Prezidentdən dövlət qurumlarına SƏRT SÖZLƏR: "Bunun izahatı tələb olunmalıdır"
09
okt
2017
20:52
“Sənaye zonalarının yaradılması artıq reallaşır. Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır”.BAKU.WS xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. “İqtisadiyyat Nazirliyinə göstəriş verilib ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər - anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər - həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar. Bu zonaların çox böyük potensialı var. Çünki bizim, - mən bu barədə dəfələrlə demişəm, - bir neçə ənənəvi sənaye mərkəzimiz var - Bakı, Sumqayıt, Gəncə, indi Mingəçevir şəhərləri və digər bölgələr. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək”, - deyə o vurğulayıb.Dövlət başçısı onu da qeyd edib ki, ölkədə 38 aqroparkın yaradılması prosesi gedir: “Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”.Dövlət başçısı çıxışında kənd təsərrüfatı sahəsində görülən işlərdən də danışıb. O deyib ki. bu il kənd təsərrüfatı texnikasının alınması ilə bağlı rekord il olub. "Mənə müşavirədən əvvəl verilən məlumata görə, bu il artıq 8 min texnika gətirilib. Biz bu il 10 min texnika gətirməli idik. Yəqin ki, qalan texnika da ilin sonuna qədər gətiriləcək. Deməliyəm ki, mən indi bölgələrdə olarkən texnika ilə bağlı heç bir şikayət, yaxud da əlavə təklif yoxdur. Biz demək olar ki, bu məsələni də həll etmişik. Əlbəttə ki, bəzi kənd təsərrüfatı sahələrinin inkişafı üçün xüsusi texnikanın alınması davam etdirilməlidir və biz bunu edəcəyik. Amma prinsipcə hesab edirəm ki, biz bu problemi də köklü şəkildə həll etmişik”, - deyə o vurğulayıb.Prezident Strateji Yol Xəritələrinin icrası ilə bağlı monitorinqin nəticələrindən də söhbət açıb. "Monitorinqin nəticələri mənə məruzə edildi. Monitorinq göstərir ki, bəzi hallarda nəzərdə tutulan tədbirlərin icrası gecikir. Buna yol vermək olmaz. Bütün dövlət qurumları qarşısında vəzifə qoyulub. Hər bir dövlət qurumu bilir nə etməlidir. Ona görə, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faizdir, 70 faizdir, bəzi qurumlarda isə 10 faizdir, 15 faizdir. Bunun izahatı tələb olunmalıdır. Mən göstəriş verirəm ki, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratsınlar. Bütövlükdə Strateji Yol Xəritələrinin qəbulu və elan edilməsi çox ciddi islahatdır - 164 prioritet və 683 tədbir nəzərdə tutulub. Onların hamısı 2020-ci ilə qədər öz həllini tapmalıdır. Ona görə, bu məsələ ilə bağlı monitorinqin nəticələri təhlil olunmalı və burada qüsurlara yol verən qurumlar tezliklə düzəlişlər etməlidirlər. Mənə mütəmadi olaraq məlumat veriləcək. Yubanma aradan qaldırılmalıdır. Aidiyyəti dövlət qurumları nəticə çıxarsınlar”, - deyə o vurğulayıb.BAKU.WS
Oxşar xəbərlər
Hacıqabulda Sənaye Məhəlləsi yaradılacaq
Azərbaycan prezidenti İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Hacıqabul Sənaye Məhəlləs...