Azərbaycanda 100-dən çox məktəb bağlanacaq, şagirdlər distant təhsilə keçəcək - DETALLAR
Azərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq.
BAKU.WS-in məlumatına görə, bu çərçivədə ölkənin bir sıra məktəblərində distant tədris elementlərindən istifadə ediləcək.
Qeyd olunur ki, bu qərar həmin təhsil müəssisələrinin bağlanması anlamına gəlmir. Yeni mexanizmə əsasən, məktəblərdə müəllim çatışmazlığı olan fənlər distant formatda tədris ediləcək. Məsələn, əgər məktəbdə riyaziyyat müəllimi fəaliyyət göstərirsə, bu fənn ənənəvi qaydada sinif otağında keçiriləcək. Lakin biologiya, fizika, kimya və ya digər fənlər üzrə müəllim olmadıqda, dərslər mərkəzləşdirilmiş məktəblər üzərindən onlayn formatda təşkil olunacaq.
Bu məqsədlə müəyyən təhsil müəssisələri "mərkəz məktəb" statusu alacaq. Həmin məktəblərdə distant dərslərin keyfiyyətli təşkili üçün xüsusi texniki infrastruktur yaradılacaq, müasir avadanlıqla təchiz edilmiş otaqlar ayrılacaq və müəllimlər üçün ayrıca otaqlar fəaliyyət göstərəcək. Şagirdlər isə kompüter və digər zəruri texniki vasitələrlə təmin ediləcək.
Şagirdlər öz məktəblərini tərk etmədən, mərkəz məktəbdə keçirilən dərslərə distant şəkildə qoşularaq tədris prosesində iştirak edəcəklər. Bu modelin tətbiqi regionlarda müəllim çatışmazlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi məqsədi daşıyır.
Eyni zamanda, şagird sayı çox az olan və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi mümkün olmayan bəzi məktəblərin isə tamamilə fəaliyyətini dayandıracağı bildirilir. Həmin təhsil müəssisələrinin şagirdləri distant təhsil formatına keçiriləcək.
Məlumata görə, bu kateqoriyaya daxil olan məktəblərin sayı 100-dən artıqdır və proses birdəfəyə deyil, mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, bu yanaşma düzgün icra olunacağı təqdirdə həm müəllim resurslarından daha effektiv istifadə olunmasına, həm də ucqar ərazilərdə təhsilin əlçatanlığının qorunmasına imkan verəcək.
Oxşar xəbərlər
Bakıda sulu qar yağacaq - PROQNOZ
Yanvarın 14-də Bakıda sulu qar yağacaq, güclü külək əsəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Ab...