "Alagəz", sovet dövründə isə "Ələyəz" kimi yazılıb. Kənd bir neçə əsr ərzində Alagöz adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Yeğegis qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Vayots Dzor vilayətinin tərkibindədir.

Kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir.

Mənbələrdə göstərilib ki, XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Naxçıvan xanlığının Dərələyəz mahalının tərkibində olub.

1827-ci ildə Rusiya Naxçıvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə həmin ərazilərin Rusiya imperiyasına birləşdirilməsini rəsmiləşdirib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil edilib.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri hazırlanıb. Sənədə salınmış məlumatlara əsasən, Alagözün əhalisi 98 nəfərdən ibarət olub: 32 nəfər yerli türk və İrandan köçürülmüş 66 erməni.

Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi

Qafqaz haqqında məlumat toplusunda qeyd olunub:

"1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 223 nəfər yaşayıb".

1918-ci ilin mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Alagöz sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu fakt əvvəlki illərə aid statistik məlumatların 1922-ci ildə Sovet Ermənistanında keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələri ilə müqayisəsi zamanı üzə çıxır. 1922-ci ildə kənddə 271 nəfər yaşayıb, onlardan 180 nəfəri azərbaycanlı olub.

Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi

Akopyan T.X., Məlik-Baxşyan St.T. və Barseqyan O.X.-in müəllifi olduqları "Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti"ndə kəndin əhalisi ilə bağlı aşağıdakı məlumatlar yer alıb:

"1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 262 nəfər yaşayıb".

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisində ermənilər yerləşdiriliblər.

Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi

Alagöz kəndinin ətrafında hələ sovet zamanında müsəlman din xadimi Əxi Təvəkküllə bağlı olan abidənin qalıqları tədqiq edilib. Ərazidə onun müxtəlif tədqiqatçıların XIV və ya XVI əsrlərə aid etdikləri məzar daşı qalıb. 2021-2024-cü illərdə aparılmış sahə işlərinin gedişində abidənin izləri aşkar edilməyib.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.

Son xəbərlər