Qərbi Azərbaycan Xronikası: Addəyişmə terroruna məruz qalan Bəykənd və Bəyrabad toponimləri

Qərbi Azərbaycan Xronikası: Addəyişmə terroruna məruz qalan Bəykənd və Bəyrabad toponimləri
Video
Siyasət 18

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənistan prezidentinin saxta Bəyrabad qərarı" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəykənd və Bəyrabad toponimi haqqında söz açılır. Bildirilir ki, türk-oğuz məkanlarına erməni köçünün başlaması, Azərbaycan ərazilərinə hayların süni şəkildə yerləşdirilməsi əsasən Türkmənçay müqaviləsindən sonra daha geniş vüsət alıb: "Məhz bunun nəticəsində yüzlərlə daşınmaz tarix, mədəniyyət, dini abidələr dağıdılıb, mənimsənilib və yadlaşdırılıb".

Bəykənd - Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonda kənd adıdır. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, 1969-cu ildə isə Anuşavan qoyulub.

Bəykənd - Pəmbək mahalının Hamamlı, sonralar Spitak adlandırılan rayonda kənd adıdır. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə Bəykənd kimi yazılsa da, XIX əsr rus və erməni mənbələrində Bekant formasında qeyd edilir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Medz Parni qoyulub.

Bəyrabad - Göyçə mahalının Çəmbərək, sonra Krasnoselo adlandırılan rayonda kənd adıdır. Ərazisi 1897-ci ilə kimi Gölkəndin tabeliyində olub. 1919-cu ildə azərbaycanlılar deportasiyaya məruz qalıblar. 1920-ci ildə sağ qalan kənd sakinləri doğma ocağlarına dönüblər. Nəhayət. 1988-ci ildə azərbaycanlılar yenidən tarixi-etnik torpaqlarından qovulublar. 1991-ci ildə adı dəyişdirilib Barenat qoyulub.

Sonda vurğulanır ki, 198 il öncə, 1828-ci il fevralın 10-da Rusiya İmperiyası və Qacar İranı arasında imzalanmış Türkmənçay müqaviləsi torpaqlarımızın bölünməsi ilə yanaşı, toponimlərimizin məhv edilməsi baxımından da unudulmur: "Təbii ki, adları hiyləgərliklə erməniləşdirilən Qərbi Azərbaycan ərazisi, qədim yurd yerlərimiz özünün köklü sakinləri olan azərbaycanlıların qayıdışını hər an səbirsizliklə gözləyir".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər